“Əli Kərimli məni yox, mən onu təzyiq altında saxlayacam”
Razi Nurullayev: “Cəbhəçilərə yaşatdığı məşəqqətlərə görə onu sakit qoymayacam”
Dünən BMM-də sabiq AXCP üzvü, partiya sədri Əli Kərimli tərəfindən müavinlikdən və təşkilat sıralarından çıxarılmış Razi Nurullayevin mətbuat konfransı keçirilib. Razi Nurullayev çıxışında AXCP sədri haqqında bu günə qədər ictimaiyyətə bəlli olmayan faktları açıqlayıb.
Sözlərinə "Axırıncı aşırım” filmindən Kərbəlayinin "mənə dəyən sənə dəysəydi, gündə 3 dəfə silah götürərdin” sitatı ilə başlayan R.Nurullayev deyib ki, ömrünün müəyyən hissəsini sərf etdiyi partiya və onun sədri haqqında danışmaq asan deyil. Amma baş verənləri ictimaiyyətə açıqlamaq vicdan borcudur. O qeyd edib ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi "facebook” səhifəsində sədrin layklarının sayılmasına gedir. R.Nurullayevin dediyinə görə, "facebook”da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. Ancaq "facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. İndi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”. AXCP sədrinin keçmiş müavini bildirib ki, hər dəfə bütün cəbhəçilərdən "Azadlıq” qəzetinə abunə olmaları tələb edilib: "AXCP-nin 70-dən çox rayon şöbəsi və sədri var. Bugünədək rayon şöbələrinin rəhbərlərinin heç biri "Azadlıq” qəzetində işıqlandırılmayıb. Qəzet sadəcə bir nəfərin marağına xidmət edir”. O, həmçinin partiya sədri Əli Kərimlinin qurumun digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan edib: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, digərlərinə qarşı şantajdan istifadə edirsə, bu ancaq səmimiyyətsizlik ola bilər”. Onun sözlərinə görə, artıq köhnə "cəbhəçi”lər partiyada nə baş verdiyini anlamağa başlayıb və onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər: "Ə.Kərimli məni evinə dəvət etdi. Orada ağır söhbətimiz oldu, aldığım məlumatlardan şok yaşadım. Mənə dedi ki, "dəqiq məlumat var ki, sən hakimiyyətə işləyirsən, onlar səni maliyyələşdirir, sənin orada dostların var. Məndə olan məlumat o qədər böyük faktdır ki, bunu danmaq mümkün deyil. Mən qərar verdim ki, sən satılmısan. ABŞ və Böyük Britaniya səfirliyi mənə neçə vaxtdır deyirdilər ki, sən hökumətə işləyirsən”. Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfirliyi siyasətçilərə dinləmə aparatları quraşdırıb və onlar hər bir siyasətçini dinləyirlər. Yəni həmin səfirliklər siyasətçiləri dinləyib, bu haqda Ə.Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub da göndərəcəm. Necə ola bilər ki, səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür? Mənim ABŞ və Böyük Britaniya səfirlikləri ilə gözəl münasibətlərim olub, indi də var. Onlarla əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm, amma bu məsələyə aydınlıq gətirilməlidir”. R.Nurullayev AXCP sədri ilə danışıqlarını daha sonra belə nəql edib: "Əli Kərimli mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Axı mən hansı yolu gedirəm? Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. O, mənə dedi ki, hakimiyyətdə işlədiyi adamlar var. Onlar ona yazılı məlumat verirlər. Deməli, Əli Kərimli özü hakimiyyətə satılıb. Onun müəyyən maliyyəsi guya biznes strukturları vasitəsilə verilir, amma dolayısı ilə hakimiyyətdən gəlir. Bunu deyib sonra təkzib edə bilməz. Etsə belə, sübut etməyə gücüm çatar. Əli Kərimli partiya sədri ola bilməz. AXCP-də lider olmağa layiq insanlar çoxdur. O, sədrlikdən getməlidir. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb. O, canını qurtara bilməyəcək. Ə.Kərimli məni yox, mən onu təzyiq altında saxlayacam. Cəbhəçilərə yaşatdığı məşəqqətlərə görə onu sakit qoymayacam”. R.Nurullayev Ə.Kərimli və AXCP ilə bağlı maliyyə məsələlərinə də toxunub: "Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiz ki, o işləmir. Bəs oğlu Londonda ən bahalı universitetdə necə oxuyur? Ən kiçik oğlu da Londonda doğulub. Onların xərci haradan ödənilir?”. R.Nurullayev Əli Kərimlinin partiyada sıxışdırma əməliyyatı apardığını deyib: "O, gəncləri sıxışdırıb partiyadan uzaqlaşdırır. Onlara şər və böhtan atır. Təsadüfi deyil ki, partiyanın rayon təşkilatlarının birinin sədrini vəzifədən azad etdi. Onun yerinə isə öz mühafizəçisini gətirdi. Rayon təşkilatına sədr qoydu. Bu söz-söhbət hələ də AXCP-də böyük ajiotaj yaradıb”. Sabiq sədr müavini qeyd edib ki, istefa etdiyi gün partiya üzvlərindən onun telefonuna 127 zəng gəlib: "Zəng edənlərin az faizi mənə dedi ki, cəsarətim çatıb sənin kimi həqiqəti deyə bilərəm. Çünki "facebook”da saxta profillərdən həmin insanlara hücum edilir”. Sonda R.Nurullayev bildirib ki, vəzifəsindən istefa etsə də, siyasətdən getmir: "Siyasi təşkilat yaratmaq fikrim var. Bunun hansı formada olacağını yaxın günlərdə açıqlayacam”. R.Nurullayev Əli Kərimlinin şantajçı olduğunu bir daha vurğulayaraq, onun barəsində gələcəkdə yeni faktlar açıqlayacağını deyib.
İsmayıl