Brayza haqlıdır: Həqiqətən ABŞ üzünü Azərbaycana çevirməlidir





"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız o halda reallaşa bilər ki, ABŞ, Avropa İttifaqı və Fransa bu məsələdə böyük fəallıq göstərsin”.
Bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib. ABŞ-ın bəzi hallarda ikili standartlar
siyasəti yürütdüyünü deyən M.Brayzanın sözlərinə görə, Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini prioritet məsələyə çevirməlidir.
M.Brayza bəyan edib ki, münaqişə tərəfləri Qərb ölkələrinin rəhbərlərindən, o cümlədən ABŞ-dan lazımi qədər siyasi dəstək görmürlər.

Barak Obamanın dövründə rəsmi Vaşinqtonun Cənubi Qafqaza diqqəti xeyli zəifləyib

Sabiq səfirin fikrincə, ümumilikdə, Minsk Qrupunu danışıqlar prosesindən kənarlaşdırmaq və prezidentlərə vasitəçilərsiz danışmaq imkanı vermək daha effektiv olar: "Daha vasitəçilərə ehtiyac yoxdur. Tərəflər görüşlərin təşkili məsələləri ilə məşğul olaraq xüsusi nümayəndələr təyin edə bilərlər. Münaqişələri əbədiləşdirməyə çalışan Rusiyanın üzv olduğu ATƏT-in Minsk Qrupunun mövcudluğu qeyri-məntiqi görünür. Əsas odur ki, prezidentlər birbaşa danışsınlar. İndi beynəlxalq vasitəçiləri günahlandırmaq asandır, lakin vasitəçilər heç nəyi həll etmirlər, onlar həll yollarını müəyyən edirlər. Məlumat üçün bildirək ki, bu cür etiraf çağırışları ilə ABŞ-ın bir sıra araşdırma mərkəzləri, tanınmış politoloqları da dəfələrlə çıxış ediblər. Fakt budur ki, Demokratlar Partiyasının təmsilçisi Barak Obamanın dövründə rəsmi Vaşinqtonun Cənubi Qafqaza diqqəti xeyli zəifləyib. O da məlumdur ki, Konqresə keçirilən son seçkilərdə Respublikaçılar üstünlük əldə ediblər. Çoxsaylı məsələlərdə, o cümlədən xarici siyasətdə sözügedən siyasi qüvvələr arasında fərqli yanaşma mövcuddur. Bu fonda ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində müəyyən dəyişikliyin olacağı istisna edilmir.

ABŞ-ın Azərbaycana daha çox diqqət ayırması təkcə çağırış və bəyanatlarla həll olunan məsələ deyil

ABŞ-ın mövqeyini və Metyu Brayzanın açıqlamasını dəyərləndirən politoloq Fikrət Sadıqov deyib ki, hələlik Vaşinqtonun Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində fəallıq gözlənilmir: "Brayza Minsk Qrupunun həmsədrlərindən biri olanda da Azərbaycanla bağlı kifayət qədər müsbət açıqlamalar verib. Elə ona görə də vaxtilə ABŞ Konqresi onu Azərbaycana səfir qismində təsdiq etmədi. Ancaq prezidentin sərəncamı ilə bura göndərildi və az müddətə Azərbaycanda səfir işlədi. Söhbət ondan gedir ki, Vaşinqtonun Azərbaycana daha çox diqqət ayırması təkcə çağırış və bəyanatlarla həll olunan məsələ deyil. Burada real, konkret, praktiki addımlar atılmalıdır. Metyu Brayza haqlıdır, həqiqətən ABŞ üzünü Azərbaycana çevirməlidir. Çünki Rusiya ilə qarşıdurma bunu zəruri edir. Təəssüf ki, hazırda ABŞ hökuməti başqa işlərlə məşğuldur. Azərbaycana qarşı müxtəlif bəyanatlar səsləndirir və ssenarilər həyata keçirir.
Düşünürəm ki, Azərbaycanla münasibətlərin soyumasında təşəbbüskar kimi çıxış edən rəsmi Vaşinqton bu kontekstdə ancaq uduzur”.

Dünya arenasında müsbət imici olan Brayzanın açıqlaması Azərbaycana böyük xallar qazandırır

Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə bildirib ki, Metyu Brayza Dağlıq Qarabağla bağlı hər zaman obyektiv mövqe sərgiləyib: "Məhz bu səbəbdən də erməni lobbisi ona açıq təzyiqlər etməkdən çəkinmir. Fikrimcə, M.Brayzanın çağırışı və təklifləri diqqətlə götür-qoy edilməlidir. O, tamamilə doğru buyurur ki, sözügedən ölkələr bu məsələ ilə bağlı dəqiq və prinsipial mövqe tutmalıdır. Brayzanın dünya arenasında müsbət imici var. O, MDB ölkələri üzrə ölkəsi üçün əvəzedilməz bir diplomatdır. Xatırladım ki, belə bir ekspertin açıqlaması münaqişənin həlli istiqamətində aparılan informasiya mübarizəsində Azərbaycana böyük xallar qazandırır. Azərbaycanın öz rəsmilərinin verdiyi açıqlamalarla bunun təsir dərəcəsi arasında böyük fərq mövcuddur. Bu bir neytral ekspertin fikirləridir. BMT qətnamələrilə bağlı ABŞ və Fransanın nümayiş etdirdiyi davranışda bizə qoyulan fərq göz qabağındadır. Bu baxımdan da diplomatın fikirlərinə dərin hörmətimi əğz edirəm. Maraqlıdır ki, Metyu Brayzanın Azərbaycanın böyük mənada xeyrinə olan fikirlərinə çox vaxt beynəlxalq mətbuatda rast gəlirəm. Demək, biz onu yaxşı danışdıra bilmirik. Bunu da öyrənməliyik”.

İsmayıl