“Əksər valideynlər uşaqların açıq havada deyil, kompüter qarşısında virtual oyun oynamasına daha çox üstünlük verirlər”
İntihar - internet olan evlərə çox yaxındır
Bu gün sosial şəbəkələrdə uşaqları intihara səsləyən xüsusi qruplar mövcuddur
“Əksər valideynlər uşaqların açıq havada deyil, kompüter qarşısında virtual oyun oynamasına daha çox üstünlük verirlər”
“Əksər valideynlər uşaqların açıq havada deyil, kompüter qarşısında virtual oyun oynamasına daha çox üstünlük verirlər”
"Düşünürlər ki, uşaqları evdə təhlükəsizdir, çöldə oynayıb maşınların altına düşməyəcək, yıxılıb əzilməyəcək və s.”
Yeniyetmələr arasında intihar hallarının sayı ilbəil artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillərə əsasən, son zamanlar intihar hallarının gəncləşməsi, yəni uşaqlar arasında daha çox baş verməsi olduqca narahatedici məsələdir.
Orta statistikaya görə, ölkəmizdə hər il intihar edən azyaşlı uşaqların sayı 50-dən yuxarı olur. 2016-cı ilin 6 ayı ərzində isə 28 uşaq həyatına son verib. Araşdırmalar isə göstərir ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada canına qəsd edən uşaqların sayında ciddi artım var. Məsələn, Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib ki, təkcə bu il ərzində 350 uşaq intihar edib: "Rusiyada yetkinlik yaşına çatmayan uşaqlar arasında intiharların sayı kəskin artıb. Onların sayı dünyadakı göstəricilərdən üç dəfə çoxdur. 2015-ci ildə isə Rusiyada 460-dan çox uşaq intiharı qeydə alınıb”.
Komitə rəsmisinin sözlərinə görə, bu gün sosial şəbəkələrdə uşaqları intihara səsləyən xüsusi qruplar mövcuddur: "Ən dəhşətlisi odur ki, intihar edən uşaqlar normal və sadə ailələrin övladlarıdır. Onlar atılmış, satılmış uşaqlar deyil. Ona görə də, Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinə yeniyetmələr arasında intiharın təşviqinin məsuliyyət daşımasını ehtiva edən maddə əlavə olunmasını vacib hesab edir. Komitə yeniyetmələr arasında intiharın təşviqinə görə, 7 ilə qədər həbs cəzasının tətbiqini təklif edir”. Uşaq intiharlarının artması və göstərilən səbəblərlə bağlı "Şərq”ə danışan tanınmış psixoloq Azad İsazadə deyib ki, burada problem sosial şəbəkələr yox, internet resurslarından fərqli məqsədlər üçün istifadə edən xüsusi qruplardır. Ekspertə görə, sosial şəbəkənin olmadığı dövrlərdə də insanları ölümə çağıran təhlükəli qruplaşmalar mövcud idi: "Sadəcə olaraq əvvəlki dönəmlərdə insanları nəyəsə cəlb etmək imkanları çox az idi. Müxtəlif sektalar yaranır və ətrafına xeyli adam toplayırdı. Bəzən həmin sektalar kütləvi ölüm kampaniyları keçirir və 20-30 adam birlikdə intihar edirdilər. Ancaq əksər hallarda onları dəstəkləyənlərin sayı 50-ni keçmirdi. Çünki rabitə vasitələri zəif idi. Lakin indi dünyaya yayılmış internet şəbəkəsi var. Təəssüflər olsun ki, bu vasitədən faydalı işlərlə yanaşı, təhlükəli məqsədlər üçün də istifadə edilir”. Psixoloq deyib ki, internetin yaranması və inkişafı bu işi daha da sürətləndirib. Amma çıxış yolu interneti, sosial şəbəkələri məhdudlaşdırmaq deyil: "İlbəil maşın qəzasında ölən insanların sayı çoxalır. Amma heç kim avtomobilləri qadağan etməyi təklif etmir. Çünki baş verənlər sivilizasiyanın təbii prosesi kimi qəbul edilir. İndiki