Dost ölkələr, dost liderlər: "Azərbaycan və Rusiya liderləri arasında şəxsi əlaqələr də yüksəkdir"



"Azərbaycan-Rusiya münasibətləri möhkəmdir və daim inkişaf etməkdədir. Hər iki dövlət başçısının şəxsi əlaqələri də kifayət qədər yüksəkdir”.

Bunu "Sherg.az”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, beynəlxalq münasibətlərdə, xarici siyasətdə ölkə rəhbərlərinin şəxsi dostluq əlaqələri mühüm rol oynayır: 

"Sankt-Peterburq zirvə görüşündə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin çox səmimi ünsiyyəti, yaxın dialoqları gözdən qaçmadı. Bu, göstərir ki, şimal qonşumuzla münasibətlərdə heç bir problem yoxdur. Ötən gün İrəvanda "Lazarev klubu”nun toplanması isə birbaşa erməni diasporası tərəfindən atılan addım idi. Ona görə də klubun rusiyalı üzvlərinin bisavad fikirləri qətiyyən ciddiyə alınmır. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsini istəməyən qüvvələr kifayət qədər çoxdur. Şübhəsiz ki, hər iki dövlət başçısı bunu yaxşı bilir. Ona görə də liderlər Rusiya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı üçün addımlar atırlar. Azərbaycanın təkcə qonşu Rusiya ilə deyil, bütün dünya ölkələri ilə siyasəti mehriban qonşuluq prinsipinə əsaslanır”.

Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəlib. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Sonra Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.

İsmayıl