Komitə işə başladı, cəmiyyətdən dəstək var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi artıq ehsan israfçılığından sonra dəbdəbəli qəbirlərlə bağlı da xüsusi təkliflər hazırlayır. Komitə tərəfindən hazırlanan qanun layihəsində qəbirlərlə bağlı bütün məsələlər öz əksini tapacaq. Qurum sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında bildirib ki, qəbirlər bir-birindən fərqlənməməlidir:
"Onların ölçüləri, hündürlükləri və eni də eyni olmalıdır. Bütün bunlar dinə uyğun tərzdə tamamlanmalıdır. Elə qəbirlər var ki, onlar xüsusi təmtəraqla bəzədilir ki, buna da dinimiz yol vermir”.
İlahiyyatşünas Atif İsmayılov DQİDK-nin qəbirlərlə bağlı gördüyü tədbirləri yüksək qiymətləndirir: "İslamda qəbir yerləri ilə bağlı müəyyən şərtlər var. Qəbirlər dəbdəbəli olmamalıdır. Lakin bir çox ölkələrdə adət-ənənələr inkişaf edərək üstünlük təşkil edir. Həmçinin, Azərbaycanda da ənənələr üzərində qurulmuş qəbirlər islam dininə uyğun deyil. Nəticədə qəbiristanlıqlarda xoş olmayan mənzərələr yaranır. Bu baxımdan belə qanunların hazırlanması müsbət haldır”.
Onun sözlərinə görə, başqa müsəlman ölkələrində belə təmtəraqlı qəbirlərə rast gəlinmir: "Yalnız belə hallar Azərbaycanda mövcuddur. Bəlkə də bir çox insanlar bu məsələdə dini cəhətə diqqət etmir. Halbuki iri dəbdəbəli məzarların yaradılması dinimizə ziddir”.
Bununla yanaşı, A.İsmayılov bunun əhali ilə razılaşdırılmış formada həyata keçirilməsinin tərəfdarıdır: "Hesab edirəm ki, Azərbaycanda belə qərarlar düşünülmüş şəkildə həyata keçirilə bilər. Həmçinin, belə məsələlərin həllində Qafqaz Müsəlmanları İdarəsi xüsusi rol oynaya bilər. Belə ki, QMİ-nin tabeliyində olan məscidlərdəki axundlar vasitəsilə bunların təbliğatını həyata keçirmək olar”.
Qeyd edək ki, hazırlanan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Əgər bu təklif qəbul olunarsa, o zaman məsələnin köklü həll ediləcəyinə inanmaq olar. Qanunun qəbulundan sonra məzarlıqlarda heykəllər, böyük daşlar qoymaq tədricən aradan qalxacaq.
Vüqar Şahinoğlu