Milli matəm günü

Akif Aşırlı





Xalqımıza qarşı törədilən soyqırım faktları milli mətbuat tariximizin səhifələrinə də köçüb. 1905-ci ildə nəşr olunan "Həyat” və "İrşad” qəzetlərində erməni millətçilərinin Qafqazda azərbaycanlılar yaşayan bölgələrdə törətdiyi qanlı olaylar, kütləvi qırğınlar barədə bəlkə də sayı-hesabı bilinməyən faktlar mövcuddur.

1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Zəngəzurda azərbaycanlıların erməni-bolşevik silahlıları tərəfindən kütləvi qətli həmin dövrdə nəşr olunan "Azərbaycan”, "İstiqlal”, "Hümmət”, "Açıq söz”, "Kaspi” qəzetlərində də öz əksini tapır. Azərbaycan xalqına qarşı törədilən soyqırımın sərhədlərini müəyyənləşdirmək üçün bu mətbu orqanlarda dərc olunan məqalələri, informasiyaları, siyasi-analitik təhlilləri oxumaq kifayətdir.

1919-cu ilin martın 31-ni Azərbaycan Cümhuriyyəti Milli Matəm günü elan etməsi də soyqırıma məruz qalan xalqın öz faciəsini tarixdə yaşatmaq üçün atılan bir addım idi. Həmin gün Bakıda fabrik, zavod və neft mədənləri bir gün tətil etdi, şəhərin əsas küçələri qara bayraqlarla bəzədildi, məscidlər qaralara boyandı. Azərbaycanlıların kütləvi qətlə yetirildiyi küçə və meydanlarda ehsan verildi, şəhidlərin ruhuna dualar oxundu. Qəzetlər matəm nüsxələri buraxdı.

Müxtəlif mətbu orqanların Milli Matəm gününə həsr etdiyi məqalələri ərəb qrafikasından latın əlifbasına transleterasiya edərək oxuculara çatdırmaqda "Şərq” qəzetinin bir məqsədi var: "Səhvlərimizin hardan qaynaqlandığını bilmək üçün tarixə baxaq”.

Mart matəmi

Müsəlman əmələ və kəsibkarlar konfransı

1919 sənəsi mart ayının 28-ci günündə türk-ədəmi mərkəziyyət "Müsavat” firqəsinin mərkəzi bürosunun binasında Məhəmməd Əmin Rəsulzadə cənablarıın təhti-rəyasətində 300 əmələ nümayəndələrinin iştirakilə bir konfrans məclis inqad etdi. Məclisdə əmələ nümayəndələrindən bəzi əsnaf nümayəndələri dəxi mövcud idi. Sədr cənabları məclisə daxil olar-olmaz ümumi alqışlarla qarşılandı.

Həzərat, bu gün bizi buraya toplayan məsələ Mart matəmidir. Əlbəttə, bundan bir il əvvəli xatırlayırsınız. O zaman bizlər geniş bir salonda "İsmailiyyə” binasının işıqlı və havadar binasında toplanardıq. İndi bir darıcıq otaqlarda yığışmaq məcburiyyətindəyik. Əvət, yoldaşlar, mart hadisə-əmələsini xatırlamalıyız. O gün bizim həyatımızda əbədi, unudulmaz bir gündür. Bir millət şadlıq günlərini yadında saxladığı kimi matəm günlərini də unutmamalıdır.

O gün qətl, o öldürüş istəməyərək bizə, biz türklərə bağlanmış idi. O gün keçən martın 18-də, təzə təqvimdə martın 31-i deməkdir. Azərbaycan muxtariyyatı və azərbaycanlıların hürriyyətinin düşməni olanlar "Müsavat” namını dağıtaraq müsəlmanlara elan hərb eləmişlərdi. Fəqət, müsəlmanə elan hərb etmək "demokratiyanın” olmadığından başqa bir ünvan olamazdı. Bu ünvanda "Burjuaziya müsavat” ola bilirdi. Fəqət, onların ikiüzlülüklərini kim örtə bilərdi? "Müsavat”ın o günlərdəki tərz-hərəkəti sülhpərvərlik, ixtilaf istəmədiyi hansı bitərəf bir şəxsə məlum deyildi. Bunu qətnamələr, bəyannamələr və "Müsavat”ın natiqləri ilə isbat etmək mümkündür.

Fəqət, məsələ burada idi ki, Bakı Rusiyanın sosialistinə də, burjuaziyasına da, bolşevik-ələməsinə də lazım idi. Onun üçün azərbaycanlılara ancaq "xarabazar” verilə bilərdi. Bunu bizə bolşevik mətbuatı deyirdi.

İştə, Mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xarabalıq vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalın qurban və şəhidləridir.

Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanınız bahasına alınan hürriyyətimizi, qanımızı tökməklə olsa da, mühafizə edəcəyik deməliyiz. (Alqışlar)
Bu xüsusda danışmaq istəyənlər söz alsınlar.
Zülfüqar - Sədr cənablarının buyurduqları vəchlə biz bu möhtərəm şəhidlərin xatirəsi ilə onların faciəsi günü, dövrü səniyəsini matəm etməliyiz. Bu şəhid olanlar burjuaziya sinifindən olmayıb, Xaliq, Qara və Əhməd kimi öz əmələ yoldaşlarımızdır ki, daşnaklar tərəfindən qətl edilmişlərdir. Bu şəhidlər 28 əmələ yoldaşlarımızdan ibarətdir ki, bunlar haqsız yerə qətl edilib, Məlikovun quyusuna doldurulmuşlardı. Bu şəhidlər o fəhlələr, qadın, ixtiyar, coluq və cocuqlardır ki, süngülənmiş, qətl edilmişlərdir. Onunçün həqiqətən bu matəm bir demokratiya matəmindən başqa bir şey deyildir. O gün bütün millətdaşlarımızın matəmində iştirak etməlidirlər.

Abasqulu Kazımzadə: - Bu gün buraya toplanmaqda məqsəd bir hadiseyi-ələmə və ikinci aşureyi dəraxtar etməkdir. Mən bir az bunun əsbab-mövcuyəsindən bəhs edəcəyim. Gecə mart ayının 18-də Müsavat idarəsinə telefon ilə İmamverdi köprüsündə əsgərlərimizdən iyirmi altı kişinin mühasirə edilmiş olduğu - islah edilməkdə olduqları ətaliyi verildi. Müsavat oraya bu işləri əslah üçün göndərmiş olduğu məmurlar yollarda olan atışma dolayısıyla gedəmmədilər. Gecə saat 1-də bir çox təsbitdən sonra körpüyə getdik. Bir çox konuşmadan sonra saat 5-də gecə atışmada əsgərlərimizdən 4 kişi öldürülmüş, orada alınan silahlar özümüzə iadə edilmədiyindən ayın 18-də biz əhali içərisindəki həyəcanı yatırtmaq, bu işi sülh ilə əncam vermək məqsədi ilə cəmiyyətin (Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti nəzərdə tutulur - A.A.) bürosuna topladıq. Bu xüsusda nə qədər təşəbbüs etdiksə də, bir taqım qara qüvvələri razı edəməyib işi saxladıq. Bizim bəzi bolşevik sosialistlərimiz də iştirak etməklə daşnakların əskidən bəri qurmuş olduqları planları və oynamaq istədikləri rolları meydana çıxdı və dava başladı.

Fəqət, kimsə nə dava olduğunu biləməyirdi. Zahirdə burjuaziya müharibəsi naminə qətl edilən füqərayi-əmələ və kəndçilərimiz və şəhid olan əlsiz-ayaqsız coluq-cocuq, qadınlarımız bu davanın nə dava olduğunu yoldaşımız Zülfüqar da söylədiyi vəchlə hər kəs bilir. Şimdi isə biz heç bir kimsənin yaşamına müxalifət etməyiriz. Yalnız biz kəndi yaşamımızı təmin etmək arzusundayız. Bununla da yaşamağa haqqımız olduğunu bütün cahana isbat edirik və istiqlalımızın rəhni olan bu şəhidlərimizi unutmayıb bu ikinci Məhərrəm gününü, o gündə şəhid olanları xatiratımıza gətirməklə bir daha irəlidə millətimizin qoyun kibi boğazlanmasına meydan verməmək üçün gözümüzü açmalıyız. Martın 31-də edəcəyimiz matəm tətili bunun bir nümunəsini təşkil etməlidir. (Alqışlar)

Məhəmməd Əmin Rəsulzadə: - Mart faciə-ələməsinə səbəb bir çoxları, bir neçə nəfər əsgərimizin silah verməmiş olduqlarını göstərirlər. Halbuki bu işə ümdə səbəb müsəlmanların səbr kasasının son tamamilə daşmasıdır ki, müsəlmanlar da kəndilərini müdafiə etmək üçün silaha sarılır. Zira, hürriyyətin elanından sonra burada qurma bir əmələ şurası tərtib edildi. Müsəlmanlardan o şurada yalnız iki kişi var idi. Sonra bu şura fəhlə və əsgərin şurasına tədbil edildi. Bundan da bir nəticə çıxmadı. Yenə də qanun daxilində icra edilən intixablarda "Müsavat” cəmiyyəti 70 faiz nisbətdə səs aldı. Onun üçün bu, bir çoxlarının işlərinə gəlmədi. Bunu pozub özləri istədikləri adamlardan bir şura tərtib etdilər.

