Brassörün bəyanatı doğru üzgün deyil

“Ukraynada yalnız Krım ilhaq olunub. Azərbaycanın isə 20 faiz ərazisi işğaldadır”



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brassör Bakıda keçirdiyi mətbuat konfransında Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"AŞ PA-nın Ukrayna böhranı ilə bağlı Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi haqqında qərarı Ermənistana qarşı niyə qəbul edilmir” sualına cavab verən A.Brassör qeyd edib ki, Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir. Çünki rəsmi Moskva Krımı Rusiyaya birləşdirib və bu, beynəlxalq hüququn pozulması ilə baş verib”. Bundan başqa o bildirib ki, Krımın birləşdirilməsindən sonra AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum etsə də, bu ölkənin mandatına xitam verilməyib: "Biz müzakirələrin davam etdirilməsi imkanını saxladıq. Ruslar olmadan həll yollarını tapa bilmərik”. Əksər yerli siyasilər isə iddia edirlər ki, AŞ PA sədrinin bu iki işğal faktoruna fərqli rakursdan yanaşması ədalətsizlikdir. Çünki Krımın ilhaqı beynəlxalq hüququn pozulması kimi dəyərləndirilirsə, Dağlıq Qarabağın işğalına görə də rəsmi İrəvan dünya ictimaiyyətinə beynəlxalq hüquq normalarına əməl etməyən təcavüzkar ölkə kimi təqdim olunmalıdır. Amma A.Brassörün bəyanatında erməni işğalının ört-basdır olunması aydınca müşahidə olunur. Bu da ölkəmizin maraqlarına uyğun deyil.

AŞ PA sədrinin bəyanatını şərh edən keçmiş dövlət müşaviri, "Xəzər” Araşdırmalar Fondunun rəhbəri Vəfa Quluzadə "Şərq”ə açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn pozulmasıdır. Onun sözlərinə görə, bu, ən böyük işğalçılıq faktorudu: "Çünki Ukraynada yalnız Krım ilhaq olunub. Azərbaycanın isə 20 faiz ərazisi işğaldadır. Ona görə bizi bu cür bəyanat razı sala bilməz”.

Politoloqun qənaətincə, A.Brassörün fikirlərində siyasət də var: "Onlar ümid edirlər ki, Azərbaycanla Ermənistanı barışdırıb, regionda sülhə nail olmaq olar. Ona görə belə formalardan istifadə edirlər. Bilirlər ki, münaqişənin həllini ləngidən Moskvadır. Onlar da Rusiyanı dilə gətirmirlər. Buna münaqişə kimi baxırlar. İşğal, təcavüz sözlərini işlətmirlər”.

Ayyət Əhməd