Asif Kərimov: "Bizim münsiflərin ən zəifinin belə musiqi savadı "O səs Türkiyə" layihəsində oturan münsiflərdən qat-qat çoxdur"
Təkcə Azərbaycanda deyil, dünyada bir çox musiqi yarışları var ki, onlar böyük tamaşaçı kütləsi əldə edə biliblər. Türkiyədə yayımlanan «O Səs Türkiyə», Rusiyada qolos «Volna» və digər yarışmalarda diqqət çəkən istedadlıları tapmaq mümkün olur. Hazırda «Səs Azərbaycan" yarışmasında olan iştirakçılar arasında da istedadı olanlar diqqət çəkə bilir. "Səs Azərbaycan"ın münsif kürsüsündə olan prodüser Asif Kərimov yarışma prosesindən, maraqlı iştirakçılardan «Şərq»ə danışdı: «İlk növbədə bir fikrimi dilə gətirmək istərdim. Mən bu müsabiqənin "O Səs Türkiyə" ilə müqayisə olunmasının tam əleyhinəyəm. Bunun üçün əsaslı səbəblərim var.
Əvvəla, o layihə böyük vəsait hesabına ərsəyə gətirilir. Türkiyədə olan yarışmanın izləyicisi milyonlarladı. Üstəlik, digər ölkələrdə də o yarışma izlənilir. Deməli, onun gəliri milyonlardı. Ona görə də elə böyük vəsaitlə tamaşaçıya təqdim olunan yarışma ilə "Səs Azərbaycan"ı müqayisə edə bilmərik. Digər tərəfdən, o yarışmada oturan münsiflərə gəlincə, mənim fikrimcə, orda Gökhandan başqa digər münsiflərin musiqi anlayışları demək olar yoxdu. Musiqi sahəsi ilə əlaqələri olsa da, musiqi savadları yetərli deyil.
Bir söz deyim, inanın səmimiyyətimə. Bu günə qədər Azərbaycanda olan bir çox musiqi yarışmaları olub:
"Xalq ulduzu", "Yeni ulduz", "Azəristar" və başqaları. Orda oturan münsiflərin ən zəifinin belə musiqi savadı "O səs Türkiyə" layihəsində oturan münsiflərdən qat-qat çoxdur. İnanın buna. Qaldı iştirakçıların potensialına, mən bu yarışda bir çox istedadlı gəncləri özüm üçün kəşf etmişəm. Onlar arasında 5-6 iştirakçı var ki, musiqi prodüseri olaraq onlarla gələcəkdə işbirliklərimiz alına bilər. Mən klassik estrada ifaçısı axtarışına çıxmışam.
Bir neçə gənci bu müsabiqədə tapmışam. Yəni təkcə Azərbaycan estradasını deyil, klassik dünya estrada musiqilərini ifa edə biləcək potensiala sahib gənclərimiz var. Mənim üçün əslində müsabiqədə mənim komandam, sənin komandanın sözü yoxdu. Nazpəri xanımın komandasında da elə gənc ola bilər ki, müsabiqədən sonra onunla çalışmaq niyyətim ola bilər.
Öz seçimimlə olan 22 uşaqdan 5-6-sı ilə işbirliyim alına bilər. Əslində müsabiqəni tərk edənlərdən bir neçəsi ilə artıq işbirliyinə başlamışıq. Onlar arasında Orxan adlı iştirakçı var idi ki, müsabiqəni tərk etsə də, mənim diqqətimi çəkə bildi, artıq bir neçə proyekt üzərində onunla işbirliyinə başlamışıq. Bu müsabiqə bizə imkan verir ki, istedadı, potensialı olan gəncləri tanıya bilək».
Tahirə