“Nümayişlər onu göstərir ki, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir”
Son günlər İrəvanı izdihamlı etiraz aksiyası bürüyüb. Prezident Serj Sarkisyanın yarıtmaz siyasətindən cana doyan ermənilər hazırkı rejimin yaratdığı bürokratik süründürməçilik, məhkəmə sistemindəki özbaşınalıq, korrupsiya və rüşvətxorluq halları və sosial şəraitin pisliyindən bezdiklərini bildirirlər.
Hətta müxtəlif satış yarmarkalarından gələn 500-dən çox sahibkar yeni vergi inzibatçılıq sisteminə qarşı çıxıb. Onlar qeyd ediblər ki, 1 oktyabrdan hesab-fakturalar üzrə işləməli olacaqlar. Amma sahibkarlar aşağı rüsumlu yığımlar təyin edilməsini istəyirlər. Nümayişçilər iddia edirlər ki, hökumət kiçik və orta biznesin inkişafı üçün heç nə etmir. Hesab-fakturalarla işləmək hər zaman mümkün olmur. Etirazçılar həmçinin tələb edirlər ki, onları yeni nəzarət-kassa aparatları quraşdırmağa məcbur etməsinlər. Çünki köhnə aparatlar işləyir və yenilərinə ehtiyac yoxdur.
Ermənistan baş naziri Ovik Abramyan isə aksiyaçılar qarşısına çıxıb. Və onların nümayəndələrini qəbul edəcəyini vəd edib. Baş nazir jurnalistlərin iştirakı ilə bütün problemləri müzakirə edəcəkləri sözünü verib.
İrəvandakı aksiyaları şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında vurğulayıb ki, düşmən ölkədə bu kimi etirazların güclənməsi, işğalçı rejimi danışıqlar prosesində daha üzüyola edə bilər: "Nümayişlər onu göstərir ki, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Həm də yerli ermənilər Qarabağdan ötrü döyüşə getməyəcəklər. Bu əhval-ruhiyyə son zamanlar Ermənistanda geniş yayılıb. Sarkisyan rejimi artıq onun öhdəsindən gələ bilmir, gəlmək də mümkün deyil. Zənnimcə, bütün bu hadisələr Ermənistanın əl-qolunu bağlayan məsələlərdəndir”.
Ekspertin sözlərinə görə, hazırda Ermənistanda vəziyyət çox ağırdır: "Ölkəni işsizlik, yoxsulluq bürüyüb. Qiymətlər daim qalxır. Bir tərəfdən də, əhalinin etiraz dalğası getdikcə daha geniş vüsət alır. Bütün bunlar gec-tez Ermənistanda sosial partlayışa gətirib çıxaracaq. Bir çox politoloqlar bu mənada nahaq yerdən sentyabr ayını hədəf kimi göstərmirlər”.
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev vurğulayıb ki, sözügedən etiraz aksiyası ondan xəbər verir ki, hərbi balans Ermənistanın ziyanına işləyir: "Separatçı ölkədəki narazılıqlar yalnız onu vəd edə bilər ki, oradakı hakimiyyət həmin etirazlarda səslənən fikirləri nəzərə almalıdır. Çünki həmin etiraza səs verənlər başa düşür ki, hərbi balans onların xeyrinə deyil. Arxalı köpək qurda hürmək imkanına nə qədər malik olsa da, faktiki olaraq, hərbi balans onların xeyrinə işləmir. Vəziyyət daha da gərginləşərsə, onlar üçün daha dəhşətli nəticələri olacaq. Bunu yəqin ki, onların ictimaiyyəti başa düşür”.
Ayyət Əhməd