"Rusiyanın Ermənistanda 2 hərbi bazası mövcuddur. Bunlardan birincisi Gümrü hərbi bazası, ikincisi isə paytaxt İrəvanda olan Erebuni hərbi bazasıdır".
Bunu "Sherg.az" açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.
Onun sözlərinə görə, Gümrü hərbi bazası İrəvana 120 km uzaqlıqda, ölkənin şimalında və Ermənistanın ikinci böyük şəhəri Gümrü şəhərində yerləşir:
"Baza qlobal güclərə qarşı bölgədə Rusiya maraqlarının təmin edilməsi baxımdan ən mühüm strateji obyekt kimi qələmə verilir. 1953-cü ildə Ermənistanda mövcud olan 7-ci ordunun tərkibində 102-ci Hərbi Baza kimi yaradılıb.
1 Sentyabr 1994-ci ildə yenidən inşa edilmiş 102-ci Gümrü bazasında, 13 döyüş birliyi, 17 köməkçi birlik, 84 ədəd artilleriya sistemi, 74 ədəd tank, 17 ədəd BMP, 148 ədəd BTR, müasir naviqasiya cihazları, mobil stansiyalar, BUK M1-2 və Smerch tipli reaktiv yaylım atəş sistemi mövcuddur.
Ayrıca 2007-ci ildə fəaliyyətləri dayandırılan Batum və Ahılkələk bazalarının təchizatları 102-ci Gümrü hərbi bazasına köçürülmüşdür. Buradakı əsgər sayının göstəriləndən daha çox olduğu təxmin edilir. Bazada Rusiya və Ermənistanın silahlı qüvvələrindən formalaşmış bir Birləşmiş Ordu Qrupu iştirak edir. Əsgərlər təlimlərlin keçirilməsi ilə yanaşı 30 Sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən Ermənistanın Türkiyə və İran ilə olan sərhədini də qoruma öhdəliyi ilə məsuliyyətlidir.

Erebuni hərbi hava bazası 7 km uzaqlıqda Erebunin cənubunda Rusiyanın 3624-cü hərbi hava bazası yerləşir və 1995-ci ildə yaradılıb. Baza 102-ci Hərbi baza daxilində fəaliyyət göstərir. Tərkibində MİQ-29 döyüş təyyarəsi və Mi-24 vertolyotları, 16 ədəd MİQ-29 Fulcrum döyüş təyyarəsi, 18 ədəd Mi-24P hücum vertolyotu və Mi-8MT və Mi-8MSV6 tipli hərbi daşıma vertolyotu, Ermənistan Hava qüvvələrinə aid 2 ədəd Ilyushin İL- 76m, 1 ədəd Airbus A319CJ təyyarəsi, 12 ədəd Mi-24 və 9 ədəd Mi-8 vertolyotu var. Həmçinin 15 ədəd Sukhoi SU-25 yaxın hədəfə hazırlanmış hücum təyyarəsinə, 6 ədəd L-39C Albatros reaktiv təhsil təyyarəsi, 1 ədəd MiQ-25 qırıcı və yüksək sürətli kəşf təyyarəsinin də erməni hava qüvvələrinin silah inventarında olduğu bilinir. Arzni hərbi təhsil bazasında isə 9 ədəd Mil Mi-2 havadan dəstək məqsədli zirehli daşıma vertolyotu və 10 ədəd Yak-52 təhsil təyyarəsi mövcuddur.
Nəticədə Sovet İttifaqının dağılmasından sonra Balkanlardakı hakimiyyətini NATO-ABŞ-AB üçlüsünə təhvil verən Rusiya yeni bir siyasət ilə arxa bağçası olaraq gördüyü Orta Asiya və Qafqazda gücünü artırma yolunu izləyib. Xüsusilə, qlobal güclərin bölgəyə maraq duyması Rusiyanı hər daim narahat edir və hərbi gücünün artırılmasına çalışıb. Moskva İrəvan üzərində ciddi təzyiq planı hazırlamaqdadır.
NATO kimi qərb quruluşlara istiqamətlənən Gürcüstana nələr olduğunu xatırlamaq kifayətdir. Qara dənizə çıxışı baxımından əlindəki fürsəti itirmək istəməyən Rusiya Gürcüstanın separatçı bölgələrinə daim dəstək vermiş və sərhəd təhlükəsizliyini təmin etmişdir. Belə ki əslində Ermənistan sərhədinə yerləşdirilən əsgərlərin də məqsədi NATO-nun Qafqaz siyasətinin tətbiqini məhdudlaşdırmaqdır".
Ayyət Əhməd