“Maydandan Maydana”

Elxan Şahinoğlu yeni kitabını təqdim etdi



Dünən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukraynada baş verən hadisələrə dair rus dilində qələmə aldığı "Maydandan Maydana” adlı kitabının təqdimatını keçirib.

Kitabda müəllifin Kiyev və Donetskə səfərləri əsnasında etdiyi müşahidələri əks olunub. Bununla yanaşı o, "Maydan” hadisələrinin səbəbləri, müharibə və onun doğurduğu nəticələr barədə müxtəlif mövzuları araşdırıb. Kitabda Ukrayna rəsmiləri və Krım tatarlarının lideri Mustafa Krımoğlu ilə aparılan danışıqlar yer alıb. Tədbirdə politoloq İlqar Vəlizadə, ekspertlər, KİV nümayəndləri və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iştirak ediblər. Toplantıda ukraynalı diplomatın çıxışı sərt polemikaya səbəb oldu. Kitabı faktlardan ibarət sənəd adlandıran səfir Azərbaycan nümayəndə heyətinin AŞ PA-da Rusiyanın lehinə səs verməsini bəyənmədiyini bildirdi. Məsələ haqda fərqli mövqelər səsləndi. Bir sözlə səfirin çıxışından yaranan polemika təqdimat mərasimini xeyli canlandırdı.

Ayyət Əhməd