Burada əslisi kişi müsəlmanlar az idi. İştə, bu vəchlə sosialistlərin niqabı altında bir çox milli intriqalar aparılmaqda idi və bu adamlar uyumayıb, gecə və gündüz milli vəzifələrini ifa edirdilər. Məsəla, Astaradakı müsəlmanların Lənkərandakı millətdaşlarımızın və Qızıl Ağacdakı din qardaşlarımızın və bilaxirə, buradakı millətdaşlarımızın bir çox qanını tökmək və toplara hədəf etməkdə olan həmin sosialistlərin niqabı altında çalışmaqda olanlardır. Burada sosialistlər, müsəlmanlar Qırmızı Orduya əsgəri yapırdılar. "Müsavat”ın və müsəlmanların göndərmiş olduqları adamlara silah verməyənlərdir. Tiflisdən buraya gəlmiş olan (ştab) erkan-hərbiyyəmiz belə onların təhti və təcavüzlərindən... ödəmədi. Bunca ədavətpərvanə təsislər getdikcə müsəlmanları səbr və təhmüldən çıxardı. Şura Hökuməti müharibə edəndə, "Müsavat” cəmiyyəti bir çox bəyannamələr nəşr etmək və nəticədə bulunmaqla bu faciənin önünə bir sədd çəkmək etdisə də, mümkün olmadı. Burada əhal yenə bolşevizm hərəkatı vardı. Bunlar yenə hüququmuzu məhv etmək üçün bir taqım intriqalardır. Bunlar həqiqi bolşevizm olsa idilər, bəlkə onlarla razı ola bilərdik.
Fəqət, hal bir minval ikən bizim müsəlmanlarımız bunlara aldanmasınlar. Bunlarla iqtisadi məsələlərdə iştirak etmək olar. Fəqət, siyasi işlərimizi kəndimiz öz əlimizə almalıyız. Zira, Mart faciəsi bizə iyi bir dərs - ibrət olmuşdur.
(Alqışlar)

Rəfizadə Yunus: - Məncə ki, Rəsulzadə cənabları söylədilər, Şura Hökumətində müsəlmanlardan yalnız iki adam vardı. Sonra bizim 75 faiz nisbətində səs qazandığımızı görüncə, bu intixabı onların qəbul etməmələrinin səbəbini sorduq. Bizə cavab verdilər ki, bu intixabı matroslar qəbul etməyirlər. Siz haqqınızı isbat etmək üçün əlinizdə silah olmalı idi. Mən kəndim bu işlərdə çox işlədim və bir çox şeylər eşitdim və kəndim böylə ki, şura qoşunu Ağcaqabuldan Yevlax stansionuna yetişmiş olsa idi, Qafqaziyada ümumi bir müsəlman qırğını başlanacaq idi. Və nəticədə böyük bir Ermənistan təşkil ediləcəkdi. Burada acınacaq bir vüqua dəxi vardır ki, bu işlərdə onlara bizim bir taqım sosialist müsəlmanlarımız da müavinət edə bilirdilər. "Müsavat”ın Sabunçu şöbəsinin katibi bəradəri, oğulları ilə bərabər qətl edildilər. Və bir çox bunun kimi millətpərvərlər şəhid düşdülər.

Bu adamlar müsəlmanlara ümumiyyətlə zidd olduqları kimi eyni vəchlə xüsusi olaraq Müsavata da zidd gedirdilər. Onun üçün gözümüzü açmalıyız.

Sumbatəli: - Biz Suraxanı əmələsindəniz. Suraxanıdakı müsəlmanların fəlakətli hallarını və füqareyi-kasibəni öldürdükləri arvat-uşaqların pərişan olduğunu gözümüzlə gördük. Bu işləri bizim başımıza gətirənlərə hər zaman protesto edəriz.

Rəhim Cahangirzadə: - Biz Üç meydan tərəfindən gəlmişik. Mən burada ancaq danışacağam, bu işlərin bizim başımıza gəlməsinə ümdə səbəb bizim gözümüzün açılması və istiqlalımız üçün çalışmamızdır ki, onlar bizi həmişə öz boyunduruqları altında mühafizə etmək istədiklərindən bizi həmişə əzmişlər və əzmək istəmişlərdi. Hətta bizim yoldaşlarımızdan bir çoxsunu yoldaşlıq adı ilə bəhanə ilə aldadıb öldürmüşlərdir. Bizim sosialist qardaşlarımız bu işdə çox yanlış yol gedirlər. Quyuya tökülənlərin kimlər olduğunu görməli idilər. Bunların əsas fikirləri Azərbaycan fikrini daşıyanların amahəsidir.

Cavad bəy: - Sabirandan gəlmiş

Şamxor hadisəsində Mişa Arzumanov yazmış idi ki, Şamxor hadisəsində müsəlmanların əlinə bir çox silah keçibdir. Bunun çarəsi indidən edilməlidir. Odur ki, bizim bu qədər qanlarımız töküldü. Minlərcə şəhidlər verdik. "İsmailliyə”miz yandı. "Açıq söz”ümüz yandı. Bundan sonra gözümüzü açmalıyız.

Mirzağa Mövsümzadə: - Bizim buraya toplanmağımızın səbəbinin nə olduğu məlumdur. Keçmiş günlərdə biz böylə toplansaq idik, bu işlər bizim başımıza gəlməz idi. İndiyə kimi qurdlar qoyun dərisində bizi yırtdılar, dağıtdılar. İndi də öz aramızda qoyun dərisində bir çox qurdlar vardır ki, mən onlardan ehtiyat edirəm. Bu gün yas və matəm etmək istəyirik. Biz onların namını daimi etmək üçün, biz onları daima xatırlayaq və keçmiş olan qara günlərimizi unutmayaq.

(Davamı var)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb