Çox işləmişdi, yorulmuşdu

Xələf Xələfovun yeni iş yeri əvvəlkinə nisbətən daha rahat olacaq




Xarici işlər nazirinin müavini vəzifəsində çalışmış Xələf Xələfovun Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunması maraqla qarşılanır. Uzun illər xarici siyasət sahəsində çalışmış şəxs nədən Nazirlər Kabineti strukturuna keçdi?

İqtisadçı Natiq Cəfərli Xələf Xələfovun yeni təyinatının sırf yorğunluqla bağlı olduğunu düşünür:

- Bilirik ki, Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsində çox uzun illərdir ki, çalışırdı. Onun öz kurasiyası vardı. 

Xəzərin hüquqi statusu, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, həmçinin Qarabağ məsələsində də Xələfovun «qovluğunda» olub həmişə. Amma artıq vəziyyət dəyişib. Xəzərin hüquqi statusu həll edilib artıq, QİƏT ilə bağlı bir problem yoxdur, Qarabağ problemi də Xələf Xələfovun həll edəcəyi məsələ deyil. 

Düşünürəm ki, X.Xələfovun əvvəlcə tutduğu vəzifədən uzaqlaşdırılması və yeni vəzifəyə təyinatı onun bu vaxta qədərki apardığı fəaliyyətlə bağlı deyil. Məncə, yeni təyinat bir şəxsin uzun illər eyni işlə məşğul olması səbəbindən yaranan yorğunluqdur. Məlum məsələdir ki, bir şəxs uzun müddət eyni işlə məşğul olursa, yorulur və iş qabiliyyəti də azalır. X.Xələfovun yeni iş yeri əvvəlkinə nisbətən daha rahat olacaq. Məsuliyyət də əvvəlki vəzifəsində olduğu kimi daha ağır olmayacaq, səyahətlərin də sayı azalacaq. Nazirlər Kabineti Aparatının rəhbəri kimi X.Xələfov yalnız texniki məsələlərlə məşğul olacaq. NK-nın işinin təşkili, iclasların çağırılması, sərəncamların, qaydaların hazırlanması və sairə. Bunlar sırf texniki fəaliyyətdir.

Məlahət