İqtisadçı aksiz vergisinin artırılmasını dəstəklədi

Bu məhsullar əsas istehlak məhsulları hesab oluna bilməz





Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün, pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

Tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı-ekspert Fikrət Yusifov da hesab edir ki, dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi baxımından sözügedən məhsulların vergi və gömrük rüsumlarının artırılması məqsədəuyğundur:

"İdxal olunan bu məhsullara aksiz vergilərinin artırılmasını normal qarşılamaq lazımdır. Bu məhsullar əsas istehlak məhsulları hesab oluna bilməz və onların istehlakının azaldılması daha çox insanların sağlamlığı üçün faydalıdır. 

Aksiz vergilərinin artırılması, təbii ki, xaricdən gətirilən tütün və alkoqollu məhsulların qiymətinin artmasına səbəb olacaq. Digər tərəfdən bilmək lazımdır ki, belə qiymət artımı təkcə büdcəyə əlavə vəsait toplamaq məqsədi güdmür. Burada söhbət eyni zamanda həmin məhsulların yerli istehsalını stimullaşdırmaqdan gedir”.

Şəymən