İşlər komleks şəkildə həll olunmalıdır

Azərbaycan-Gürcüstan ortaq məktəbləri qurulmalı, özəl ali təhsil müəssisələri təsis edilməlidir
Həyəcanlı tərzdə məsələni qabartmaq, “soydaşlarımız gedərək azalır, yoxa çıxır” demək heç nəyi həll etmir


Təhsil eksperti Kamran Əsədov Gürcüstanda yaşayan soydaşlarımızın təhsil aldığı milli məktəblər və orada çalışan müəllimlərin sayı ilə bağlı maraqlı statistika açıqlayıb. Təqdim olunan statistikada son 30 ildə həm məktəblərin, həm də, müəllimlərin sayında kəskin azalmanın olduğu bildirilib. Belə ki, 1989-cu ildə 183 məktəb fəalliyyət göstərdiyi halda, 2018-ci ildə məktəblərin sayı 80-ə enib. Gürcüstandakı milli məktəblərdə çalışan müəllim soydaşlarımızın sayı 1989-cu ildə 6922 nəfər olduğu halda 2018-ci ildə 3628 nəfərə düşüb. Ekspert Kamran Əsədovun sözlərinə görə, hazırda dərs deyən müəllimlərin 80 faizi təqaüdçüdür. K.Əsədov məktəblərdə ciddi kadr çatışmazılığının olduğunu vurğulayıb və bunu ciddi problem kimi qabardıb.

Ekspertin açıqladığı statistik rəqəmlərlə bağlı "Şərq”ə danışan "Borçalı” İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli hər zaman təhsillə bağlı problemləri dilə gətirdiyini deyib. Onun sözlərinə görə, birinci mühüm məsələ məktəblərin varlığı və qorunması, ikinci məsələ isə pedaqoji kadrların müasir zamanın tələblərinə uyğun hazırlanmasıdır: 

"Vurğulanan problemlərin kökündə Gürcüstanda təhsil islahatlarının tez-tez aparılması və onların doğurduğu nəticələr dayanır. Bu islahatlar uşaq bağçalarından tutmuş, orta məktəblərə və universitetlərə qədər sahələri əhatə edir. Bunları obyektiv səbəblər arasında görmək mümkündür. Əlbəttə, başqa səbəblər də var. Bəzi hallarda məktəblər rentabelli olmur, yetəri sayda şagird təhsil almır. Elə məktəb var ki, orada sadəcə bir-iki uşaq təhsil alır. Amma dövlətin borcudur ki, həmin az sayda uşaqlara da təhsil versin. Belə olan halda bir neçə orta məktəb birləşdirilir. Bu da azalma kimi qələmə verilir. Digər səbəb isə Gürcüstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında münasibətlərin rasional olmamasıdır. 

Həm də zaman dəyişir, miqrasiya və s. problemlər ortaya çıxır. Öz kəndini, yurdunu tərk edən, Azərbaycana köçən xeyli ailələr var. Lakin problemi birbaşa siyasi məsələlərə bağlamağın əleyhinəyəm. Gürcüstan müstəqil dövlətdir və öz vəzifələrini icra edir. Azərbaycan bu məsələdə sadəcə yardımçı işlər görə bilər. Çünki başqa bir dövlətin ərazisindəki təhsil sistemindən söhbət gedir”.

Z.Məmmədlinin firkincə, Azərbaycan tərəfi gürcü əsilli insanların ölkəmizdə pulsuz təhsil almasına şərait yaratmalı, dövlət hesabına təhsil alan həmin şəxslər isə geri dönərkən öz kəndlərində 5-10 il pedaqoji tədrislə məşğul olmaq öhdəliyini üzərlərinə götürməlidir: 

"Biz bu variantları təklif etmişik. Gürcü uşaqlarının təhsili ilə bağlı da eyni proqramı tətbiq edə bilərik. Nəticədə dövlətlərimiz arası etimad daha da güclənər. Burada təhsil alıb Gürcüstana geri dönən pedaqoji kadrların sosial müdafiə proqramı da mükəmməl olmalıdır. Sadəcə "sən yaxşı oğlansan, qəhrəmansan” yanaşması ilə bu işi həyata keçirmək mümkün deyil. 

Azərbaycan-Gürcüstan ortaq məktəbləri qurulmalı, özəl ali təhsil müəssisələri təsis edilməlidir. Yəni işlər kompleks şəkildə həyata keçirilməlidir. Həyəcanlı tərzdə məsələni qabartmaq, "soydaşlarımız gedərək azalır, yoxa çıxır” demək heç nəyi həll etmir. Məncə, məsələni belə dəyərləndirmək də doğru deyil. Bu xalq illərdir özünü qoruyub, bu gün də qoruyur, sabah da qoruyacaq”.

İsmayıl