“Təhsil haqqının günü-gündən artırılması insanları daha ucuz təhsilin ardınca getməyə məcbur edir”
Bu il təhsil haqları orta hesabla 25 faiz artırılıb. Ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı xəbəri istər tələbələr, istərsə də abituriyentlər narazılıqla qarşılayıb. Hamı təhsil haqlarının artımının əhalinin hazırkı maddi vəziyyətinə uyğun olmadığı qənaətindədir. Belə ki, yeni qəbul olunan tələbələrin 1-ci təhsil ili üçün ödəniş haqqını tam şəkildə ödəməsi, təhsil kreditlərinin mövcud olmadığı indiki dövrdə bu problemi bütövlükdə ailə büdcəsi hesabına həllini alternativsiz edib.
Ödəniş qabiliyyəti olmayan ailələrin bu məsrəfi qarşılaya bilməməsi isə son nəticədə onların övladlarının qazandıqları ali məktəblərdə təhsil almaq hüququnu reallaşdırmaması ilə nəticələnir.
İqtisadçı-ekspertlər isə hesab edir ki, ailələrin məcburiyyət qarşısında ödədiyi bu vəsait ailə büdcəsinin strukturunda ciddi dəyişikliklərə gətirib çıxaracaq və borc yükünü kəskin artıracaq.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu isə təhsilhaqqının artırılmasının ali məktəblərin səlahiyyəti çərçivəsində olan məsələ olduğunu deyib. İnsanların sosial vəziyyətinin olduqca aşağı olduğunu vurğulayan ekspert, xüsusilə manatın məzənnəsinin aşağı düşməsindən sonra iş yerlərinin sıradan çıxmasını nəzərə alanda, alıcılıq qabiliyyəti aşağı düşən əhalinin gəlirləri baxımından təhsilhaqqını artırmağı tamam yersiz sayır: "Belə bir şəraitdə insanların övladının təhsilhaqqısını ödəmək onların imkanı xaricindədir. Hökumət bir tərəfdən xaricə təhsil almağa gedən tələbələrin qarşısını almağa çalışaraq maliyyə axınını ölkəyə yönəltməyə çalışır, digər tərəfdən də belə sərt şərtlər irəli sürür. Təhsil haqqının günü-gündən artırılması insanları daha ucuz təhsilin ardınca getməyə məcbur edir. Gələn il üçün təhsil haqqının artırılması bir daha iqtisadi cəhətdən sübut edir ki, milli valyuta güclü şəkildə dəyərdən düşüb”.
Amma bütün bunlara rəğmən ekspert təhsil haqlarının artırılmasına görə, ali məktəbləri qınamağın da doğru olmadığını deyib: "Ali məktəb rəhbərliyini də başa düşmək olar. Onlar da müəllimlərə maaş verməli və digər xərcləri ödəməlidir. Manat ucuzlaşdığı üçün xərclərini kompensasiya etməyə çalışırlar. İndiki iqtisadi şərtlər altında onları qınaya bilmərəm”.
N.Qulamoğlunun sözlərinə görə, əhalinin gəlirləri təhsil haqqları ilə adekvat olmadığı üçün baş verən artım əhalidə qıcıq doğurur: "Hesab edirəm ki, mövcud problemin aradan qaldırılması üçün dövlət müdaxilə etməlidir. Dövlət rezervləri hesabına tələbələrin təhsil haqqının müəyyən faizi ödənə bilər. Faktiki olaraq, əksər ailələrin bu cür yüksək təhsilhaqqı ödəyərək uşaq oxutmaq imkanı yoxdur”.
Şəymən