Millət vəkili həyəcan təbili çaldı

Məktəbliləri, ali təhsil alan gəncləri narkomaniyaya cəlb edirlər




Millət vəkili Qüdrət Həsənquliyev ölkədə narkomaniyanın çoxalmasından narahatdır. Buna görə də deputat hesab edir ki, Azərbaycanda narkomaniya ilə bağlı qanuna əlavə və dəyişikliklər olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanda mövcud qanun olsa da, bütün dünyada olduğu kimi, ölkəmizdə bu problem yaşanmaqdadır. Q.Həsənquliyev deyir ki, bu gün ölkə həbsxanalarında olan məhkumların 30 faizi narkotikdən istifadə edir: "Hazırda Azərbaycanda ən çox yayılan narkotik vasitə marixuana və tiryəkdir. Biz qanunda şəxsi istehlak miqdarı üçün marixuananı 5 qram, tiryəki isə 0.2 qram nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, narkotik alanların çoxu üzərində onun miqdarını müəyyən edən tərəzi gəzdirmirlər. Ona görə də həbs olunanların əksəriyyəti məhz narkomanlardır. Biz mövcud qanunda qeyd etmişik ki, narkomaniya xəstəlikdir.

Amma bu xəstəliyin müalicə yeri Penitensiar Xidmətdəki müəssisələr deyil. Bu xəstələri aidiyyəti xəstəxanalarda müalicə etmək lazımdır. Ona görə də hesab edirəm ki, problemin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Çünki onların hamısını xəstəxanaya yerləşdirmək mümkün deyil”.

Millət vəkili həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları birgə əməliyyat keçirərək ölkəmizə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alır: "Fikir versək görərik ki, saxlanılanların əksəriyyəti narkotiki daşıyanlar və onu istehlak edənlərdi. Lakin onun yayımı ilə məşğul olanlar, yaxud da mütəşəkkil şəkildə bu cinayətlə məşğul olanları tutmaq olmur. Çünki onların mərkəzi Azərbaycandan kənardadır. Narkotik vasitələr daha çox İran sərhədindən ölkəmizə keçirilir. Hesab edirəm ki, İranla dövlət səviyyəsində ciddi danışıqlar aparılmalıdır. Həmçinin təklif edirəm ki, aidiyyəti qurumlarla dinləmələr keçirərək "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” qanunun adında dəyişiklik etmək lazımdır. Mövcud olan qanun layihəsinin adı dəyişdirilərək "Narkomaniyaya qarşı mübarizə” olsun. İndi daha çox məktəbliləri və ali təhsil alan gəncləri narkotik istifadə etməyə çəkirlər. Qərarda qeyd olunmalıdır ki, orta və ali məktəblərdə reklam çarxları nümayiş olunsun ki, narkotik istifadə edənlərin aqibəti necə olur. Son zamanlar oğurluq edənlərin sayı çoxalıb və onlara nəzər yetirsək görərik ki, onların əksəriyyəti bu cinayəti sırf narkotik almaq üçün törədir. Təəssüf ki, son zamanlar gənc qızların narkotikə marağı artıb. Xüsusilə də Azərbaycan kişiləri qadınları bu işə cəlb edirlər. Bu, təhlükədən xəbər verir”.

Anar