Kifayət qədər layiqli insanlar var

"Ombudsman şərt deyil ki, hökmən qadın olsun. Burada kişi də ombudsman ola bilər"


Səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən və müddəti bir il uzadılan İnsan Haqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanı kimin əvəzləyəcəyi barədə müzakirələr davam edir. Iddialara görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək. Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, yeni ombudsmanın kim olacağı ölkə başçısının iradəsindən asılı olduğu üçün kimin ombudsman olacağını söyləmək çətindir: "Kifayət qədər layiqli insanlar var. Bunların arasında QHT-lərdə, hüquq sahəsində çalışan xeyli sayda insanlar var ki, burada fəaliyyət göstərə bilərlər. Bir də ombudsman şərt deyil ki, hökmən qadın olsun. Burada kişi də ombudsman ola bilər. Biliyi və bacarığı ilə cəmiyyət arasında tanınan istənilən şəxsin ombudsman olması mümkündür. Konkret ad çəkməkdə çətinlik çəkirəm.

Hər halda, qeyd etdiyim keyfiyyətləri özündə cəmləşdirən şəxsin ombudsman olması daha yaxşı olar. Elmira xanımın mümkün olan qanunlar çərçivəsində indiyə qədər normal fəaliyyət göstərdiyini düşünürəm. Çünki ombudsmanın da səlahiyyətləri kifayət qədər geniş deyil. Düzdür, deputatdan daha çox imkanlara sahibdir. Ən azından həbs yerlərinə baş çəkmək, müəyyən qanun pozuntularının qarşını almaq imkanı var. Azərbaycan reallığında fəaliyyət göstərən bir ombudsman olduğunu düşünürəm”.

Müvəkkilin təyinat məsələsini Prezidentin həyata keçirdiyini vurğulayan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, ombudsman Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir: 

"Qanunvericilikdə dəyişikliklər oldu. Bu dəyişikliklər nəticəsində də yeni ombudsman seçilənə qədər əvvəlki müvəkkil öz səlahiyyətlərini saxlayır. Elmira Süleymanova hazırda qanunun bu tələbinə uyğun olaraq ombudsman səlahiyyətini həyata keçirir. Yeni ombudsman seçilənədək belə olacaq. Qanunvericilikdə qeyd olunmayıb ki, ombudsmanın səlahiyyət müddəti bitdikdən sonra ən uzağı hansı müddətə qədər yeni ombudsman seçilməlidir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Elmira Süleymanovanın yerinə kimin seçiləcəyi məsələsinin tez-tez medianın gündəminə çıxması da təbiidir. Ombudsman İnstitutu çox mühüm institutdur. İnsan hüquq və azadlıqları ilə bağlı məsələyə nəzarət etməklə yanaşı, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayır: "Məhz ona görə, bir çox hallarda cəmiyyətin diqqətində olur. Eyni zamanda Elmira xanımın səlahiyyət müddətinin başa çatması və yeni ombudsmanın hələ seçilməməsi də bu mövzunun ara-sıra aktuallaşmasının səbəblərindən sayıla bilər. Yeni ombudsmanın seçilməsi üçün təqdimat verilməsi isə cənab prezidentin səlahiyyətlərinə aiddir".

Şəymən