İctimai yerlərdə siqaret çəkənləri cərimələmək ən doğru addımdır
Sadəcə, bu mexanizmi daha dolğun və düzgün işləmək lazımdır ki, bunlar kağız üzərində qalmasın
"Siqaretdən istifadə ilə bağlı daha iki ciddi cərimə müəyyən olunub. Düşünürəm ki, sahibkarlar xüsusən diqqətli olmalıdırlar".
Bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir:
212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cərimə edilir.
212.5. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
"212.3-cü maddəni qısa şərh etsək, belə aydın olur ki, 18 yaşı çatmayan şəxsə siqaret vermək, ona siqaret almaq, yaxud ona siqaret çəkməyi təklif etmək 100 manat cəriməyə səbəb ola bilər. Ona görə də sizə yaxınlaşıb "Day-day, bir siqaret olar" deyən yeniyetmələrlə ehtiyatlı olun" - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, ikinci xəta (212.5-ci maddə) isə həm maraqlıdır, həm də ciddi mübahisələr vəd edir: "Çünki bu cərimə sahibkarlara və hüquqi şəxslərə tətbiq oluna biləcək. Maraqlısı odur ki, İXM-nin 212-ci maddəsi iş yerlərində və müxtəlif obyektlərdə "siqaret çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün 1000 manat). Belə olan halda "tütün çəkilməsinin qarşısının alınmaması" ifadəsinin nəyi ehtiva etdiyi bir qədər mücərrəd qalır".
"Şübhəsiz ki, məsələn, obyektində siqaret çəkildiyini görən sahibkar həmin adamın əlindən siqareti ala bilməyəcək. Bu, yolverilməz və təhlükəlidir. Uzaq başı, ona sözlə xatırlada biləcək ki, bizdə siqaret çəkilmir. Bu da sözdür və əslində buna da ehtiyac yoxdur, çünki obyektin divarında belə qadağanı bildirən yazı onsuz da olmalıdır. Düşünürəm ki, 212.5-ci maddə problem yaradacaq" - deyə Ə.Hüseynov vurğulayıb.
İctimai yerlərdə siqaret və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və cərimə olunması məsələsi cəmiyyətdə də birmənalı qarşılanmır. Məsələ ilə bağlı vəkil İradə Cavadova "Şərq"ə açıqlamasında münasibətini bildirdi:
- Təbii ki, sahibkar əgər qadağan olunmuş yerdə, ona məxsus məkanda vətəndaşın siqaret çəkdiyini görərsə, bu barədə ona xəbərdarlıq edib çəkməməsini xahiş edərsə, ancaq xəbərdarlığa baxmayaraq vətəndaş buna məhəl qoymadan hərəkətinə davam edərsə, onda həmin məkanın sahibi inzibati qaydada hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Təbii ki, burada videogörüntülərin və ya şahidin olması da vacibdir. Yəni bu, sahibkar üçün başağrısı ola bilər. Əgər sahibkarın sahib olduğu məkan polis və ya mühafizəçilər tərəfindən nəzarətdədirsə, o halda sahibkar onlara müraciət etmək imkanından da yararlana bilər. Vətəndaş polisin və ya mühafizəçilərin xəbərdarlığına da əməl etməzsə, orada müəyyən insident yaşanarsa, bu artıq xuliqanlıq əlaməti kimi də dəyərləndirilə bilər. Əgər qadağan olunmuş yerlərdə siqaretdən istifadə olunarsa, bu halda cərimələr tətbiq olunmalıdır. Necə ki, Dövlət Yol Polisi nəqliyyatın gedişatına, istifadəsinə nəzarət edir və qanunu pozan sürücülər və eyni zamanda piyadalar cərimə olunursa, siqaret çəkilməsi üçün də cərimələr tətbiq olunmasını normal qarşılamaq lazımdır. Bu hallar təbii ki, müəyyən məkanlarda siqaretdən istifadənin qarşısını ala bilər. Eyni zamanda maarifləndirici addımlar da atmaq lazımdır. Əvvəllər piyada keçidlərindən istifadə qaydalarında problemlər yaranırdı, artıq maarifləndirici proseslər aparıldıqdan və cərimələr tətbiq olunduqdan sonra bu gün bu hallara az rast gəlinir. Təbii ki, əgər qanun çərçivəsində müəyyən qadağan olunmuş yerlərdə siqaretin çəkilməsinə məhdudiyət qoyulubsa, buna hər bir vətəndaş əməl etməyə borcludur. Ümumiyyətlə, yaxşı olar ki, ictimai yerlərdə tütündən istifadəyə tam qadağa qoyulsun. Çünki insanlar arasında bu, müəyyən narazılıqlara gətirib çıxarır. Ən yaxşı hal kimi isə maarifləndirmə məsələsidir ki, bundan yararlanmaq və təbliğatı düzgün formada aparmaq lazımdır. Sosial mesaj, sosial roliklərin hazırlanması maarifləndirmə prosesini gücləndirə bilər. Təcrübələrdən də görürük ki, maarifləndirmə aparılan mövzularda insanların şüuruna, davranışına təsir etmək mümkündünr. Bu məsələdə kütləvi informasiya vasitələrinin, televiziyaların üzərinə də mənəvi yük düşür. Onlar reklam dəqiqələrində, sosial roliklər təqdim etməklə də cəmiyyət arasında maarifləndirmə prosesinə təsir etmiş olarlar. İnsanların mədəni təfəkkürünü formalaşdırmaq üçün televiziyaların, kütləvi informasiya vasitələrinin rolu qaçılmaz və danılmazdır. Eyni zamanda həmin sosial mesajlarda və roliklərdə onu da çatdırmaq lazımdır ki, siqaret çəkən insanlar çəkməyənlərin də hüquqlarını pozmuş olur. Əgər mən siqaret çəkmirəmsə və bu, səhhətimə ziyandırsa, niyə mən başqasının siqaret çəkməsindən narahat olmalı, bunu izləməliyəm? Deyək ki, hər hansı bir kafedə oturub istirahət edirəmsə, başqa bir masada siqaret çəkən insan niyə mənim səhhətimə ziyan vurmalı, siqaretin qoxusu məni narahat etməli, istirahətimi pozmalıdır? Nəzərə almaq lazımdır ki, ictimai yerlərdə körpə uşaqlar, hamilə qadınlar, xəstə insanlar ola bilir ki, bu da onların səhhətinə təsirsiz ötüşmür. Biz başqalarının hüquqlarına girmədən, onlara narahatlıq yaratmadan da həyatımızı sürə bilərik. Siqaret çəkən insanlar faktiki olaraq siqaret çəkməyən insanları passiv siqaret istifadəçisinə çevirir. Ona görə də ictimai yerlərdə siqaret çəkənləri cərimə etmək ən doğru təsir vasitələrindən biridir. Sadəcə, bu mexanizmi daha dolğun və düzgün işləmək lazımdır ki, bunlar kağız üzərində qalmasın. Cərimə düzgün həyata keçirilsin, tətbiq olunsun və əsasən də nəticəsi özünü göstərsin. Yəni mexanizm işlək formada hazırlansın. Təbii ki, bu, müəyyən bir zaman tələb edən prosesdir, biz əminik ki, nəticəsi də müsbət olacaq.
İlahə