Kredit götürmək rahat olacaq

Müəssisələr öz əmlaklarını rahat şəkildə girov qoyub, onlardan girov təminatı formasında istifadə edə biləcək


Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə edilib. Komitə sədri Ziyad Səmədzadə qanuna bəzi dəyişikliklər edildiyini bildirib.

Qeyd edək ki, qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Layihə qəbul edilsə, Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırılacaq.

Qanuna əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yeni qanun layihəsinə görə, müəssisələr öz əmlaklarını rahat şəkildə girov qoyub, onlardan girov təminatı formasında istifadə edib kredit götürə biləcəklər. 

Ekspertin sözlərinə görə, əvvəlki halda müəssisələr avadanlıqları girov götürə bilmirdi. 

Çünki, həmin avadanlıqların üzərində onun reyesterini təsdiq edən sənəd mövcud deyildi və onun yüklü olub-olmadığını müəyyənləşdirmək də çətin idi: 

"Əvvəllər banklar böyük bir müəssisəni girov götürürdülər. Lakin müəssisənin daşınmaz əmlakları, yəni torpaq sahəsi, tikililəri girov götürülürdü. Yeni qanun layihəsinə görə artıq müəssisələrin əmlakının, yəni avadanlıqlarının reyestri həyata keçiriləcək, hansı ki, həmin avadanlığı müəssisə girov qoyub ondan girov təminatı kimi istifadə edə biləcək. Bu, birmənalı şəkildə müəssisənin öz əmlakı üzərində imkanlarını artıracaq.

Qanun layihəsindən sonra bu cür avadanlıqların reyestri həyata keçiriləcək və onlar üzərində mülkilik olub-olmamasına aid müvafiq qeydiyyat işləri aparılacaq”.

Yeganə Bayramova