"Ermənistanda hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Ermənistandakı 9 dekabr seçkisini dəyərləndirən deputat bildirib ki, sərgilənən kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir:
"Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum 2 milyon 5 yüz mindən çox seçici müəyyən edir və saxta seçici siyahısı tərtibləyir. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda ümumiyyətlə olmayan, yaxud sadəcə seçici siyahısında adı olan şəxslərin hansısa fəallığından danışmaq ciddi olmaz. Ona görə də absurd tamaşa heç bir ciddi qiymətləndirmə kriteriyalarına uyğun gəlmir. Sadəcə 2018-ci il aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı bir şəkildə başa çatdırmaq, küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi. Bunu da etdilər. Həqiqət bundan ibarətdir ki, Ermənistan sözünün yanında "hüquq və demokratiya” kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsidir. Ermənistanda oynanan oyunu "demokratiya” kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin "demokratik” cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və təkzib edilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil. Heç bir halda olkə əhalisinin 30 faizə qədərinin iradəsi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz”.
Millət vəkilinin fikrincə, Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən amil ötən aylar ərzində iqtisadi blokda heç bir islahatın aparılmaması, ölkənin aclıq vəziyyətində olmasıdır:
"İslahatlar ona görə aparılmır ki, bunu etmək mümkün deyil. Çünki islahatları təmin edəcək iqtisadi resurslar yoxdur. Belə olan halda 9 dekabr hadisəsindən sonra Ermənistanda "yeni eranın” başladığını iddia edənlər siyasi xəyalpərəstlərdir. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun və Azərbaycan torpaqlarından rədd olub getsin. Əks təqdirdə heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. İqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir. Ona görə də Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da bu baş turmayacaq, çox keçmədən əhali yenidən iqtsadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün”.
İsmayıl