Ermənilər ləzgi kartından istifadə etmək istəyirlər
Akademik Yaqub Mahmudov ona qarşı təxribat törədənlərə cavab verdi
Ermənistan son vaxtlar Azərbaycanda etnik münaqişə yaratmaq istiqamətində fəallığını yenidən artırıb. Azərbaycanlılarla ləzgilərin arasını vurmaq cəhdlərini davam etdirən ermənilər bu yaxınlarda A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun dilindən bir "xəbər” yayıblar. Guya alim bildirib ki, "hesab edirəm ki, ləzgilər tərifə layiq deyil, çünki İkinci Dünya müharibəsi zamanı ləzgilərdən bir çoxları faşistlərin tərəfinə keçiblər”.
Yalan yazdıqları azmış kimi erməni saytları Yaqub Mahmudovun bu fikirlərini Azərbaycan informasiya agentliyi "APA”-ya verdiyi müsahibəsində səsləndirdiyini də iddia ediblər.
Bu çirkin təxribatla əlaqədar institutun direktoru Yaqub Mahmudov bəyanat yayıb. Yerevanın ölkəmizdə qarşıdurma meyilləri yaratmaq strateji xəttini tutaraq Azərbaycana qarşı xüsusi təxribat mərkəzinə çevrildiyini təəssüflə vurğulayan alim qeyd edib ki, Yerevanda 2013-cü ilin 1-2 noyabr tarixində "Şirvan, Aran və Azərbaycan” konfransı keçirilib və təəssüf ki, bəzi "sadvalçılar”, Azərbaycan daxilində nifaq səpmək üçün çalışan bəzi etnosların satqın nümayəndələri bu tədbirdə iştirak ediblər: "Bu insanlar Azərbaycana qarşı, o cümlədən AMEA-nın Tarix İnstitutuna qarşı ağlasığmaz təxribatlarla məşğuldurlar. Cavabında demək istəyirəm ki, mən Azərbaycan əhalisinə 1001 güldən ibarət 1001 rayihəli, insanı bihuş edən, son dərəcə təravətli bir gül dəstəsi kimi baxıram. O güllərdən təkcə biri ölkənin tarixini əks etdirə bilməz. Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynayan Azərbaycan türk etnosu ilə yanaşı, Azərbaycanda yaşayan digər etnoslar - avarlar, ləzgilər, talışlar, tatlar, qrızlar, buduqlar və digərləri Azərbaycan xalqının şanlı tarixində şərəfli rol oynayıblar və həmişə ölkənin titullu millətinin yanında olublar. Bu etnosların əcdadları Azərbaycan müsəlmanlarına qarşı erməni cəlladlarının soyqırımına qarşı mübarizədə iştirak ediblər. Bir tarixçi olaraq çox yaxşı bilirəm ki, Qusar və Quba arasında yerləşən Digah kəndinin yaxınlığındakı "Qanlı dərə”də Amazaspın quldur dəstəsinin qabağını məhz bizim ləzgi qardaşlarımız alıb və ermənilərə divan tutublar. "Qanlı dərə” aydın sübut edir ki, erməni millətçiləri yalnız azərbaycanlıların yox, həm də ləzgilərin və digər müsəlman xalqlarının düşmənidir.
Həmçinin alim öz bəyanatında Hacı Zeynalabdin Tağıyevin fəal iştirakı ilə Dağıstanın xalq hərəkatının liderlərindən biri - imam Gaysinski 300-500 döyüşçüsü ilə Bakıdakı müsəlman qardaşlarına - Azərbaycan türklərinə, eləcə də ləzgilərə kömək üçün at çaparaq Biləcəriyə kimi gəlib çıxdığını xatırladıb.
Heç bir zaman böhtan xarakterli, erməni saytları yazdığı kimi sərsəm mövqedən çıxış etmədiyini vurğulayan Y.Mahmudovun sözlərinə görə, ermənilər ucuz təxribatlarla azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ermənilər ləzgi məsələsini qabartmaqla başından böyük qələt ediblər: "Azərbaycanda etnik zəmində qarışıqlıq yaratmaq zəmini artıq çoxdan aradan qalxıb. Azərbaycanda millətlərarası ədavət yaratmaq uğursuz bir addımdır. Azərbaycanda etnik kart artıq işləmir və bizə qarşı bu üsuldan istifadə etmək əbəsdir.
