Hər bir sürücü ilkin tibbi yardımın qaydalarını bilməlidir

İmtahanlar üçün tutalım, 1000 sual hazırlanıbsa, bunun 10-u tibbi yardımla bağlı ola bilər



Sürücülük vəsiqəsinin verilməsində imtahana ilkin tibbi yardımla bağlı da suallar salınır. Bəzi mütəxəssislər belə hesab edir ki, tibbi yardıma aid suallara ehtiyac yoxdur. Çünki bu suallardan bəzən sui-istifadə edilir. Sıravi vətəndaşların tibb sahəsində bilikləri sıfırın altında olduğundan imtahanlarda məhz bu suallar səbəbindən sıxıntı yaşayırlar.

Həkimlərsə bu fikirdədir ki, sürücülər ilkin tibbi yardımla bağlı bilik və vərdişləri mənimsəməlidir. Yolda hər an qəfil, gözlənilməz bir hadisə baş verə bilər. Belə halda sürücü həm özünə, həm də qəzaya uğramış yolçuya ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Sadəcə, tibbi biliklərlə bağlı sualların vəsiqə almaq üçün imtahan verən şəxslərə qarşı sui-istifadə olunmasının qarşısı alınmalıdır. Sürücülük imtahanında ilkin tibbi yardımla bağlı suallar olmalıdırmı?

Nəqliyyat məsələləri üzrə ekspert, «Digesta» Hüquq Firmasının rəhbəri Ərşad Hüseynov «Şərq»ə açıqlamasında bildirib ki, sürücülərin hazırlığı ilə bağlı 1974-cü ildə beynəlxalq standartlar qəbul olunub və «sürücü nəyi bilməlidir» proqramı təsdiq edilib. Proqrama əsasən sürücülük vəsiqəsi almaq iddiasında olan şəxs həkiməqədərki tibbi yardımla bağlı suallara da cavab verməlidir:

- Dünyanın hər yerində bu, belədir. Sürücü ilkin tibbi yardımın qaydalarını bilməlidir. Anidən baş verən yol-nəqliyyat qəzalarında bəzən sürücünün ilkin tibbi yardımın qaydalarını bilməsi insan həyatının xilas edilməsinə səbəb olur. Əgər qəza keçirmiş şəxsdə qanaxma başlayıbsa, ona kömək etmək istəyən adam qanın axmasını dayandırmağın yollarını bilməlidir. Ən azından həkim briqadası, təcili yardım maşını hadisə yerinə gəlib çıxanadək qanaxmanı dayandırmaq, yaxud azaltmağın üsulları var. Həmçinin, bəzən qəza zamanı zədələnmiş adamın nəfəs alması çətinləşir, boğulur, ona necə yardım göstərilməlidir, nəfəs almasını necə asanlaşdırmaq olar, bunu sürücülər bilməlidir. Eləcə də, sınıq, xəsarətalmalar zamanı insan necə davranmalıdır ki, sınmış sümüklər toxumaları zədələməsin və sairəni yardım etmək istəyən adam bilsə, qəza keçirmiş şəxsə çox köməyi dəyə bilər. Sürücü özü-özünə yardım etmək qaydalarını bilməlidir. Elə bir yerdə qəza keçirə bilər ki, ətrafda tənha olar, köməyə kimisə çağıra bilməz. Belə vəziyyətdə insan necə davranmalıdır, sıxılmış vəziyyətdən necə qurtarmalıdır, tərpənməli, yoxsa hərəkətsizmi qalmalıdır, bütün bunları bilmək hamı üçün xeyirlidir. Təkcə sürücülər deyil, başqa peşə sahibləri də ilkin tibbi yardım qaydalarını bilməlidir.

Ə.Hüseynov sürücülük imtahanlarındakı tibbi biliklərlə bağlı suallardan bəzən sui-istifadə edilməsi məsələsinə də toxundu:

- Sürücülük imtahanları ilə bağlı dərslik var, orada sürücülüklə bağlı bütün məsələlər əksini tapıb. İlkin tibbi yardımla bağlı da bölmə var. İmtahan verməyə hazırlaşan, sürücülüyü öyrənmək istəyən gərək dərsliklə tanış olsun, öyrənsin. İmtahanlar üçün tutalım, 1000 sual hazırlanıbsa, bunun 10-u tibbi yardımla bağlı ola bilər. İmtahan verənə təqdim olunan 10 sualdan yalnız 1-i ilkin tibbi yardıma aid olur. Yerdə qalan suallar hərəkət qaydalarına aiddir.

Nəyinsə müqabilində sürücülük vəsiqəsi almağa gərək biz özümüz razı olmayaq. Çünki bu, həyati əhəmiyyətli bir məsələdir. Sükan arxasına keçən adam yol-hərəkət qaydalarını bilmirsə, ilk növbədə özünə ziyandır, sonra qarşı tərəfə.

Məlahət Rzayeva