Cəbhədə real müharibə təhlükəsi var
Ermənistan başını o qədər itirib ki, Sarkisyan ağılasığmaz addımlara əl ata bilər
Son günlər Azərbaycan ordusu ilə işğalçı qüvvələrin təmas xəttində kritik vəziyyət yaranıb. Söhbət Dağlıq Qarabağla yanaşı, həm də ümumulikdə Azərbaycan-Ermənistan sərhədi boyunca vəziyyətin gərginləşməsindən gedir. Rusiya əleyhinə ölkədaxili etirazların gücləndiyi bir şəraitdə Azərbaycana qarşı diversiya-təxribat hərəkətlərini artıran düşmən tərəfi ciddi itkilər verməsinə baxmayaraq, xain hücumlarını həyata keçirməkdə davam edir.
Ancaq bütün hücum əməliyyatlarının qarşısı milli ordumuz tərəfindən məharətlə alınır və düşmənin xeyli qüvvəsi məhv edilir. Təəssüflər olsun ki, təxribatların qarşısı alınarkən Azərbaycan Ordusu da bir neçə şəhid verir.
Toqquşmaların bu il ərzində daha da artacağı gözlənilir
Qoşunların təmas xətti boyunca artan gərginlik və toqquşmaların getdikcə şiddətlənməsi beynəlxalq medianın diqqətini Qarabağ münaqişəsinə yönəldib. Dağlıq Qarabağla bağlı Ağdamda reportaj hazırlayan nüfuzlu "The New York Times” qəzetinin əməkdaşı Devid Herszenhorn yanvar ayından bəri tərəflər arasında vəziyyətin kəskinləşməsindən, onlarla əsgərin həlak olmasından və tərəflərin təhlükəli şəkildə açıq müharibəyə doğru sürüklənməsindən yazıb. Amerikalı jurnalist yanvar ayında Qarabağın qana boyandığını vurğulayıb və həmsədrlərin bəyanatına baxmayaraq, atışmaların daha da gücləndiyini qeyd edib: "Ermənilərə məxsus pilotsuz təyyarənin vurulmasından sonra vəziyyət pisləşib. Toqquşmaların bu il ərzində daha da artacağı gözlənilir”. Jurnalist həmçinin yazıb ki, münaqişənin yenidən alovlanması Rusiya, Türkiyə və İranın da cəlb olunduğu irimiqyaslı müharibəyə gətirib çıxara bilər: "Artan gərginlik tərəflər arasında sakitcə gedən silahlanma yarışının nəticəsidir. Xüsusən də neftlə zəngin Azərbaycan öz arsenalını güclü silah növləri ilə getdikcə daha çox artırır. Rusiya isə hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Baxmayaraq ki, Rusiya Minsk Qrupunun həmsədridir”.
Cəbhədəki gərginlik qorxulu planlara hesablanıb
Təbii ki, düşmənin hər təxribatına sarsıdıcı zərbələr vurulması milli ordumuz adına qürurverici hadisədir. Lakin bəzi siyasi təhlilçilərə görə, təmas xəttində müşahidə edilən gərginlik müəyyən qorxulu planların "müjdəçisi” də ola bilər. Təcrübədən bəllidir ki, belə hallarda hamıdan çox Rusiya maraqlı olur. Ötən ilin avqustunda münaqişə zonasında baş vermiş "3 günlük müharibə”nin əsas təşəbbüskarı məhz Moskva idi. Eyni ehtimalı Almaniya kansleri Angela Merkel iki gün öncə Azərbaycan prezidenti İlham Əliyevlə Berlində keçirdiyi mətbuat konfransında ilk dəfə olaraq dilə gətirdi. Merkel cəbhədə atəşkəsin tez-tez pozulmasında Rusiyanın rolu olduğunu açıq şəkildə ifadə etdi. Görünür, kanslerin açıqlaması Kremldə qıcıq yaradıb. Bu qənaət üçün ortada üç mühüm səbəb var. Birinci, Ukraynada geniş miqyasda hərbi əməliyyatların bərpası Kremli Qərbin artan təzyiqlərindən yayındırmaq üçün yeni gərginlik ocağı yaratmaqda maraqlı edə bilər. Çünki Rusiya tarix boyu çətin vəziyyətlərdə müharibə ssenariləri ilə böhrandan çıxmağa çalışıb. İkinci mühüm amil isə son zamanlar Qərbin, ələlxüsus da Almaniyanın Qarabağ nizamlanmasında daha fəal və təşəbbüskar olmaq, hətta Minsk Qrupu həmsədrliyinə gəlmək istəyi sərgiləməsidir. Qarabağ ixtilafının Moskva üçün geosiyasi vazkeçilməz məsələ olduğunu nəzərə alsaq, iddia etmək olar ki, Rusiya yeni müharibə təhlükəsi yaratmaqla, Moskvasız münaqişə həllinin mümkünsüz olduğunu nümayiş etdirmək istəyir. Nəhayət, üçüncü amil, Ermənistan faktorudur. Bəllidir ki, Gümrüdəki hadisədən sonra bu ölkədə etirazlar səngimək bilmir. Hətta bazanın ölkə ərazisindən çıxarılması tələbləri səslənir. Rusiya rəsmilərinin üzrxahlıqları və başsağlıqları da işə yaramayıb. İddialara görə, forpost Ermənistanda anti-Rusiya ovqatının xoşagəlməz səviyyəyə çatması nankor ermənilərin "cəzalandırılması”nı qaçılmaz edib.
