Həmsədri və səfiri suala tutdular

“Amerikalı həmsədrə dedik ki, işğalçı rejimi müdafiə edirsiniz”
Elman Məmmədov: “Bildirdik ki, biz ABŞ-ın fəaliyyətini, aktivliyini görmürük. Həmsədrlərin boş-boşuna bölgəyə səfəri heç nəyi dəyişmir”


Ötən gün ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və Amerikanın ölkəmizdəki səfiri Robert Sekuta Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəlləyə baş çəkiblər. "Qaçqınkom”un sədr müavini Fuad Hüseynov diplomatlara ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərlə bağlı məlumat verib.

Bildirib ki, məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov və Milli Məclisin üzvü Elman Məmmədov da diplomatlara ermənilərin apardığı işğalçılıq siyasəti ilə bağlı məlumat veriblər. Onlar ABŞ-dan həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə dəstək verməsini gözlədiklərini bildiriblər. 

Bir daha vurğulanıb ki, ərazimizin 20 faizi işğal olunub və etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət onların yaşayışı üçün şərait yaratsa da, insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir. Səfir Robert Sekuta bəyan edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə o, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib. Onun sözlərinə görə, Amerika münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.


Görüşlə bağlı təəssüratlarını "Şərq”ə danışan danışan millət vəkili Elman Məmmədov bildirib ki, qonaqları qəbul edənlər arasında onunla yanaşı, Bayram Səfərov və incəsənət xadimi, professor Fərhad Bədəlbəyli də olub. Deputatın sözlərinə görə, problemlə bağlı məqamlar bütün xırdalıqları ilə həmsədrin və səfirin diqqətinə çatdırılıb: 

"Növbəti dəfə bəyan etdik ki, həmsədrlərdən, beynəlxalq vasitəçilərdən sadəcə bir istəyimiz var. O da ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunmasıdır. Təəssüflə bildirdik ki, siz işğalçı rejimi müdafiə edirsiz, düşməni ruhlandırırsız. Siz də indiki status-kvonun qorunub saxlanmasına çalışırsız, düşmən Ermənistan da. Diqqətə çatdırdıq ki, biz ABŞ-ın fəaliyyətini, aktivliyini görmürük. Həmsədrlərin boş-boşuna bölgəyə səfəri heç nəyi dəyişmir. Bizə əsaslı yenilik lazımdır. İndi də deyirlər ki, müşahidəçilərin sayı artırılsın, təmas xəttində etimad olsun və s. Bunların hamısı Azərbaycana qarşı ədalətsizlikdir. Niyə işğal olunmuş torpaqlarımızdakı ermənilərlə bizim aramızda etimad mühiti olmalıdır? 

Etimad iki ölkənin qanuni sərhədlərində formalaşmalıdır. Təmas xətti az qala mənim ölkəmin ortasından keçir. Müharibə vəziyyətində, işğal faktı qala-qala hansı etimaddan söhbət gedə bilər?!”. Deputat bildirib ki, onlar suallarına amerikalı rəsmilərdən lazımi cavabı alıblar: "Qonaqlar Azərbaycan torpaqlarının zəbt edildiyini, yəni işğal faktını qəbul etdilər, bunu etiraf etdilər. Azərbaycan tərəfi işğal faktının aradan qalxmasını istəyir. 

Həmsədrlərin fəaliyyətsizliyi müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər. O baxımdan ABŞ dünyanın böyük və nüfuzlu gücü kimi problemin həllinə daha çox çalışmalıdır”. 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan qonşu dövlətlərlə saxladığı normal ünsiyyəti Ermənistanla da saxlaya bilər. 

Təbii ki, işğal etdiyi torpaqlarımızı boşaltmaq şərti ilə: "Verdiyimiz çox ətraflı məlumatlardan və qaldırdığımız problemlərdən dolayı qonaqlar razılaşdılar və etiraz etmədilər. Çünki biz haqlı mövqeyimizi ortaya qoyduq. Bir daha bəyan etdik ki, vasitəçilər üzərinə düşəni etməsələr, Azərbaycan hərbi yolla problemi həll etməyə məcbur qalacaq”.

İsmayıl