Korrekturasız mətbuat və saytlar...

Ekspert və baş redaktorlar mediada dil qanunlarına qeyri-peşəkar yanaşmanı tənqid edirlər




(Əvvəli ötən sayımızda)

Azərbaycanda medianın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Xüsusən də, bu sahədə ciddi problemlərin mövcudluğunu iddia edənlər çoxluq təşkil edir.

Yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən mütəxəssislər belə hallara münasibətdə ictimai qınaq tədbirlərinin artırılmalı olduğunu vacib hesab edirlər.

Qeyd edək ki, bir müddət əvvəl AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Saytların dil mənzərəsi” mövzusunda "dəyirmi masa” keçirilib. Tədbirdə dilçi-alimlər, sayt rəhbərləri iştirak ediblər. Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov bildirib ki, bu gün əksər saytlarda Azərbaycan ədəbi dil qaydaları pozulur: "Saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə olunur”.

Sözsüz ki, Azərbaycan mediasında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri kimi də korrektura şəbəkəsinin sıradan çıxması göstərilir. Ekspertlərə görə, internet media qurumlarının əksəriyyətində korrektorlar olmadığı üçün müxbirlər redaksiyaya nə göndərirsə, redaktor onu olduğu kimi sayta yerləşdirir. Yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Mətbuata açıqlama verən korrektorlar isə Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir?

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə hesab edir ki, Dilçilik İnstitutunun iradları ilə razılaşmamaq mümkün deyil. Bu məsələdə peşə təəssübkeşliyi göstərməyə ehtiyac duymadığını vurğulayan Mərkəz sədri həm yazılı, həm də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarının kobud şəkildə pozulduğunu qeyd edib: 

"Amma faktiki olaraq problem elektron kütləvi informasiya vasitələrində özünü daha qabarıq şəkildə göstərir. Təbii ki, burda söhbət nöqtə, vergül səhvindən getmir. Təəssüf ki, jurnalistika ilə məşğul olan adamların bir çoxu yaxşı təhsil almayıblar. Təsadüfi adamların jurnalistikaya axını bu sahədə dözülməz vəziyyət yaradıb. Aydın məsələdir ki, yaxşı təhsil ala bilməyən adam ədəbi dilin qaydalarına riayət etməyə çətinlik çəkəcək. Odur ki, gənc, savadlı kadrların mətbuata gəlməsini təmin etmək lazımdır. Bilirsiniz, biz informasiya əsrində yaşayırıq. Hazırda mətbuatın təyinatı dəyişib. Təəssüf ki, indi maarifçilik missiyası arxa plana keçib. Qəzetlər də, saytlar da özlüyündə bir kommersiya qurumudur. İnformasiya əsrində, xüsusilə, mövcud rəqabət şəraitində heç kim uduzmaq istəmir. Hazırda operativlik peşəkarlığı üstələyir. Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır. Təəssüf ki, bu rəqabət bəzən mənasız enerji sərfiyyatına səbəb olur. Hər bir KİV ilk növbədə oxucuya hörmət etməyə borcludur. Bəzən görürsən ki, beş-altı cümləlik xəbərdə 7-8 səhv olur. Bu cür hallar KİV-lərin nüfuzuna ciddi zərbə vurur. Vəziyyətdən çıxış yolu savadlı şəxslərin mətbuata axınını təmin etməkdir. Xüsusilə, redaktor korpusunda Azərbaycan ədəbi dilinin normalarına yaxından bələd olan şəxslərin təmsil olunmasına daha çox ehtiyac var. Hesab edirəm ki, Dilçilik İnstitutu da yaxasını kənara çəkməməlidir. Gənc jurnalistlərin peşəkarlığını artırmaq üçün Azərbaycan Mətbuat Şurası ilə birgə təlimlərin keçirilməsi ümumi işin xeyrinə olardı. İstənilən halda isə yaradıcı adam daim öz üzərində işləməlidir”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə korrekturanın hər media qurumu üçün önəmli olduğunu düşünür:

"Şəxsən mən illərdir bu ənənəni qoruyub saxlayıram. "Bakı-Xəbər”in fəaliyyət göstərdiyi 12 il ərzində hər zaman korrektoru olub. Çünki korrektura işini çox vacib hesab edirəm. Ən azı oxucuların "gözünə tullanan” orfoqrafik səhvlərin olmaması üçün korrektor ştatı vazkeçilməzdir. Təəssüf ki, bu gün bir çox qəzetlər korrekturaya ikinci dərəcəli məsələ kimi baxırlar. Xüsusən saytlarda gedən materialların içərisində elə orfoqrafik səhvlər görürsən ki, adam dəhşətə gəlir. Ona görə də mən istəyirəm ki, mətbuat və elektron media korrekturaya çox ciddi yanaşsınlar”.

