"Bu dövlət silahlarına yeni bazar yaratmaq istəyirdi"- Analitik

Arzu Nağıyev:"Yaradılan daimi hərbi bazanın orada olması, ərəb dünyasına nəzarət etmək Rusiyanın məramı və məqsədi idi. Ona görə, hərbi bazaların bərpası üçün əlindən gələni edirlər"




"Suriyada hələ SSRİ-nin mövcudluğu dönəmində hərbi baza olub. Rusiya isə SSRİ-nin varisi olaraq, orada daimi hərbi baza yaratmağa çalışıb”.

Bu sözləri "Sherg.az”a Rusiyanın Suriya ərazisində daimi hərbi baza yaratmasından danışarkən analitik Arzu Nağıyev söyləyib. 

O qeyd edib ki, bir müddət əvvəl qoşunların Suriyadan çıxarılmasında məqsəd Rusiyanın istəyinə çatması idi:

"Rusiya son 20-25 ildə öz ərazisindən kənarda hərbi əməliyyatlar aparmamışdı. Suriyada hərbi əməliyyatlar aparmağın səbəbləri də çox idi. Həm öz silahlarını sınaqdan keçirdi, həm də döyüş taktikasını yenilədi. Bütün bunları həyata keçirdikdən sonra qoşunlarını Suriyadan çıxardı.

Rusiya tərəfindən Xəzər dənizindən atılan raketlər də dünyaya nümayiş üçün idi. Bu dövlət silahlarına yeni bazar yaratmaq istəyirdi.

Yaradılan daimi hərbi bazanın orada olması, ərəb dünyasına nəzarət etmək Rusiyanın məramı və məqsədi idi. Ona görə, hərbi bazaların bərpası üçün əlindən gələni edirlər. Yəqin ki, bu, baş tutacaq”.

Qeyd edək ki, Rusiya Suriya ərazisində - Tartus və Hmeymim bazalarında daimi qoşun qruplaşmasının formalaşdırılması prosesinə başlayıb.

Aysel Aslan