Deputat:"Fransadan soruşmaq lazımdır ki, bu, anti-demokratik, anti-humanist hal deyilmi ?!"

"Demokratiya, insan hüquq və azadlıqları məsələsi böyük dövlətlərin əlində dəyənəkdir. Onların diktəsini icra etməyib müstəqil siyasət yürüdən ölkələrə qarşı istifadə edirlər".
Bu sözləri "Sherg.az"a Fransada baş verən "Sarı jiletlilər" inqilabı nəticəsində nümayişçilərin polis tərəfindən döyülməsi və yüzlərlə insanın həbsə alınmasından danışarkən millət vəkili Araz Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən ölkədir və məhz buna görə, bəzi Avropa ölkələri əsassız olaraq demokratiya və insan haqları amilindən istifadə edərək Azərbaycana qarşı ləkələmə və gözdənsalma kampaniyası aparır: 
"Ölkəmizə qarşı bu cür vaistələrdən istifadə edənlərdən biri də Fransa idi. Zaman-zaman Fransa rəsmiləri Azərbaycanı insan hüquq və azadlıqlarının pozulmasında ittiham edirdi. Ölkəmizi demokratik dəyərlərlə sadiq qalmamaqda qınayırdı. Bu qarayaxmanı öz medialarında tirajlayırdılar. Amma indi baxın, özünü demokratiya beşiyi adlandıran ölkədə "Sarı jiletlilər"in üzərinə polis qüvvələri yeridilir. Bir neçə şəxs döyülüb, çoxsaylı insanlar həbsə alınıb. 
İndi Fransadan soruşmaq lazımdır ki, bəs bu, anti-demokratik və anti-humanist hal deyilmi ? Məlum fakt bir daha sübut edir ki, demokratiya və insan haqları Fransa kimi ölkələrin əlində dəyənəkdir, vasitədir.Əslində , demokratiya və insan haqlarını ən kobud şəkildə pozan ölkə məhz elə Fransadır".
Ayyət Əhməd