“Çatlaşma” bəlası...
15 yaşlı qızlar internet yazışmaları ilə təhlükəli “oyun”a düşürlər
"İnternetdə tanışlıq, çatlaşmalar cəmiyyəti uçuruma aparır, bu mesajlaşmalar bir gün evimizi yıxacaq” deyənlərin sözü təsdiqini tapır. Artıq internetin əsirinə çevrilən azyaşlı qızlar, çatlaşma ilə kifayətlənməyib, tanış olduqları oğlanlarla birgə yaşamağa can atırlar. Elə onların bu istəyi də evdən qaçan 15 yaşlı qızların sayını sürətlə artırıb. Məktəb şagirdlərinə qarşı nəzarətin zəifliyi nəticəsində bir çox nüanslar gözdən yayınmağa başlayır. Sonra baş verən hadisələrin isə qarşısını almaq mümkün olmur.
Övlada həddindən artıq verilən sərbəstlik nəticəsində məktəb şagirdlərinin xoşagəlməyən xəbərləri, xüsusən də məktəbli qızların evdən getmə halları artıb. Belə ki, valideynlərinə acıq edib, evdən qaçan daha iki məktəbli qız "ov tilov”una düşüb. Qeyd edək ki, dünən Azərbaycanda 14 yaşlı qızın cinsi zorakılığa məruz qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Bir neçə gün əvvəl Zərdab rayonunda Ağdaş rayon sakini olan yeniyetmə qız zorlanıb. Məlumatda bildirilir ki, Ağdaş şəhərində yaşayan 14 yaşlı S.M və onunla qonşuluqda yaşayan 15 yaşlı A.H bir neçə gün əvvəl analarına acıq edərək evdən qaçıblar. Onlar əvvəlcədən internetdən tanış olduqları və sosial şəbəkədə Vüqar adı ilə qeydiyyatdan keçmiş Zərdab şəhər sakininin dəvəti ilə həmin rayona gediblər. Lakin burada həmin şəxs qızları qarşılamayıb və onları evdə yerləşdirməyib. Qızlar axşam saatlarında Zərdabda çaş-baş vəziyyətdə var-gəl ediblər, qalmağa yer, otel axtarıblar. Bu zaman rayondakı bir qrup oğlan qızların arxasınca düşüb və onlara seksual xarakterli təkliflər ediblər. Polisə daxil olan müraciətdə qeyd olunur ki, 14 yaşlı S.M bir neçə oğlan tərəfindən zorla cinsi əlaqəyə məcbur edilib. Səhər saatlarında hər iki qız polis tərəfindən aşkar edilərək şöbəyə gətirilib və daha sonra ailələrinə təhvil verilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nə baş verir? Həm yeniyetmələrin ailəsi, həm də cəmiyyətin narahatlığına səbəb olan bu hadisələrin kökündə nələr dayanıb. Bu internet, "çatlaşma” bəlasının qarşısını necə alaq və ala bilərikmi?
Ekspertlərin qənaətincə, hadisələrin əsasında xüsusən yeniyetmə yaşlarında ziddiyyətli psixoloji durum və onun təhlükəli hallara yol açması dayanır. Eyni zamanda, valideynlərin düzgün olmayan mövqeyi və tərbiyə üsulu, zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün seçdikləri metodlar yeniyetmə və gəncləri evdən qaçmağa belə məcbur edə bilir. Övlada yanaşma forması, onu qiymətləndirmə bir sıra problemlərə yol açır. Vəziyyəti daha da çətinləşdirən səbəblərdən biri də kommunikasiya vasitələri, onlardan nəzarətsiz və yanlış məqsədlər üçün istifadə etməkdir.
Sosioloqlar hesab edir ki, qızların evdən qaçması halları il-ildən kütləvi hal alır. Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, gəncləri uçuruma aparan bir tərəfdən cəmiyyətin mənəvi proseslərə biganə qalmasıdırsa, digər tərəfdən yeniyetmələrin internet aludəçiliyidir. Elə əvvəldən həyəcan təbili çalaraq internet aludəçiliyinin fəlakətlərə gətirib çıxara biləcəyinə diqqət yönəldən sosioloq bildirib ki, internetdə "çatlaşma” hətta narkomaniyadan da ağır xəstəlikdir. O bu gün də öz mövqeyində qaldığını deyib və "çatlaşma”, internet yazışmalırının təhlükəli "oyun” olduğuna diqqət çəkib.
Sosioloq hesab edir ki, bütün bu problemlərin kökündə cəmiyyətin mənəvi proseslərə biganə olmasıdır. O deyib ki, dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb: "Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Bizim diqqətimiz isə azalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Və bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər”.
"Axşamadək seriallara baxan uşaqdan nə gözləyəsən?”
Ə.Qəşəmoğlunun sözlərinə görə, şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı, internet, televiziyadan yayımlanan əxlaqsız filmlər və şit verilişlər də var. Bu gün hansı televiziya kanalında tərbiyəedici verilişlər var? Səhərdən axşama kimi uşaq seriallara baxırsa, siz onlardan nə gözləyirsiniz?! Bu seriallarda intihara yönümlü kadrlar göstərilsə, sabah bizdə də intiharların sayı artacaq”. O deyib ki, bütün bunlar bugünkü Azərbaycan gəncini çox az yaşından mənəvi aşınmaya məruz qoyur: "Bu gün gənclərin internetdən, çatlardan asılılığı xəstəlik halına gəlib. Sorğu keçirilsə, aydın olar ki, depressiyaya düşənlərin əksəriyyəti internet asılılığına düçar olanlardır. Bu daha çox internetin gətirdiyi bəladır. Gənclərin bu yolu seçməsinə mühitdə gedən proseslər, telekanallarda nümayiş olunan seriallar, internet, iqtisadi vəziyyət səbəb olur”.
Təcili fəaliyyət proqramları hazırlanmalıdır
Ə.Qəşəmoğlunun sözlərinə görə, bu problemin qarşısını almaq üçün dövlət təcili olaraq proqram hazırlamalıdır. "Və burada dövlətin humanitar siyasəti ilə bağlı hüquqi normalar, görəcəyi işlər müəyyənləşdirilməlidir. Həmin proqramda ictimai təşkilatların, ziyalıların, məktəblərin, valideynlərin vəzifələri ortaya atılmalıdır. Ailə gərginliyi təkcə bu hadisələrə zəmin yaratmır. Cinayətlər, intiharlar hamısı ailədəki problemlərin nəticəsidir. Bu hadisə də həmin mənəvi aşınmaların bir hissəsidir. Bütün bu hadisələr bizə təcili olaraq, mənəviyyatla bağlı islahatların zəruriliyini diktə edir. Və bu islahatlar da elmi, əsaslanmış fəaliyyət proqramları əsasında olmalıdır. Bu proqramın təcili tərtibinə və icrasına böyük ehtiyac var”.
Şəymən