Ermənilər səksəkədə, ordumuzun taktikası dəyişib

Zakir Həsənov kabinet deyil, səngər naziri olduğunu sübut etdi




Ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun irimiqyaslı hərbi təlimlərə başlaması əmrini verib.

Tapşırığa əsasən fevralın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi altında SQ-nin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri start götürüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlim birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası iştirak edəcək.

Təlimi müsbət dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə bildirib ki, ölkəmizin müdafiə taktikasında çox kəskin dəyişikliklər etməsini hər kəs müşahidə etməkdədir. Bunu ermənilər də yaxşı görür: "Ön cəbhədə xidmət edən insanların hərbi hazırlığı və peşəkarlığının yüksəldilməsi çox böyük önəm daşımaqdadır. Hərbidə "təlimdə nə qədər çox tər töksən, döyüşdə o qədər az qanın tökülər” deyimi var. Bu o deməkdir ki, həqiqətən də düşmənlə təmas xəttinə peşəkarlar getməlidir”.

Deputatın sözlərinə görə, Zakir Həsənov kabinet deyil, səngər naziri olduğunu sübuta yetirir: "Bir var kabinetlərdə yalnız kompüter əməliyyatları üzərindən hansısa təlimləri öyrənəsən, bir də var gerçək döyüş texnikası ilə həyata keçirəsən. Azərbaycan ordusu real bir şəraitdə gözümüzün qabağında modernləşir, dəyişir. Azərbaycan insanının orduya etimadı dərinləşir”.

Atəşkəsin son günlər intensiv pozulmasından söz açan parlamentari qeyd edib ki, hazırkı mürəkkəb şərait rəsmi İrəvanı silkələyir: "90-cı illərdə Azərbaycanın yaşadığı taleni indi düşmənlərimiz yaşayır. Düşmən ordusu son hadisələr fonunda çox ciddi mənəvi, psixoloji və siyasi gərginlik yaşayır. Bu, özü-özünə baş vermir. Ermənistan hərbi birləşmələrinin verdiyi itkilər ordumuzun gücünün göstəricisidir”.

Ayyət Əhməd