"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı da açıqlamasında hazırda Azərbaycan mediasında korrektura işinin doğrudan da zəif olduğunu deyib:

"Yenə qəzetlərdə bu sahədə işləyənlər var, saytlarda isə korrektor işi yox səviyyəsindədir. Operativlik, xəbəri sayta tez yerləşdirmək ehtirası mətnlərin korrekturasız verilməsinin başlıca səbəbidir. Ona görə də mətnlərdə çoxlu mexaniki səhvlər gedir. Bir də var, bilməzlikdən buraxılan səhvlər. Məsələn, "ticarət mərkəzi”, "hava limanı”, "informasiya agentliyi”, "cəzaçəkmə müəssisəsi” kimi ümumi isimləri nəyə görəsə böyük hərflərlə yazırlar. Bu, korrektorlardan da keçir. Halbuki ola bilməz. Elə götürək "Turan” qəzeti, "Turan” agentliyinin yazılış qaydasını. Niyə birincidə "qəzet” sözü balaca hərflə yazılmalıdır, ikincidə "agentlik” sözü böyük hərflə? Yüzlərlə belə səhvlər buraxılır və bu, normal hal deyil. Yazıların, mətnlərin dili səlis olmalıdır”.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də düşünür ki, heç bir media orqanını, xüsusən də qəzet və jurnalları, ümumilikdə çap mediasını korrektorsuz təsəvvür etmək mümkün deyil: 

"Çap mediasından fərqli olaraq, internet mediada biz bu kimi məsələlərə yenidən baxa bilərik. Bu o qədər də ciddi problem yarada bilməz. Ən azı ona görə ki, internet media bütün hallarda müdaxiləyə açıqdır. Ən azı dost-tanışın və yaxud da redaktorun təkrar baxışından sonra yazıya müdaxilə edib düzəlişlər aparmaq mümkündür. Bu da 5-10 dəqiqədə effekt verəcək, əks-təqdirdə bu gün qoyulan yazı 24 saatdan sonra, yəni sayta qoyulandan sonra korrektə olunacaqsa, bunun da heç bir faydası olmayacaq. Həmin xəbər və yaxud da məqalə sayta qoyulduqdan dərhal sonra oxunmağa başlayır və bu proses bəzən 5-10 dəqiqə, bəzən də 1-2 saat davam edir. Ona görə daha yaxşı olar ki, istər yeni internet mediada, istərsə də çap mediasında korrektor ştatından istifadə etsinlər”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə hesab edir ki, bu sahədə yaranmış problem heç də korrektorda və korrektorsuzluqda deyil. Onun fikrincə, məsələyə heç də korrektorun yeniliklərlə ayaqlaşıb-ayaqlaşmaması səviyyəsində yanaşmaq olmaz: 

"Korrektor müvafiq qurumların təsdiqlədiyi mövcud dil qaydalarının tətbiqinə, sözlərin orfoqrafiya lüğətində göstərilən formada yazılmasına və s. nəzarət edir. Korrektorun hansısa yeniliyə özünün fərdi münasibəti ola bilməz. Məsələ burasındadır ki, alınma sözlərə tətbiq edilən yazılış qaydaları var və korrektorlar həmin qaydalardan çıxış edərək, alınma sözlərə yanaşmalıdır. Problem burdan başlayır. Azərbaycan dilinin hazırkı təsdiqlənmiş qaydaları dilimizə həddindən artıq təzyiqlərin mövcud olduğu indiki dövrdə bir sistem olaraq mükəmməl səviyyədə deyil. Məsələn, "Apple” şirkətinin adı mövcud qaydalarımıza görə "Əpl” kimi yazılmalıdır. Media bu və bu kimi hər gün yüzlərlə sözün yazılışına əməl edirmi? Bir çox dillərdə olan sözlər var ki, onları hazırda ingilis dili vasitəsilə qəbul edirik. Amma dil normalarında başqa dillərdə olan sözlərin ingilis dili vasitəsilə qəbulu qaydası yoxdur. Diqqət edirsinizsə, son dövrlər xüsusən ərəb dilində bir çox yer, şəxs və s. adlar işlətməyə məcbur oluruq. Vahid qayda olmadığından, burada da böyük bir xaos yaranıb”. Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, hazırda yazı dilimiz ciddi sınaq qarşısındadır: "Etiraf edək ki, böyük yanlışlıqlar baş alıb gedir. Bunu isə AMEA-nın Dilçilik İnstitutu tənzimləməli, yazı normalarını təkmilləşdirməli, onların təbliğatı ilə məşğul olmalıdır. Yalnız bunun nəticəsində ədəbi dili qorumaq və korrektorların işini asanlaşdırmaq olar. Dilçilərimiz nə edirlər? Faciəvi vəziyyətdir. Ana dili qanununa görə, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir yenilənməlidir. 2004-cü ildən sonra lüğət bir də 2013-cü ildə nəşr olunub. Həmin lüğət də biabırçı vəziyyətdədir. Bunu Dilçilik İnstitutunun öz mütəxəssisləri də etiraf edirlər və onu təkmilləşdirməklə məşğul olduqlarını bildirirlər. Bəs nəticə nədir? Nəticə odur ki, 4 il keçib, amma ortada hələ heç nə yoxdur. Yəni qüsurlar həddindən artıq çoxdur və bunun günahı heç də korrektorlarla bağlı məsələ deyil”.

"Yenilik.az” portalının rəhbəri Xanlar Xoca da mətbuatdakı korrektura probleminə çox ciddi yanaşır və nöqsanların xirtdəyə qədər olduğunu deyib: 

"Lakin nəzərə almalıyıq ki, biz sürətli informasiya dövründə yaşayırıq. Oxucunu indi düzgün cümlə quruluşu yox, xəbər maraqlandırır. Media da rəqibinə nisbətən xəbəri ünvana daha tez çatdırmağa çalışır və bu zaman korrektor ixtisara düşür. Nəticədə isə bugünkü mənzərə yaranır. Hər halda dilimizin qorunması üçün korrektura məsələsi nəzərə alınmalı, ümumi qaydalar gözlənilməlidir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb