Gözlənilən idi: MTN əməliyyat keçirdi, 26 İŞİD-çi həbs olundu





Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində İŞİD və digər qanunsuz silahlı birləşmələrə qoşulmuş 26 nəfər həbs olunub. MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, bu insanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştiraketmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchizetmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlbetmə və başqa hüquqazidd əməllərin törədilməsinə görə həbs ediliblər. Məlumatda həbs olunanların ad və soyadları da göstərilir.
Faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Məlumatdan aydın olur ki, həbs olunanlar arasında Suriyada qanunsuz silahlı birləşmələrin, həmçinin Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş, "Təhriki Taliban”, "Tayfatul Mansura”, "Seyfullah” adlı silahlı dəstələrin tərkibində fəaliyyət göstərib, sonra Suriya ərazisinə keçənlər, hətta ailələrini də münaqişə zonalarına aparanlar var. Bundan əlavə, həbs olunanlardan Vüqar Dursunəliyev 15 yaşlı övladı Elvin Dursunəliyevi də qanunsuz yolla Suriyaya göndərib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
MTN-in məlumatında o da bildirilir ki, yuxarıda sadalanan hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.
MTN-in məlum əməliyyatını "Şərq”ə şərh edən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altayın fikrincə, bu əməliyyat gözlənilən idi:
- Hamımız bilirik ki, Azərbaycanda dövlətçilik kifayət qədər qorunur. Azərbaycan dövlətinin təhlükəsizliyi təmin olunur. Bu da hüquq-mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin müsbət fəaliyyətinin nəticəsidir. Zaman-zaman müxtəlif silahlı birləşmələrin, ekstremist qrupların qarşısı alınıb, ölkədə sabitlik tam bərpa olunub və bu gün də Azərbaycan stabil bir ölkədir. Amma İŞİD-ə qoşulanlarla bağlı əməliyyat, açığını deyim ki, bizə bir az gecikmiş görünürdü. Belə təəssürat yaranırdı ki, hüquq-mühafizə və təhlükəsizlik orqanları İŞİD üzvlərinə qarşı loyal davranır. Amma bir əməliyyat nəticəsində 26 nəfərin həbsi onu göstərdi ki, Azərbaycan təhlükəsizlik orqanları yenə də ayıq-sayıqdır. Bəzən insanlar hansısa bir işdə nəticənin tez ortaya çıxmasını gözləyir. Amma nəzərə almaq lazımdır ki, silahlı birləşmə üzvlərini yaxalamaq asan iş deyil. Bunun üçün aylarla və bəlkə illərlə çalışmaq lazım gəlir. MTN-in bu sonuncu əməliyyatı da, mən deyərdim ki, aylarla aparılan fəaliyyətin nəticəsidir. Belə məsələlərdə tələsmək səhvlərə yol aça bilər. Çünki burada məqsəd bir və ya iki nəfərin yaxalanması yox, dəstə üzvlərinin zərərsizləşdirilməsidir. MTN xeyli müddətdir əməliyyat aparırmış və onların həbsinə indi qərar verilib. Əməliyyat da uğurla başa çatdırılıb.
Bilirsiz, ekstremist qruplar, silahlı birləşmələr Azərbaycanda fəaliyyət göstərə bilmir. Çünki Azərbaycan həm ərazisinə görə kompaktdır, həm dövlətçilik ənənələri güclüdür, dövlətin təhlükəsizliyi ciddi qorunur, həm də xalq da dövlətinin arxasındadır, Azərbaycan cəmiyyəti bu cür qruplaşmalara, radikal cərəyanlara qarşı sərt mövqedədir. Amma zəifləmiş ölkələrdə silahlı birləşmələr istədiklərini edir, başqa dövlətlərin vətəndaşlarını da dəstələrinə cəlb edirlər. Terrora alışdırılmış insanla isə davranmaq asan olur. Belə adamları öz ölkəsinə terrorçu kimi göndərmək də onların qarşıya qoyduğu məqsədlərindən biridir. Biz dünənədək belə düşünürdük ki, İŞİD-ə, digər terror qruplarına qoşulanlar geri qayıtmır, "şəhid” olurlar. Amma MTN-in əməliyyatı göstərdi ki, bu insanlar heç də könüllü "şəhidlik” seçənlər deyil. Belə olsaydı, niyə Azərbaycana qayıdırdılar. Deməli, burada məqsəd Azərbaycanda dini ekstremizmi yaymaqdır. Açığını deyim ki, bu saat fürsət gözləyən çevrələr var ki, Azərbaycanda dövlətçiliyin azacıq zəifləməsini istəyirlər ki, öz məkrli planlarını həyata keçirsinlər. Ayrı-ayrı məzhəblər arasında hətta mübarizə də gedir. Sünnilər də, şiələr də, vəhhabilər də, ayrı-ayrılıqda Azərbaycanda nüfuza sahib olmaq istəyirlər. Ancaq cəmiyyətdən dəstək yoxdur deyə, məqsədlərinə çata bilmirlər.
İ.Altay qeyd etdi ki, qanunsuz silahlı birləşmələrə qoşulanlar və buna təhrik edilənlərlə buradaca mübarizə aparılmalıdır:
- Biz gözləməməliyik ki, kimsə gedib terror qruplaşmasına qoşulsun, əməliyyatlarda iştirak etsin, sonra da muzdlu killer kimi Azərbaycana qayıtsın, onu burada həbs edək. Biz gərək onun kökünü arayıb tapaq və məhv edək. Baxın, bir insanı cinayətə sürükləmək çox çətindir. Kiməsə baş kəsməyi, qan tökməyi, günahsız insanları qətl etməyi təlqin etmək üçün illərlə təbliğat aparmaq lazım gəlir. Adam öldürmək asan məsələ deyil. Bir adamı kiminsə toyuğunu oğurlamağa təhrik etmək üçün gərək 3 gün onunla söhbət aparasan. Amma bunlar insanları çox rahatlıqla qətlə yetirir və videosunu da paylaşırlar. Deməli, bu insanlara illərlə qətl etmək dərsi keçilib. Bəs bizim dini idarə, dini komitə indiyədək nə işlə məşğul olub? İslam dinini insanlara, cəmiyyətə niyə düzgün başa salmayıblar ki, insanlar da düzgün yolunu azmasınlar?! İnsanların beyni yad ideologiyalar, xarici mentalitetlə o qədər doldurulub ki, onları yoldan çıxarmaq asanlaşıb. Bunun qarşısı alınmalıdır. Sizə deyim ki, radikal dini cərəyanlar bölgələrdə də aktivdirlər. Gəncədə, Tovuzda, Şəmkir tərəfdə belə insanlar var. Onlar yas, hətta toy mərasimlərini də öz dünyagörüşlərinə uyğun keçirirlər və bu adətləri cəmiyyətə də təlqin etməyə çalışırlar. Bu yöndə işləyirlər və kök salırlar. Onlara qarşı bizim Qafqaz Müsəlmanları İdarəsi də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də fəaliyyətlərini gücləndirməlidirlər.
İ.Altay xüsusilə gənclərlə bağlı ciddi iş aparılmasına ehtiyac olduğunu bildirdi:
- MTN-in məlumatından görünür ki, bir ata öz övladının yol xərcini ödəyərək Suriyaya getməsinə yardım edib. Buna nə ad qoymaq olar?! Görün, həmin radikal qruplar insanların beynini hansı dərəcədə zəhərləyir ki, ata öz övladını cinayətə sürükləyir. Bu cür zərərli əməllərin üzə çıxması göstərir ki, gənclərin təlim-tərbiyəsi ilə bağlı xüsusi iş aparılmalıdır. Biz gözləməməliyik ki, MTN əməliyyat keçirib dəstə üzvlərini yaxalasın. Bütün aidiyyətli qurumlar - QMİ də, DQİDK də, hüquq-mühafizə orqanları da, eyni zamanda hamımız bir toplum olaraq ziyanlı, qeyri-ənənəvi dini cərəyanlara, ekstremizmi, radikallığı yaymaq istəyənlərə qarşı iş aparmalıyıq.
Məlahət Rzayeva