Gəldilər, gördülər, sevdilər

Ceyhun Hacıbəylinin oğlu və gəlini Bakıda məmnun oldular



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində paytaxtımız bu günlərdə mötəbər qonaqlarını qarşılayıb.

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlib. Varislərin səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

Səfərin ilk günü varislər əvvəlcə Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Benjamin Hacıbəyli bildirib ki, 12 il bundan qabaq Azərbaycana gəlib: ”Ölkə inkişafa doğru çox dəyişib. Bakıda çox hündürmərtəbəli binalar var və Bakının mənzərəsi çox ecazkardır, qısa müddətdə Azərbaycan çox dəyişilib».
Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, bu səfər çox mənalıdır və görüşdən məmnunluq duyur.

Mədəniyyət naziri Əbülfəs Qarayev də Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli ilə görüşüb.

Görüşdə Ə.Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıb və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və tədbirlərlə bağlı qonaqlara məlumat verib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyi haqqında danışan nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Eyni zamanda, nazir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan "Nuri-didə Ceyhun” pyesi haqqında məlumat verib. Qeyd edib ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.
Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirərək məmnunluğunu ifadə edib.

C.Hacıbəylinin varisləri həmçinin dünən bir neçə ali məktəbdə görüş keçiriblər. Varislər dünən dahi Üzeyir bəyin adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.

Sonra qonaqlar ADA Universitetində olublar. Universitetin rektoru Hafiz Paşayevlə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolu vurğulanıb.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli görüşlərdən sonra İçərişəhərdə Azərbaycanın tarixi və mədəni abidələrini ziyarət edib, daha sonra Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.

Məlahət Rzayeva