Çörəyin içindən yad cisim çıxdı

Sexlərdə çörək bişirən avadanlıqlar həddən artıq natəmiz şəraitdə saxlanılır




Bakıda çörəyin içindən siçovul nəcisi çıxıb. Bu barədə Qaynarinfo-ya paytaxt sakini İsmayıl Quliyev məlumat verib. O, şəhər mağazalarının birindən aldığı çörəyin fotosunu çəkərək saytımıza göndərib.

İ.Quliyev üzərində "Zavod çörəyi” yazılan çörəklərin Yeni Yasamal ərazisindəki sexlərin birində hazırlandığını bildirib və vətəndaşlarımızı çörək alarkən diqqətli olmağa çağırıb.

Gündəlik qida rasionumuza daxil olan çörəyin keyfiyyətinin yüksək olması sağlamlığımız baxımından mühüm amildir. Bəs, niyə bu amil diqqətdən kənarda qalıb?

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov isə deyib ki, gigiyenik qaydalara əməl olunmadığı təqdirdə çörəyin tərkibindən kənar cisim maddə çıxa bilər: 

"Bizdə "Qida Təhlükəsizliyi haqqında” qanun olmadığı üçün bu cür özbaşınalıqlar da təəccüb doğurmur. Qanun olmayan hər yerdə həmişə cinayət olur. Odur ki, çörəyin içindən siçan nəcisi və ya başqa nəyinsə çıxmasını gözləmək olar. Sexlərdə çörək bişirən avadanlıqlar həddən artıq natəmiz şəraitdə saxlanılır. Bu problemlər nəticə etibarilə istehlakçıların sağlamlığında öz əksini tapır.

Bu yaxınlarda məni çörək istehsal edən müəssisəyə çağırmışdılar. Orada gördüm ki, xanımlar çörək kündələyəndə qulaqlarında sırğa, boyunlarında muncuq, əllərində üzük var. Heç çörək bişirən xanımlar bu cür vəziyyətdə işləyə bilərmi? Əgər çörək və ya qida məhsulunun tərkibinə kənar cisim düşürsə, artıq orda heç bir gigiyenik tələblərdən danışmaq olmaz. Bizdə bu cür çoxlu nümunələr var. Çörəyin daşınması, saxlanması, bükülməsi yönündə vəziyyət həddindən artıq aşağı səviyyədədir.”

Şəymən