Dövlətin müdaxiləsi olmasa, düzəlməyəcək

Televiziyalarımızda dilimizə divan tutulur, səsini çıxaran yoxdur
"Əvvəllər birinin sözünü kəsəndə, deyirdilər, sözünün arasında balan dursun, indi sözümüzün arasında reklam durur"



Sosial şəbəkələr də şou xəstəliyinə tutulub. Ölkənin vacib problemləri, əslində gündəmi zəbt etməli məsələlər qalır bir kənarda, sosial şəbəkə istifadəçiləri, "Hər şey daxil”in əkiz bacılarının efirdə manatı cırmasından tutmuş, hansı müğənninin hansı ayaqqabını geyindiyini əsas müzakirə predmetinə çevirirlər.

"Facebook” istifadəçiləri günlərlə bu mövzuları dartışır, gah da mənzilinə təbii qazın verilməməsindən tutmuş, ən xırda məişət məsələlərini diqqət mərkəzinə çıxarırlar. Amma, məsələn, hələ də Xankəndində erməni girovluğunda saxlanılan iki soydaşımız kimsənin yadına düşmür. Onlar barədə yalnız mətbuat və televiziya xəbərlərində məlumat verilir.

İctimaiyyətimizin bunca xırdaçı olmasının səbəbləri nədir? Nədən bir müğənninin özəl həyatı insanlarımızı daha çox məşğul edir, nəinki ölkənin vacib problemləri. İkinci və hətta üçüncü dərəcəli mövzuların bir nömrəliləri kölgədə qoymasının səbəblərini ziyalılarımızdan soruşduq.

Yazıçı-dramaturq Seyran Səxavət hamımızın birinci dərəcəli hesab etdiyi məsələlərin ikinci dərəcəlilərə söykəndiyini təəssüflə qeyd etdi:

- Çox təəssüf ki, ümumiyyətlə, hamımızın birinci dərəcəli hesab etdiyi məsələlər ikincilərə söykənir. Teleməkandı, "facebook”du, bunlara nəzarət yoxdur. Əslində isə nəzarət edilməlidir, xüsusilə də televiziyalara. Azərbaycan dili bu saat reanimasiyadadır. Bir adam ki, avtomobil qəzasına uğrayar, qohum-əqrəba başına yığılar ki, görək yaşayacaq, ya yox, bax bizim dilimiz də bu saat eynən həmin vəziyyətdədir. Mən hətta bir dəfə təklif etmişdim ki, televiziyalarla bağlı növbətçilər qrupu yaradılsın. Mən ilk növbədə növbətçilik etməyə hazıram. Birimiz bir gün ANS telekanalını izləsin, o biri gün başqası "Space”ni, bir başqası ATV-ni, "Xəzər” televiziyasını və s. Növbə çəkək, görək ki, televiziyalarda ümumiyyətlə, Azərbaycan dilindəmi danışılır? Yoxsa, bu aparıcıların dili nə dilidi? Hansı dildi? Tarixin bütün dövrlərində dili cilalayan mənbə xalq olub. İndi bu sistem də pozulub. Mənbə özü dili korlamağa başlayıb. Baxırsan ki, kəndli deyir: "Mən bazara daxil olanda. (?!) Əə, kəndli nə vaxtdan "daxil olmaq” ifadəsini işlətməyə başlayıb?! A bala, bu, sənin danışığın deyil axı. Öz dilində danış. Yaxud, futbol şərhçisi deyir ki, "top qapıya daxil oldu” (?!). Yamaq kimi səslənir. Mən televiziyalarda Azərbaycan dilində danışan aparıcılara rast gəlmirəm. Muğam ifaçısını verilişinə dəvət edir, xanəndə oxuyur, aparıcı da meymunluq edir. Hesab edirəm ki, bu məsələlərə dövlətin müdaxiləsi olmasa, düzəlməyəcək. Çünki biz zora tabeyik. Bizim fundamentimizdə zora meyillilik var. Televiziyalara ciddi xəbərdarlıq edilməlidir, sonra da lisenziyaları ləğv edilməlidir. Divin canı şüşədə olan kimi, televiziyaların da canı lisenziyadadır. Bilsələr ki, yayımları dayandırılacaq, özlərini yığışdırarlar. Elə diqqəti əsas mövzulardan yayındıran da onlardı. Nə qədər çal-çağır olar, müğənnilərin həyatından danışmaq, evlərini reklam etmək. Lazımsız əşyaları reklam etmək? Mən verilişlərin birində dedim ki, əvvəllər birinin sözünü kəsəndə, deyirdilər, sözünün arasında balan dursun, indi sözümüzün arasında reklam durur. Bunlar hamısı çox ciddi məsələlərdir. Bunlara bir əncam çəkilməlidir.

Professor Qulu Məhərrəmli sosial şəbəkələrin hələ də ciddi məlumat mənbəyinə çevrilmədiyini söylədi:

- Sosial şəbəkələr paylaşım meydanıdır. Ən müxtəlif mövzular qoyulur, fikir bildirilir, hətta məişət məsələlərinə də. Ciddi mövzular da qoyulur. Demək olmaz ki, sosial şəbəkələrdə yalnız

məişət məsələləri müzakirəyə çıxarılır. Amma müqayisəli götürdükdə, bəli, sosial şəbəkələr ciddi məlumat mənbəyinə çevrilməyib. Ona görə müzakirə olunan mövzular da ikinci dərəcəlidir. Sosial şəbəkələr sərbəstdir, azaddır, düzdür, bu, bəzən mənfi halların yaranmasına səbəb olur. Sosial şəbəkələrdə aktivlik var. Lakin biz məsələn, ziyalıların, millət vəkillərinin, elm adamlarının sosial şəbəkələrdə müzakirəyə qoşulduğunu görmürük. Amma Avropada belə deyil. Avropada sosial şəbəkələrdə ciddi elmi mövzular müzakirə olunur. Millət vəkilləri öz şəxsi səhifələrində yazışmalar aparırlar. Təəssüf ki, biz eyni halı Azərbaycanda müşahidə etmirik. Sosial şəbəkələrdə kütlə çoxluğu var, amma mahiyyət ifadə etməyən bir çoxluq. Sosial şəbəkələrdə əsasən gənclər və bir az da orta yaşlılardır. Bir ziyalıdan, ya da elm xadimindən soruşanda ki, "facebook”da varsınız, tez cavab verir ki, "yox, yox, mən orda yoxam”. Halbuki onların sosial şəbəkələr vasitəsilə ictimaiyyətlə ünsiyyət yaratmaları təqdirolunası haldır. Cəmiyyət olaraq da biz hələ sosial şəbəkələrin daşıya biləcəyi böyük yükü qavraya bilməmişik. Bir nənə üçün sosial şəbəkə nəvəsinin şəklini yerləşdirmək yeridir. Bir gənc üçün gəzdiyi məkanların şəklini paylaşmaq yeri. Amma ölkələr var ki, sosial şəbəkələrdə ciddi mövzuları, milli məsələləri müzakirəyə çıxarırlar. Bizdə belə halın müşahidə edilməməsi, təəssüf doğurur. Sosial şəbəkələrdə ciddi mövzuların qoyulması və müzakirə açılması istənilən, arzuolunan səviyyədə deyil.

Məlahət Rzayeva