zamanda sosial şəbəkələri tam nəzarət altına götürmək, təhlükəli səhifələri izləmək və qadağan etmək praktiki olaraq mümkünsüzdür. Problemi müəyyən qədər aradan qaldırmaq üçün öz uşaqlarımıza sahib çıxmalıyıq. Şəbəkələrə yox, uşaqlarımıza nəzarət etməliyik. Valideynlərlə sıx işləməli, uşaqla davranma üsullarını onlara anlatmalıyıq. Yeri gələndə uşaqların internet səyahətlərinə məhdudiyyətlər qoymalıyıq. Övladımızla dost olmağı bacarmalıyıq. Çox hallarda onları internet dünyasına özümüz yönləndiririk. Təbii ki, bununla yanaşı, hüquq-mühafizə orqanları sosial şəbəkədə açıq formada cinayətləri, intiharları, cinsi problemləri, radikal dini təriqətləri təbliğ edən qrupları ortaya çıxarmalı, onları məsuliyyətə cəlb etməlidir”. A.İsazadə təəssüflə bildirib ki, əksər valideynlər uşaqların açıq havada deyil, kompüter qarşısında virtual oyun oynamasına daha çox üstünlük verirlər: "Düşünürlər ki, uşaqları evdə təhlükəsizdir, çöldə oynayıb maşınların altına düşməyəcək, yıxılıb əzilməyəcək və s. Amma bu düşüncə tamamilə yanlışdır. Evdəki kompüter yoldakı maşından daha qorxuludur. Uşaqları nəzarətsiz buraxırıq, bir şey olanda isə sosial şəbəkələri günahlandırırıq. Əgər uşaqlar internetdə təhlükəli qrupların tələsinə düşübsə, günah ilk növbədə valideynlərindir”. Ekspertə görə, bu işlə məşğul olan qrupların varlıq səbəbləri müxtəlifdir: "Bu məşğuliyyətə biznes sahəsi kimi baxan da var. Eyni zamanda ruhi pozuntusu olan, psixoloji sarsıntılar yaşayan insanlar da bu işlə məşğul ola bilərlər”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə deyib ki, dünyada mövcud olan bütün sosial şəbəkələr insanların şəxsi həyatına toxunacaq məsələlərin, təhqiramiz ifadələrin, təhlükəli sektaların yayılmasının qarşısını almaq üçün birlikdə işləyirlər: "Çox mühüm məsələdir. İnternet resursları üzərindən fəaliyyət göstərən müəyyən qruplar yeniyetmələrin mənfi istiqamətə yönləndirilməsində aktiv iştirak edirlər. Gəncləri, uşaqları intihara səsləməklə, ümumi etiraza çağırmaqla, ailəyə qarşı çıxmağa sövq etməklə öz faliyyətlərini qurur və buna "azadlıq” adı qoyurlar. Deyirlər ki, "həyat bir dəfə verilir, onu doya-
doya yaşayın və istədiyinizi edin”. Yəni müxtəlif üsullarla uşaqların dünya görüşünü neqativ istiqamətə çəkirlər. Bu problemlər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da müşahidə olunur”. Psixoloqun fikrincə, bu istiqamətdə valideynlər çox diqqətli olmalıdır. Çünki yeniyetmələr axtarış mərhələsindədirlər: "Onların yanlış yola düşməsi, intihara meyl etməsi heç də maddi durumla bağlı deyil. Burada sosial faktor aparıcı rol oynamır. Çox vaxt imkanlı ailələrin uşaqları da canlarına qıyırlar. Ümumiyyətlə, içində mənəvi boşluq olan, daxili narahatlıq yaşayan insanlar, xüsusən gənclər intihar düşüncəsinə daha tez qapılırlar. Bu baxımdan insanların psixoloji dəstək alması çox önəmlidir. Amma burada bir yanlış yanaşma var. Hamı gözləyir ki, hansısa psixoloji problem yaransın, sonra psixoloqa üz tutsun. Zamanında profilaktik tədbirlər görülərsə, qabaqlayıcı addımlar atmaq mümkündür. Yəni istənilən formada uşaqları intihar və başqa təhlükəli düşüncələrdən çəkindirmək olar, amma vaxtında müraciət edilərsə”.
İsmayıl