Arzu Nağıyev: “Fransanın Azərbaycana, xüsusən Dağlıq Qarabağ münaqişəsinə münasibəti göz önündədir”
Fransadakı erməni lobbisi prezident seçkisinin ikinci turunda Emmanuel Makrona dəstək verəcəklərini açıqlayıb. Halbuki ermənilər indiyə qədər Marin Le Peni dəstəkləyiblər. Lakin seçkidə Emmanuel Makronun qalib gələcəyini görən hiyləgər erməni lobbisi Le Peni yarı yolda buraxaraq, daha şanslı namizədi seçiblər.
Makronun ermənilər tərəfindən dəstəklənməsinin başqa səbəbi də var. Prezidentliyə namizəd 24 aprel tarixində Parisdə qondarma soyqırım abidəsini ziyarət edib. Bu ziyarətdən sonra Fransadakı erməni lobbisinin iki tanınmış nümayəndəsi - Ara Toranyan və Murad Papazyan Makrona təşəkkür məktubu göndəriblər: "24 apreldə Parisdə "soyqırım” abidəsini ziyarət etdiniz. Ayrıca, 24 apreli təqvimə daxil etməyi təklif etmisiniz. Ümid edirik, soyqırımın tanınması işində fəal olacaqsınız”. Əslində Makronun erməni lobbisinin xüsusi dəstəyinə ehtiyacı yoxdur. O, Fransadakı ermənilərin səslərinə gərək duymadan da prezident seçkisini öz xeyrinə tamamlayacaq. Ancaq məsələ burasındadır ki, Fransadakı siyasətçilərin az qala hamısı ermənilərə nəvaziş göstərməyi özlərinin borcu sayırlar. Xatırladaq ki, aprelin 23-də Fransada ilk turu keçirilən prezident seçkisinin ikinci həlledici turu mayın 7-də keçiriləcək. Seçkinin ikinci turunun favoriti Makron sayılır. Onun ən azı 60 faiz səs toplayacağı sosial sorğularla təsdiqlənib. Fransızların yarıdan çoxu Le Penin prezident olmasını istəmir.
Bu barədə "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Arzu Nağıyev seçkilərdə Makronun qələbə çalma ehtimalının daha çox olduğunu bildirib:
"Fransa demokratiyanı "dəstəkləyən” dövlətlərdən biridir. Son vaxtlar Fransanın atdığı addımlarda millətçilik özünü qabarıq şəkildə göstərir. Le Penin prezident seçilməsi məqsədəuyğun sayılmır. Fransızların onu dəstəkləmədiyi bəllidir. Çünki Le Pen miqrantlara qarşı problemli münasibət sərgiləyir. Eyni zamanda əsas seçicilərin çoxu vaxtı ilə ərəb dövlətlərindən, Şimali Afrikadan köçmüş kontingentin indiki varisləridir. Bu səbəbdən əsas seçici kütləsi millətçiliyi dəstəkləmir. Makronu isə təkcə demokratlar deyil, ölkədə vəzifə sahibi olan məmurların hamısı dəstəkləyir. Çünki Le Pendən fərqli olaraq Makron çıxışlarında avronun ləğvi, "brexit” və s. məsələlərə toxunmur. O baxımdan seçkidə əsas diqqət Makronun üzərində olacaq”.
Eksprtin fikrincə, ermənilər seçilmək şansı ən çox olan namizədə dəstək verəcəklər. Ona görə də hazırda Makronun tərəfindən durublar:
"Gələcəkdə kimin prezident seçilməsindən asılı olmayaraq, Fransanın Azərbaycana, xüsusən Dağlıq Qarabağ münaqişəsinə münasibəti göz önündədir. Fransanın xarici siyasəti dönməzdir. Rəsmi Paris əvvəlki qaydada öz siyasətini yeridəcək. Makronun "mən Qarabağ münaqişəsini həll edəcəm” açıqlaması da seçkiqabağı siyasi oyunlar, seçicilər üçün nəzərdə tutulmuş gedişlərdir”.
İsmayıl