İlahiyyatçıya ümumilikdə 50 min manat ziyan dəyib
"Dəvət” və "Oxu” jurnallarının təsisçisi və baş redaktoru, ilahiyyatçı Elşad Mirinin evindən oğurluq edilib. E.Miri oğurluğun necə edilməsi və dəymiş ziyanla bağlı ətraflı olaraq "Şərq”ə danışıb. Onun sözlərinə görə, oğurluq zamanı evdə heç kim olmayıb: "Hadisə təxminən axşam saat 6 və 8 radələrində baş verib.
Yaşadığım ərazidə 4 bir-birinə baxan üz-üzə binadır. Binanın ortasında polis idarəsi yerləşir. Həmçinin bizdən aşağı mərtəbədə müstəntiq polis yaşayır. Həqiqətən belə bir yerdə oğurluğun olması gözlənilmirdi. Lakin mən və həyat yoldaşım evdən "102” polis "qaynar xətt”inə zəng etdik. Polislər gec də olsa, gəldilər”.
İlahiyyatçının sözlərinə görə, oğurluq peşəkarcasına edilib: "Mütəxəssislərdən soruşdum çöl qapının aşağı açar hissəsi kəsilib götürülüb. Yuxarı kassa açar hissəsinin isə xüsusi aparatla içərisini dağıdaraq yalnız mənim iş və yataq otağımıza daxil olaraq yeni işimiz üçün aldığımız "Sony 4k” Bakıda olmayan yeni aparatura var idi. Həmçinin iş otağımın qapısının arxasından heç istifadə edilməyən bahalı studiya mikrofonlarını götürüblər. Heç kimin ağlına gəlməzdi”.
Baş redaktor oğurluq nəticəsində ona dəymiş maddi ziyanın 50 min manatdan artıq olduğunu açıqlayıb: "İşçilər üçün nəzərdə tutduğum 30 min manat və yoldaşımın saxladığı öz bacılarının 4500 manat, 110 ABŞ dolları yoldaşımın çantasından götürülüb. Bundan əlavə, qızıl-zinnət əşyaları, oğlumun 16 ədəd manatlıqlar olan pulu aparılıb. Yüksək qiymətə malik qadın çantası və ayaqqabılar oğurlanıb. Düzdür, müstəntiq qızılları "lom” qiymətinə hesabladı. Bahalı aparaturaları da üstünə gəlsək, böyük məbləğ edir”.
Bütün bunlara baxmayaraq ilahiyyatçı yenə də nikbindir: "Əsas odur ki, ailəmə heç nə olmayıb və onlar evdə olmayıb: "Uca Allahımıza şükürlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Çünki qızım evdə qalmaq istəyirmiş, anasının təkidindən sonra onunla birlikdə gedib”.
Onu qeyd edək ki, ilahiyyatçıya 1 həftə əvvəl də ölüm təhdidi olunmuşdu. Bu hadisyə görə isə Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb, təhqiqat işləri aparılır.
Vüqar Şahinoğlu