Cəbhədə yaşanan gərginliyin əsas səbəbkarı Rusiyadır
Cəbhədəki atışmaları şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə savaş təhlükəsinin real olduğunu deyərək Azərbaycanı öz müttəfiqləri, Amerika, Avropa və Türkiyə ilə təmaslara başlamağa çağırıb. V.Quluzadə cəbhədəki gərginliyin arxasında Moskvanın dayandığına şübhə etmədiyini deyib: "Rusiya Ukraynadakı uğursuzluqlarını görərək Qərbə meydan oxumaq və Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir. Bu, gözlənilən məsələ idi. İndi Qərb ölkələrinin də, Türkiyənin də hərəkətə keçməsi lazımdır. Çünki Türkiyənin qonşu ölkə kimi, Qərbin isə iqtisadi müttəfiq kimi Azərbaycanda maraqları böyükdür. Hamı yaxşı bilir ki, cəbhə xəttinə rəhbərliyi birbaşa Moskva edir. Bu, yüz faiz belədir, ermənilər bunu dəfələrlə təsdiqləyib. Erməni ordusu rus ordusunun bir hissəsidir. Ona görə burda nə baş verirsə, birbaşa Rusiyanı ittiham etmək lazımdır”. V.Quluzadə hesab edir ki, Azərbaycan hər an düşmən hücumundan müdafiə olunmaq üçün tam hazırlıqlı olmalıdır: "İndi biz bu barədə danışırıq, amma əhalinin 90 faizinin situasiyanın gərgin olmasından xəbəri yoxdur, hərə öz işindədir”. Sabiq müşavir bu qənaətdədir ki, Azərbaycan düşmənin cəbhə boyu hücum və təxribatları barədə beynəlxalq təşkilatlara müraciət etməli, BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılmasına nail olmalıdır: "Düzdür, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Fransa və ABŞ-ın məsələyə münasibəti bəllidir. Odur ki, fövqəladə toplantının çağırılacağı inandırıcı deyil. Üstəlik də bunların xristian Ermənistanına qarşı bir simpatiya var. Amma istənilən halda rəsmi Bakı üzərinə düşəni etməli, diplomatik qaydada bütün addımları atmalıdır”.
Sarkisyan hökuməti xarici düşmən faktorunu aktivləşdirməklə ölkədəki mövqeyini gücləndirmək istəyir
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, pilotsuz təyyarəsi vurulan və xeyli itkilər verən ermənilər "qisas almaq” üçün müəyyən hücumlar həyata keçirirlər: "Cəmi bir neçə gün əvvəl Sarkisyan Azərbaycanı hədələdi. Bundan sonra isə Ermənistanın pilotsuz təyyarəsi Azərbaycanın hava məkanına daxil olduğu üçün dərhal məhv edildi. İndi qarşı tərəf ritorikasına uyğun hansısa addımlar atmalıdır”. Ə.Oruclu Sarkisyanın hazırda ən ağlasığmaz addımlara gedə biləcəyini də istisna etməyib: "Ermənistanın daxilində vəziyyət son dərəcə gərgindir və demək olar ki, sosial-iqtisadi tələblərlə bağlı ölkənin bütün şəhərlərində etiraz aksiyaları keçirilir. Bu gün Ermənistanda Rusiya tərəfindən mərkəzləşmiş vahid müxalifət var. Bu da faktiki olaraq indiki hakimiyyəti ələ keçirməyə hazırdır. Belə olan halda Sarkisyan hakimiyyəti ən ağlasığmaz addımlara belə getməyə hazırdır. Düşünürəm ki, hazırda cəbhə xəttində baş verənlərin əsl səbəbi budur. Yəni Sarkisyan hökuməti xarici düşmən faktorunu aktivləşdirməklə ölkədə öz mövqeyini gücləndirmək istəyir”.
Ermənilər qisas almağa və müəyyən mesajlar verməyə çalışır
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun fikrincə, 2014-cü ildə cəbhədə hər hansı nisbi uğur qazana bilməyən ermənilər 2015-ci ilə revanş götürmək niyyəti ilə adlayıb. Amma son hadisələr güc nisbətinin qeyri-bərabər olduğunu sübuta yetirdi: "Silahlı Qüvvələrin rəhbərliyi səviyyəsində qərargah planları əvvəlki dövrdən xeyli fərqlənir. Bunu ermənilərin kəşfiyyat orqanları da bilir. Onlar görürlər ki, Azərbaycan ordusu qarşı tərəfi tamamilə məhv etmək, iqtisadi cəhətdən çökdürmək gücünə malikdir. Sarkisyan rejimi də narahatdır ki, Qarabağdakı döyüşlər onun hakimiyyətinin iflası ilə nəticələnə bilər. Ona görə də cəbhədəki gərginliyin artmasında maraqlıdır. Sərhəd boyu hücum cəhdlərinin əsas səbəbi isə Azərbaycan qüvvələrini parçalamaq, taktiki hədəfdən yayındırmaqdır. Belə demək mümkündürsə, düşmən cəbhə xəttinin geniş bir məkan olduğuna diqqət çəkməyə çalışır”.
İsmayıl