Görünür, mənfurlar unudublar ki, biz eyni dinə qulluq edən, eyni adət-ənənəyə, müştərək mədəniyyətə malik, eyni hədəfləri güdən xalqlarıq və aramızda ciddi qohumluq əlaqələri var.
Yəni, Azərbaycan xalqı deyilən anlayış həm ləzginin, həm talışın, həm də Azərbaycan türkünün beynində ümummilli bir şüura, xalqları bir-birinə bağlayan, bir-birinə yaxınlaşdıran bir qohumluq əlaqəsi formasına çevrilib. Bir-birimizdən qız alıb, qız vermişik. Bu ənənə bundan sonra da davam edəcək. Sabahı gün mənim oğlum hansısa ləzgi və ya talış qız ala bilər. Yaxud da bir qohumum öz qızını onlara gəlin köçürə bilər. Bu ənənənin onilliklərlə tarixi var. Bu gün Azərbaycan vətəndaşları talış, ləzgi, avar, türk olmasından asılı olmayaraq fəxrlə dünyaya özünü azərbaycanlı olaraq təqdim edir. Azərbaycanda azsaylı xalqlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Bizim bir-birimizə qarşı komplekslərimiz də yoxdur.
Digər tərəfdən bizim bu xalqlarla qardaşlığımız və dostluğumuz təkcə qohumluq əlaqələri ilə yekunlaşmır. Biz eyni hədəflərə vururuq. Məsələn, erməni işğalçılarına qarşı müharibədə ləzgi, talış və türk çiyin-çiyinə vuruşub. Onların içərisində Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş xeyli sayda insan var. Bu gün də Azərbaycan ordusunun ön sıralarında çiyin-çiyinə dayanan hərbçilər içərisində nə qədər istəsən ləzgiyə, talışa rast gəlmək olar. Yəni bu, tarixin sınaqlarından çıxmış, tarixi yüz illərlə ölçülən bir birlikdir, dostluqdur. Ən başlıcası da odur ki, Azərbaycan cəmiyyətində milli əlamətlərə görə heç bir ayrı-seçkilik yoxdur”.
Qaldı ki, guya, Yaqub Mahmudovun ləzgilərin İkinci Dünya müharibəsi zamanı faşistlərin tərəfinə keçməsini iddia etməsi məsələsinə, politoloq bunun kifayət qədər absurd təxribat olduğunu vurğulayıb: "Əvvəla, Yaqub Mahmudov azsaylı xalqlara qarşı münasibətdə qeyri-etik səhvə yol verəcək biri deyil. Həm də ki, İkinci Dünya müharibəsi zamanı faşistlərin tərəfinə təkcə ləzgilər deyil, Sovet İttifaqında yaşayan bütün xalqların nümayəndələri keçiblər. Azərbaycan türkləri də əsir düşdükdən sonra alman ordusunun tərkibində formalaşan Azərbaycan legionunun yaranmasında fəal iştirak ediblər. Əslində, 2-ci cahan savaşında faşistlərin tərəfinə keçdiyinə görə, bu gün hər hansı bir milləti qınamağın heç bir elmi əsası yoxdur. Müharibə vaxtı postsovet məkanında faşistlərlə ən çox əməkdaşlıq edənlər Ukraynanın bender əhalisi olub. Rusların özlərindən də faşistlərlə əməkdaşlıq edənlər vardı. Axı vaxtı ilə faşistlərin tərəfinə keçmək günümüzdə heç bir millətin adına ləkə gətirəcək qüsur da sayılmır. Həmin dönəmlərdə ermənilər tərəfdən faşistlərin tərəfinə də kifayət qədər adam keçib, erməni missionerləri də olub. Həmin nəslin nümayəndələri bu gün də Avropa ölkələrində
qalmaqdadırlar. Yaqub Mahmudov isə bu məsələləri çox dərindən bilən və ləzgilərin faşistlər tərəfinə keçməsi haqqında fikir yürütməyəcək bir alimdir. Ermənilər dəfələrlə Azərbaycanda təxribat yaratmaq üçün ləzgi kartından istifadə ediblər, amma hər dəfəsində də onların bu addımı uğursuzluğa düçar olub, niyyətləri hədəfə çatmayıb. Sadəcə bu cür əsassız xəbərlər yaymaqla ermənilər növbəti dəfə özlərinə məxsus çirkin xislətlərini nümayiş etdiriblər”.
Şəymən