"Fransa fransızlar üçün itirilmiş məmləkətdir"



"Ekspertlər və müşahidəçilər Emanuel Makronun qalibiyyətini daha uyğun hesab edirlər”.

Bunu Sherg.az-a Fransada mayın 7-də ikinci turu keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib. 

O xatırladıb ki, ikinci turda yalnız iki namizəd mübarizə aparacaq: Emanuel Makron və Marin Lö Pen:

"Ancaq E.Makron demək olar ki, mərkəzçi, sağçı və solçu qüvvələrinin əksəriyyətinin dəstəyini qazana bilib. Makron Fransanın Avropa ittifaqında qalmasının tərəfdarıdır. O bildirir ki, bu, özünün həm şəxsi maraqlarına, həm də siyasi baxışlarına uyğun haldır. Fransanın 27 ölkə ilə bərabər Avropa İttifaqının tərkibində yenidən dirçəlməsinə inanan siyasətçidir. Əksinə olaraq Lö Pen deyir ki, Fransa artıq fransızlar üçün itirilmiş məmləkətdir. Onu fransızlara qaytarmaq üçün köklü islahatlar olmalıdır, hərbi xərclər artırılmalıdır, Rusiya ilə münasibətlər yaxşılaşdırılmalıdır. Fransa digər ölkələrin, o cümlədən Amerika Birləşmiş Ştatlarının məcrasında getməli ölkə deyil. Fransanın bir siyasəti olmalıdır. Yəni gərək Avropa İttifaqından çıxsın, öz sərhədlərini müəyyən etsin, ölkə daxilində islahatlarla həyat tərzini yaxşılaşdırsın. Lö Penin tərəfdarlarının qısa desək, məramları bundan ibarətdir”.

Qeyd edək ki, Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.

Aysel Aslan