Meydanda yeni simalar görünür

Rusiyada prezident seçkiləri əvvəlkilərdən xeyli fərqlənəcək






Rusiya Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib. MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib. Məlumdur ki, Rusiya qanunları namizədliyini irəli sürənləri imza toplamağa məcbur edir.

Buna görə onlar yanvarın 7-dən, partiyalar tərəfindən irəli sürülənlər isə yanvarın 12-dən gec olmayaraq sənədlərini verməlidirlər. Bundan başqa, öz təşəbbüsləri ilə seçkiyə qatılanlardan 300 min imza toplamaq tələb olunur. Özü də hər əyalətdən ən az 7,5 min imza yığılmalıdır. Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova bu vaxta qədər 23 şəxsin öz namizədliyini bəyan etdiyini bildirib. Bunlardan ən birincisi və seçkidə qalib gələcəyi heç kimdə şübhə doğurmayan Prezident Vladimir Putindir. Əslində həm Rusiya, həm də dünyada bu seçkilərin formal şəkildə keçəcəyinə və Putinin əziyyət çəkmədən qələbə qazanacağına inanmayan yoxdur. Maraqlıdır ki, Putin namizədliyini hakimiyyət partiyası "Vahid Rusiya” tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürüb. Lakin sonradan Prezident partiyanın qurultayına qatılmaqla tərəfdarlarının könlünü ala bilib. Siyasi müşahidəçilərin rəyinə əsasən Putinə əsl rəqib sayıla biləcək yeganə namizəd müxalifətin əsas siması hesab olunan Aleksey Navalnı idi. Navalnı hakimiyyətin yaratdığı əngəllərə rəğmən regionlara səfər edərək burada tərəfdarları qarşısında təbliğat aparır. O, seçiciləri boykota çağırır.

 Prezidentliyə namizədlər arasında digər tanış isimlər də var. Bütün seçkilərin dəyişməz iştirakçısı Vladimir Jirinovski, "Yabloko” partiyasının lideri Qriqori Yavlinski də namizədlər arasındadır. Namizədliyini bəyan edən maraqlı simalardan biri də Sergey Polonski adlı iş adamıdır. O "Krılatskoe” idman kompleksində 520 nəfərlik dəstək qrupu qarşısında prezident olmaq niyyətini bəyan edib. Polonski nitqində özünü ABŞ Prezidenti Donald Trampla müqayisə edib. Seçkilərdə iştirak edəcək maraqlı namizədlərdən biri də teleaparıcı Kseniya Sobçakdır. Rusiyada bəzən hakimiyyətə qarşı sərt çıxışlar etməsinə rəğmən xanım Sobçakın Kremlin layihəsi olduğunu söyləyənlər çoxdur. Siyasi şərhlərə görə, yeni simaların funksiyası seçkilərə görüntü verməkdən başqa bir şey deyil.


Rusiyadakı seçki öncəsi prosesləri "Şərq”ə dəyərləndirən beynəlxalq məsələlər üzrə politoloq Zaur Məmmədov deyib ki, şimal qonşumuzda gələn il keçiriləcək seçki iqtisadi və siyasi proseslər fonunda indiyədək baş tutmuş marafonlardan fərqli olacaq: 

"Əgər seçkiyə qatılmaq istəyən namizədlərə nəzər salsaq görərik ki, namizədlər sırasında Putinin hər zamankı rəqibi Jirinovskidən başqa digər partiyalar yeni simalar irəli sürüblər. Məsələn, Kommunistlər Züqanovu deyil, başqasını namizəd kimi təqdim ediblər. Xüsusən, Kseniya Sobçak kimi gənclərə üstünlük verilib. Bu baxımdan 2018-ci ilin seçkisi digərlərindən fərqlənir”.


Ekspert bildirib ki, Rusiyadakı siyasi proseslərə nəzər yetirsək görərik ki, Rusiyanın imici əvvəlki dövrlərdən daha yüksəkdir:

"1990-cı illərdə biz özünə inanmayan və küskün bir Rusiyanın şahidi idik. Ancaq artıq çox güclü və beynəlxalq miqyasda sözünü deyən bir ölkəni görürük. Bu da məhz Putinlə bağlıdır. Putinin hakimiyyətə gəlişi ilə rusların inamsızlığı başa çatdı və yeni proseslərə start verildi. Bu baxımdan onun digər namizədlərdən şansı daha çox görünür”.

İsmayıl