Lamiyə Bakıya iş axtarmağa gələcək

Dəyanət Rzayev: “Şəmkirdə qala bilməz, qəlbinə və əsəbinə toxunan ifadələr işlədiləcək, replikalar atılacaq”
Zülfiyyə Mustafayeva: "Bir qadın olaraq çox istəyirəm ki, o, bundan sonrakı həyatını düzgün qursun. Doğru insanlar seçsin”
Fərqanə Nəcəfli: "Nikahdan kənar uşaq dünyaya gətirməsi və həbsdə yatmasına baxmayaraq hansı qapını döysə, ona iş verəcəklər”
Həbsdə ana olduqdan sonra azadlığa buraxılan Lamiyə Quliyeva artıq doğulub, boya-başa çatdığı Şəmkir rayonundadır. Özünün mətbuata bildirdiyinə görə, rayona gedən gün ona toya bərabər bir şadyanalıq təşkil ediblər. Evlərinə saysız-hesabsız gözaydınlığına gələnlər olub. Şəmkirdə xoş qarşılanıb. Rayonda 12 ildən sonra ilk dəfə alış-verişə çıxıb. Özünə və övladına geyim-keçim alıb. Hətta aldığı geyimlərin qiymətində endirimlər də ediblər. Ona mobil nömrə hədiyyə olunub.
Lamiyə artıq "facebook” sosial şəbəkəsinə də daxil olub. Bununla yanaşı, o, Bakıya köçüb, paytaxtda işləmək istəyir. Məlumata görə, ATV telekanalında verilişə dəvət olunub. Orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da iştirak edəcəklər. Verilişin aparıcısı İradə İsaq onun sosial vəziyyəti, iş tapmaq məsələsi barədə nazirlik nümayəndələrinə məlumat verəcək. Bütün bunlara rəğmən Lamiyənin ünvanına nalayiq ifadələr işlədib, tənqid atəşinə tutanlar da az deyil. Bəziləri onu nikahdan kənar uşaq dünyaya gətirməkdə təqsirləndirərək, cəmiyyətə çıxmasını doğru saymırlar. İddia edirlər ki, ona "qəhrəman ana” statusu verməklə növbəti lamiyələrin meydana çıxmasına şərait yaradılır. Şübhəsiz ki, belə yanaşmalar Lamiyənin mühitə adaptasiya oluna bilməməsinə gətirib çıxaran amillərdəndir.
Maraqlıdır, görəsən, bu xanımı yenidən həyata qaytarmaq üçün cəmiyyət necə təpki göstərməlidir? Ona və davranışlarına necə reaksiya verilməlidir?
Yada salaq ki, Lamiyə 2003-cü ildə 10 il həbs cəzası alıb. 2010-cu ildə məhkumluq qaydalarını pozması iddiası ilə cəzası 5,5 il artırılıb. Cəzaçəkmə müəssisəsində qanunsuz övlad dünyaya gətirdikdən sonra bu il azadlığa buraxılıb.
Psixoloq Dəyanət Rzayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, Lamiyə sərbəst buraxılmalıdır. Onun üstünə getmək olmaz: 
"Kiminsə həyatına müdaxilə etmək doğru deyil. Onun həbsxanada necə və niyə hamilə qalması, başqasını niyə maraqlandırmalıdır? Şəxsi həyatıdır. Bu cür seçib və yaşayır. Şəxsi işidir. Anlaya bilmirəm ki, bizim insanların kiminsə şəxsi həyatını ortaya qoyub, ətrafında müzakirə aparmaqda niyyətləri nədir? Bu nə cəmiyyətdi? Bəzi insanlar niyə bu cür xəstə təfəkkürdən əl çəkmirlər. Fikir verin, Lamiyə mövzusu cəmiyyət üçün sanki Qarabağ problemindən də üstündür. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar”.
Ekspertin qənaətincə, Lamiyə Şəmkirdə çox qala bilməz: "Rayondu. Hamı biri-birini tanıyır. Biri onu qəbul edəcəksə, digəri qəbul etməyəcək. Heysiyyatına, qəlbinə və əsəbinə toxunan ifadələr işlədiləcək. Replikalar atılacaq. Övladına "sən bicbalasan” deyəcəklər. Gərək Lamiyə gedib, bir müddət xaricdə yaşasın. Cəmiyyətdəki özü haqda bəzi neqativ fikirləri eşidib pessimizmə qapılmasın. O anadır. Əminəm ki, Lamiyə çox yaxşı bir övlad böyüdəcək. İşdi də, başına gəlib, Onu qınamıram. Baxın, o qadının həyatı korlanıb. O, gənclik dövrünü dəmir barmaqlıqlar arasında keçirib. Lamiyəyə qarşı ittihamlar, təhqirlər dayanmalıdır. Əl çəkin, qoyun, həyatını yaşasın”.
D.Rzayev diqqətə çatdırıb ki, indiki halda Lamiyənin mənəvi və psixoloji yardıma ehtiyacı var: "Üstünə çox getmək olmaz. Əslində dəstək lazımdır. Bundan başqa, ona maddi dəstək də göstərilməlidir. Körpəsi var”.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva qeyd edib ki, Lamiyənin işləməsi mütləq lazımdır. Çünki körpə uşağı var:
"Cəmiyyətə adaptasiya olunmasına dair müəyyən problemlər yaşaya bilər. Türmədə övlad dünyaya gətirməsi məsələsi ətrafında xoşagəlməyən söz-söhbətlər dolaşdı. Şəhər, insanlar, həyata baxış və mühit dəyişib. Əlbəttə, onun üçün narahatlıqlar olacaq. Onun mühitə, insanlara uyğunlaşması narahatlıq doğuran məsələdir. Lamiyə kimi adamın cəmiyyətə adaptasiya olunması və körpə uşaqla iş tapması çətin olacaq”.
Bu işin psixoloji tərəflərinin olduğunu söyləyən təşkilat sədri bəyan edib ki, Lamiyə üçün çətin mərhələ bundan sonra başlayır: "Bir qadın olaraq çox istəyirəm ki, o, bundan sonrakı həyatını düzgün qursun. Doğru insanlar seçsin. Buna bir az şübhə ilə yanaşıram. Çünki türmədəki seçimi də göz önündədir. Düzgün olmayıb, uşağına atalıq üçün seçdiyi adam sözündə saxta çıxdı. Bundan sonra bəlkə daha doğru düzgün qərarlar verər. Qarşımızda azyaşlı deyil, artıq yetişmiş və həyatın çətinliklərini görmüş Lamiyə var. Gərək ki, bundan sonra doğru addımlar atsın”.
Digər psixoloq Fərqanə Nəcəfli düşünür ki, heç kəs Lamiyəni özündən kənarlaşdırmayacaq: 
"Nikahdan kənar uşaq dünyaya gətirməsi və həbsdə yatmasına baxmayaraq hansı qapını döysə, ona iş verəcəklər. İnsanlarımızın psixologiyası belədir ki, bunu özlərini reklam etmək üçün edəcəklər. Əminəm ki, Bakıya gəlsə, iş tapacaq”.
Lamiyənin güclü qadın olduğunu söyləyən psixoloq vurğulayıb ki, o, çox əziyyətlərə qatılıb: "Təkbaşına böyük bir planı həyata keçirib, qanunsuz yolla uşaq dünyaya gətiribsə, o, güclü qadındır. Bu işlə əlaqədar cəmiyyətə adaptasiya olunmasında problemi olmayacaq. Onu dəstəkləyənlər çoxdur”.
Ayyət Əhməd