“Bütün təkliflərə açığam”

“40 yaşım var, mənim ssenarini qoltuğuma vurub qapı-qapı gedib sponsor qapısında boynumu buran vaxtım deyil”




Hər zamanın öz tələbi, hər dövrün öz istəkləri olur. Vaxtilə Azərbaycan teleməkanında maraqlı kliplərin müəllifləri arasında rəqabət hiss olunurdu. Ən maraqlı klip rejissorları isə barmaqla sayılacaq qədər az idi. Həmin dönəmdə klip bazarında klipmeyker olaraq tanınmaq asan olsa da, maraqlı kliplər meydana gətirmək hər rejissorun gücünə sığmırdı. Bunun üçün rejissordan böyük istedad, professionallıq tələb olunurdu. Həmin dönəmlərdə Kənan M.M klipmeyker olaraq qısa müddətdə tanına bildi. Maraqlı ekran əsərləri ilə seçilən klipmeyker sonralar klip çəkməkdən demək olar imtina etdi.

Səbəb isə çox sadə idi. Ucuz klip çəkib klipmeyker kimi tanınanların sayı çoxaldıqca Kənan M.M də bu sahədən soyumuş oldu. Hərçənd əvvəllər Kənan M.M müsahibələrində "Mən rejissor

olmaq, film çəkmək arzusu ilə bu sahəyə gəlsəm də, elə bir dönəmə gəlib çatdım ki, film çəkməyə bizdə imkan olmadı. Məcbur qalıb klipləri çəkməklə rejissor kimi qurdumu öldürürəm. Əslində mən klipmeyker olaraq çalışmaq istəmirəm. Amma neyləyək, film çəkməyə şərait, imkan yoxdu deyə, məcbur qalıb. Mənəvi ehtiyacımı, qurdumu klip çəkərək öldürürəm. Axı mən ekran əsəri çəkmək üçün yaranmışam. Klipdə az da olsa istəklərimi göstərmiş oluram” deyə rejissor arzularını dilə gətirirdi. Bir müddət sonra klip bazarında rejissor yox, klip çəkənlərin sayı çoxaldıqca Kənan M.M klipmeyker olaraq fəaliyyətini dondurdu. Necə deyirlər, ucuz klip bazarında görünmək istəmədi. Daha sonra dövlət vəsaiti ilə serialların çəkilişinə imkan yaradılmağa başladı. Necə deyərlər bəzi rejissorlar üçün bu fürsət oldu ki, istedadlarını, bacarıqlarını nümayiş etsinlər. Elə Kənan M.M də dövlət dəstəyi ilə çəkilən bir neçə serialın rejissoru kimi illərlə arzuladığı istəyinə çatmış oldu. Yeni film, serial çəkməyə imkanı oldu. İstəklərini az da olsa nümayiş etdirmək fürsətini qaçırmayıb rejissor kimi fəaliyyətə başladı. Çəkdiyi bir neçə film həiqətən Azərbaycan tamaşaçısının diqqətini çəkə bildi. Amma bu da uzun sürmədi. Film, serial çəkilişlərinin ən böyük ağrısı, azarı olan sponsor problemi onun serial çəkmək həvəsini də boğub öldürdü. Bu gün Kənan M.M "Şərq”ə açıqlamasında od püskürdü.

-Kənan ilk əvvəl ailəni sənin simanda təbrik edirik! (Bu gün Kənan M.M və həyat yoldaşı Aygün Mahmudovanın ailə qurmasınını 8 illik yubileyidir).

- Təşəkkür edirəm, var olun.

- Həyat yoldaşınız sizə sürpriz edib. Gözlənilməz oldumu?

- Bəli ailə qurmağımdan 8 il ötür. Mən şəxsi həyatım, ailəm barədə danışmağı o qədər sevmirəm. Həyat yoldaşımın mənə sürpriz edəcəyini əslində gözləyirdim. Çünki belə sürprizləri sevir. Allah hamıya xoşbəxt ailə qismət etsin.

- Yeni mövsümdə Kənan M.M tamaşaçılarına yeni serial vəd edirmi?

- Sualınıza belə cavab verim. O vaxt gediblər bir alimin yanına, ona deyiblər ki, filankəsin oğlu dərs öyrənmək istəyir, gəl ona dərs de. Alim də deyir ki, əgər o həqiqətən elm sahibi olmaq istəyirsə, mənim yanıma gələr. Mən onun yanana getməklə o dərs oxuyan deyil. Mən həmişə serial çəkmək istəyirəm. Amma elə bir vəziyyət yaranıb ki, qapı-qapı düşüb sponsor tara bilmərəm. Əgər mənim çəkdiyim serialda hansısa şirkət, kanal iştirak etmək, görünmək istəyirsə, Hay, Hay! Mən təkliflərə açığam. Amma mənim 40 yaşım var. Mənim ssenarini qoltuğuma vurub qapı-qapı gedib sponsor qapısında boynumu buran vaxtım deyil. O tərzdə işləmək istəmirəm. Ya da kiməsə rejissor kimi lazımamsa, müraciət etsin.

- Yəni bu gün serial çəkilişi üçün sonsorlardan asılı qalmaq, bugünkü durum səni yorub?

- Təbii ki yorub. Film, serial çəkmək üçün sponsorlardan asılı vəziyyətə düşmək nə dərəcədə düzgündü? Əvvəl serial, film çəkmək üçün rejissor lazım idi. İndi fotokamera lazımdı.

- Əgər fotokamera qeyri-peşəkarın əlində qalırsa, onda hansı keyfiyyətdən söhbət gedə bilər?

- Əslində bu durumda onlar özləri də bilmədən bizim işimizi tamaşaçının gözündə dəyərləndirmiş olurlar. Tamaşaçı yaxşı ilə pisi görüb ayıra bilir. Keyfiyyəti seçə bilir.

- Vaxtilə klip çəkməkdən də imtina etdin ki, qeyri-peşəkarlar meydana gəlib. Mən film çəkəcəm. İndi də serial çəkilişlərini çəkməkdən küskün düşmüsən. Sənəti ucuzlaşdırmaq istəmirsən, amma sənətini də göstərmək üçün məhdudiyyətlər yaranır.

- Onsuz da əlimdən başqa iş gəlmir ki, gedib başqa sahədə çalışım. Serial çəkilişlərinə gəlincə isə dövlət dəstəyi olmadan yaxşı ekran əsəri, serial çəkmək bugünkü reallıqda mümkün deyil. Ya dövlətin dəstəyi olmalıdır ki, serial çəkilsin, ya da sponsor. Bunlar olmadan serial çəkmək mümkün deyil. Söhbət maraqlı, keyfiyyətli ekran əsərindən gedir. Mən sehrbaz deyiləm ki, heç nədən meydana film gətirib çıxarım. Mən rejiissoram, sehrbazlığı bacarmıram.

- Serial çəkməyəcəyini deyirsən. Bəs yeni film necə gözləməyə dəyər?

- Açığı bu il bir film çəkmək istəyirəm. İnsanlara nədənsə bu gün daha çox komediya maraqlıdı. Ciddi film istəmirlər. Amma ciddi filmlər də ciddi insanlar üçün nəzərdə tutulur.

- Satira, komediya əsərini ciddi film kimi qəbul etmək olar?

- Dünyanın heç bir yerində komediya filmini ciddi səhnə əsəri kimi qəbul etmirlər. Heç elə bir nominasiya da yoxdu. Bu gün Azərbaycanda çəkilən bəsit komediya filmlərini də heç kim qoluna vurub beynəlxalq səviyyəli film festifalına, mükafatlandırma mərasiminə apara bilməz.
Əvvəla çəkilən komediya filmləri öz tamaşaçımız üçün nəzərdə tutulub, bizim millətə uyğun jarqon ifadələri orda kimsə başa düşən deyil. Nə də belə filmlərlə dünya kino bazarına daxil olmaq olmaz.

- Hansı janrda olacaq?

- Qəribə səslənsə də, komediya janrında olacaq.

- Kənan M.M komediya janrını ciddi sənət əsəri hesab etməsə də, özü də komediyaya müraciət edəcək. Səbəb?

- Rejissor niyə komediya çəkir? Çünki tamaşaçının istəyini nəzərə alır. İndi Türkiyədə də hamı komediya çəkir. Azərbaycanda da bu dəb düşüb. Azərbaycan filmi tək komediyadan ibarət deyil axı. Komediya filmi ilə ölkəni təmsil edə bilməzsən. Sənin komediya filmlərini əcnəbi başa düşən deyil. Bu, sadəcə "youtub” zarafatlarından ibarət olan adi ekran işidir. Bir neçə ildən sonra komediya o qədər yıpranacaq ki, bezəcəklər. Onda ciddi ekran əsərinə ehtiyac qalacaq. Hamı drama çəkilmək istəyəcək. Bax əsl komediya da onda başlayacaq. Bax onda bilinəcək ki, kimin matoru çəkir, kimin matoru çəkmir?! Allah hamıya kömək olsun. Qaldı dediyiniz məsələyə, niyə, mən də komediya çəkəcəm. Tamaşaçını təbrik edirəm! Məni sındırdılar. Məni də komediya çəkməyə məcbur etdilər. Hərçənd mənim "Qayıdış” filmimi Alman rejissor və aktyorları izləyəndə ağladılar. Amma özümüzkülər bəyənmədi. İndi hamı yazır ki, o "Qayıdış” nə zaman "youtub”da olacaq? Bizdə qəribə psixologiya yaranıb komediya filminə kinoteatrda pul verib baxırlar. Amma dramatik əsərə pul verib izləmək istəmirlər. Gözləyirlər ki, nə vaxt havayı baxmaq mümkün olar. "Qayıdış”dan bir kadr sosial şəbəkədə yerləşdirirsən, 100 komentdən 99-da hamı maraqlanır, yazırlar ki, nə maraqlıdı, nə vaxt "youtub”da baxa bilərik? Sənin üçün bu qədər marağı olan filmə kinoteatrda niyə gəlib baxmırsan? Bax bu adamı yandırır.

Tahirə Məmmədqızı