Ermənistan ordusu pərən-pərən olub





Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyət davam etməkdə, hətta daha şiddətli hal almaqdadır. Uzun illərdir hərbi hissələrdə "dedovşina” hallarının çoxluğu, zabit-əsgər arasındakı ziddiyyətlər, əsgər çatışmazlığı, hissələrdə yemək problemləri düşmən ölkə ordusunda anarxiyanı dərinləşdirib. Ona görə də zaman-zaman Ermənistan əsgər-zabitləri intihara əl atırlar, fərarilik edirlər. Belə faktlardan biri də bu günlərdə yaşanıb. Dekabrın 11-də Ermənistanın bölgələrindən birinin hərbi hissəsindən qasıq nahiyəsindən yaralanmış gənc zabit xəstəxanaya çatdırılıb. Silahla yaralanan hərbiçinin özünə qəsd etdiyi bildirilib. Hərbiçinin özünə qəsd etməsi onu göstərir ki, artıq əsgərlər düşmən ölkənin silahlı qüvvələrindəki hərc-mərclikdən boğaza yığılıblar. Paşinyan özü də erməni ordusundakı vəziyyəti etiraf edən açıqlamalar verib. Əsgərlərin ciddi ərzaq və geyim probleminin olduğunu bəyan edib. Bunu digər erməni ekspertlər də etiraf edirlər.

Düşmən ordunun düşdüyü acınacaqlı durumu "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Ermənistanda klan hakimiyyətlərinin çöküşündən sonra dövlət və hakimiyyət böyük krizis yaşayır. Ekspertin sözlərinə görə, korrupsiyaya bulaşmış idarəçilik sisteminin yerinə normal qanunlarla işləyən düzən yaratmaq olduqca çətindir. Bundan ötrü kifayət qədər çox zaman tələb olunur: 


"Ermənistan da hazırda həmin mərhələni yaşayır. Klan hakimiyyəti məğlub olsa da, hələ də tam təslim olunmuş kimi görünmür və müqavimət göstərməkdə davam edir. Məlumdur ki, ölkə iqtisadiyyatının 80 faizi və enerji resursları Rusiyanın nəzarətindədir. Ermənistanın özünə məxsus oturuşmuş milli ordusu yoxdur. Korrupsiyalaşmış ordu hərbi texnika, loqistik və ərzaq təminatı baxımından ciddi korluq çəkir. Erməni ordusunda artan fərarilik və özünə qəsd halları iflas olmuş ölkənin silahlı qüvvələrinə xas xüsusiyyətdir. Ermənistan ordusunda fərarilik hallarının artmasında erməni ictimaiyyətinin də böyük rolu var. Erməni anaları açıq etiraf edirlər ki, onların balaları özgə torpaqlarında mənasız bir ideya uğrunda ölməməlidir. Bu əhval-ruhiyə də sözsüz ki, əsgərlərə öz təsirini göstərir”.

Politoloq bəyan edib ki, əgər Rusiya Qarabağ münaqişəsində İrəvana verdiyi dəstəyə son verərsə, Ermənistan ordusu bir həmləmizlə darmadağın olar: 

"Bir çox nüfuzlu təşkilatlar və dövlətlər bəyanatlar verərək, Qarabağın işğaldan azad olunması tələbi ilə çıxış edirlər. Avropa Şurası parlament assambleyasının indiyə qədər bir neçə dəfə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi barədə dəfələrlə bəyanatlar verməsi artan nüfuzumuzun göstəricisidir. Türkiyə və nüvə dövləti olan Pakistan birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Təşkilatı üzvləri olan dövlətlər də artıq Azərbaycana simpatiyasını gizlətmir. Belarus prezidentinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasını dilə gətirməsi ölkəmizin nüfuzunun nəinki Avropada, eləcə də MDB ölkələri arasında artdığını görürük. Yeni hakimiyyət bu reallıqları çox yaxşı başa düşür. Yaranmış fürsətdən işğalçılara aman vermədən yararlanmalıyıq. Ermənistana qarşı beynəlxalq təzyiqi artırmaqla yanaşı güc potensialımızı da göstərməliyik”.

İsmayıl