"Gömrük tariflərinin azaldılması yağın qiymətinə çox az təsir edib" - Ekspert təsdiqlədi






"Gömrük güzəştləri ilə bağlı qərar səsləndiriləndə iqtisadçılar yağın qiymətində cüzi azalma olacağını demişdi”.

Bu sözləri "Sherg.az”a ölkəyə idxal edilən kərə yağının qiymətinin ucuzlaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Ekspert də təsdiqləyib ki, gömrük tariflərinin azaldılması qiymət amilinə çox az təsir edib:

"Qiymətin əmələ gəlməsi prosesini şərtləndirən bir çox amillər var. İnhisarçılıq və sahibkarın manatın məzənnəsinin düşməsi ehtimalını nəzərə alması, gözündə qorxu yaradır. Satıcılar və idxalçılar qiymət fərqini yüksək müəyyən edir və bununla özlərini sığortalanmış hesab edirlər. 

Qiymətin bahalaşması prosesi ilk burada əmələ gəlir. İstehlakçıların da xərcləri artdığından qiymət artımı ciddi təsir edir. Son aylarda qaz işıq, su və s. qiymətinin qalxması istehlakçıların xərclərini daha da artırır. Şəffaf vergi münasibətləri olmadığı üçün vergi və s. xərclər də qiymətlərin üzərinə gəlinirdi. Nəticə etibarı ilə, gömrük tariflərinin azaldılması qiymətlərə cüzi təsir etdi.

İnhisarçılığın birinci dərəcəli qiymət diskriminasiyası anlayışı var. Bu o deməkdir ki, əhaliyə bu məhsul lazımdır, nəyin bahasına olur olsun istehlakçı bunu istifadə edəcək. İnhisarçı bilir ki, bazarda ondan başqa idxalçı yoxdur. Nəticədə maksimal şəkildə qiyməti qaldırmaqla insanların vəsaitini süni yolla mənimsəyir. 15-20 ilə yaxındır Azərbaycanda bu mövcuddur və qarşısı alına bilmir”.

Qeyd edək ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan "Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. "Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir.

Aysel Aslan