Mühüm qanun qəbul olundu: Sənədi hamı bəyənir, gənc alimlər üçün geniş əhatəli güzəştlər nəzərdə tutulub
Dünən Milli Məclisdə "Elm haqqında” qanun layihəsi ilk dəfə müzakirəyə çıxarılıb. Layihə haqqında Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verərək deyib ki, elm sahəsinin inkişafı hər zaman müstəqil Azərbaycanın əsas prioritet istiqamətlərindən biridir: "Son 10 ildə ölkədə elmin inkişafı sahəsində bir sıra vacib addımlar atılıb.
Elm sahəsində öz həllini gözləyən problemlər az deyil. Problemlərin yaranma səbəbləri sırasında mükəmməl qanunvericiliyin olmaması əsas amildir. Ona görə də "Elm haqqında” qanun layihəsinin qabulu vacibdir. Burada elm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi məsələləri yer alıb. Cəmiyyət miqyasında qəbul olunmalıdır ki, elmsiz tərəqqi və yüksək rifah yoxdur”.
"Elmimiz qocalıb”
Komitə sədri həmçinin təəssüf hissi ilə qeyd edib ki, son bir neçə il ərzində bu sahədə ciddi addımlar atılmasına baxmayaraq, Azərbaycan elmində qocalma tendensiyaları artır: "Hətta bu göstərici təhlükəli həddə çatıb. Bu gün elmi-tədqiqat bölmələrində çalışan 50-dən yuxarı yaşı olan elmlər doktorlarının sayı 50-dən aşağı yaşı olanların sayından 5,8 dəfə çoxdur. 30 yaşına qədər olan elmlər doktorlarının sayı isə bütövlükdə elmlər doktorlarının cəmi 3, 8 faizini təşkil edir. Bu tendensiya fəlsəfə doktorları üçün də xarakterikdir. Belə ki, elmi-tədqiqat bölmələrində 50-dən yuxarı yaşı olan fəlsəfə doktorlarının sayı 50-dən aşağı olan insanlardan 2 dəfə çoxdur. 30 yaşına qədər olanlar isə cəmi 1,8 faiz təşkil edir. Göründüyü kimi, məsələ təsəvvür etdiyimizdən də mürəkkəb və təhlükəlidir”.
Komitə sədri vurğulayıb ki, istedadı və elmə marağı olan gənclərin bu sahəyə gəlməsi üçün müvafiq qanunvericilik bazası gücləndirilib: "Gənc alimlər üçün geniş əhatəli güzəştlər nəzərdə tutulub. Həmçinin, gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də qanun layihəsində öz əksini tapıb. Bundan başqa, hazırda yüksək ixtisaslı kadrların hazırlanmasında əsas problemlərdən biri də dövlət sifarişli doktorantların hazırlanmasına dövlət büdcəsindən vəsaitlərin ayrılmamasıdır. Qanun layihəsində mövcud problemin həlli istiqamətləri qeyd olunub”.
"Gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara ipoteka güzəştlərinin verilməsi nəzərdə tutulub”
Bundan sonra millət vəkilləri qanun layihəsi haqqında fikirlərini səsləndiriblər.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun qənaətincə, qanun layihəsi mükəmməl hazırlanıb və elm sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradan bir sənəd şəklinə gətirilib: "Gözlədiyim prinsipial məsələlərin, demək olar ki, hamısı layihədə yer alıb. Sənədin strukturu da onun günün tələblərinə cavab verməsini göstərir. Layihədə elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları təsbit olunub. Azərbaycan Milli Elmlər Akademiyasının əsas elmi müəssisə olması təsbit olunsa da, elm sahəsində ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı ciddi öhdəliklər qoyulur. Yəni, əvvəllər ali təhsil müəssisələrində yalnız təsərrüfat hesablı elmi-tədqiqat işləri yerinə yetirilirdisə, indi artıq bu iş tamamilə yüksək müstəviyə qaldırılır. Bu gün universitetlərin elmi potensialı böyükdür. Amma təəssüf ki, bundan çox az istifadə edilir. Çünki universitetin əsas fəaliyyət növü tədris sayılır. Lakin dünyada güclü tədqiqatçı bölümü olan universitet və institutlar reytinq cədvəlində ilk onluqdadır, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitet və institutların üzərinə düşür və biz bu təcrübədən mütləq faydalanmalıyıq”. Deputat deyib ki, qanunda elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin, imtiyazların verilməsi ilə əlaqədar konkret maddələrin olması müsbətdir: "Elmimizə yeni simaların cəlb olunması üçün qanunda gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial, o cümlədən ipoteka güzəştlərinin verilməsi nəzərdə tutulub”.
"Elmlər Akademiyası isə kommersiya qurumu deyil”
"Dünyada gedən proseslərlə bağlı yeni zərurətlər meydana gəlib. Dünyada akademiyalara qayıdışın müxtəlif formalarını müşahidə etmək olar”. Bu sözləri Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli səsləndirib. O bildirib ki, qanun layihəsində elm adamları üçün müsbət sayıla biləcək müddəalar çoxdur: "Amma bir sıra təklifimiz də var. Düzdü, qanun layihəsi elm və təhsilin inteqrasiyasına önəm verir, lakin boşluqlar da var. Bu qanun layihəsində Elmlər Akademiyasında magistratura təhsilinin keçirilməsi nəzərdə tutulmayıb. Bundan başqa, elmi sifarişlərin kommersiya üsulu ilə həyata keçirilməsi nəzərdə tutulur. Elmlər Akademiyası isə kommersiya qurumu deyil. Buna görə də təklif edirəm ki, dövlət büdcəsindən maliyyə ayrılması məsələsi də əlavə edilsin”.
Spiker deputatla razılaşmadı
Millət vəkili Zahid Oruc Azərbaycan alimlərinin sayına görə Ermənistandan çox geri qaldığını vurğulayıb. Onun fikrincə, bu qanun layihəsi Milli Təhlükəsizlik Konsepsiyası qədər əhəmiyyətli sənəddir: "Ona görə bu məsələyə çox ciddi yanaşmalıyıq. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının statusu haqqında məsələnin müzakirəsinin üzərində çox qalmağa ehtiyac yoxdur. Dünyada bunun çox təcrübəsi var”. Z.Oruc bildirib ki, Azərbaycanda alimlərin orta yaş
həddi 58-60 arasında dəyişir: "Alimlərimiz yaşlanır, ancaq onları əvəz edəcək kimsə qalmır. Azərbaycan Cənubi Qafqazda bütün parametrlərinə görə lider dövlətdir. Amma acı da olsa, bunu etiraf etməliyik, Azərbaycan bir məsələdə Ermənistandan geri qalır. Bu da alimlərin sayındadır. Azərbaycanda hər 100 min nəfərə görə düşən alimlərin sayı 1 faiz, Ermənistanda isə hər 100 min nəfərə görə 3,6 faiz təşkil edir”. Magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə də toxunan deputat qeyd edib ki, Azərbaycanda 5 min magistrin yalnız yarısı oğlanlardır.
Buna cavabında spiker Oqtay Əsədov bildirib ki, gender ayrı-seçkiliyi ilə bağlı müqayisə aparmaq doğru deyil: "Ermənistanı onun öz əhalisi qədər qoruyan xarici ölkə ordusunun hərbçisi var. Amma Azərbaycanı qoruyan bir nəfər belə xarici hərbçi yoxdur”.
Vitse-spikerdən deputata irad: "Danışarkən bir az diqqətli olun”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı belə qanun layihəsinin hazırlanmasına çoxdan ehtiyac duyulduğunu diqqətə çatdırıb: "Nəhayət ki, Azərbaycan elmi ölü nöqtədən inkişaf mərhələsinə qədəm qoyacaq. Ölkədə uzun illər elm haqqında qanunun olmaması və sovet elminin ənənələri qırıldığına görə, yeni elmi ənənələri qura biləcək qanunvericilik bazasının yaradılmaması faktiki olaraq bizim elm sahəsində ciddi problemlərin olmasından xəbər verir. Elm elə bir sahədir ki, cəmiyyətin özü bu sahəyə maraqlı olsun. Onu da qeyd edim ki, AMEA prezidenti Akif Əlizadənin oraya sədrliyə gətirilməsindən sonra nəzərə çarpacaq dərəcədə canlanma müşahidə olunur. Təbii ki, bununla kifayətlənmək olmaz. Buna görə də bu sahədə hələ bir çox islahatlar aparılmalıdır”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın Azərbaycan elminin ölü olması barədə səsləndirdiyi fikirləri ilə razılaşmayıb: "Sizin çıxışınızda səsləndirilən "qanunla elmimiz ölü nöqtədən çıxacaq” fikri çox ciddi ittihamdır. Xahiş edirəm ki, danışarkən bir az diqqətli olun. Bəli, uzun müddətdir elm sahəsi üzrə qanun olmayıb. Normativ hüquqi yaradıcılıq baza olmaması o demək deyil ki, elm yerində dayanıb və inkişaf etməyib. Əgər elm yoxdursa, o zaman siz necə və hansı diplom almısınız? Ona görə də xahiş edirəm ki, fikir bildirərkən bir az diqqətli olaq”.
"Elmin problemi ölkənin alimində deyil, onun maliyyəsindədir”
"Elmin problemi ölkənin alimində deyil, onun maliyyəsindədir”.
Bu fikirləri isə millət vəkili Əli Məsimli səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər güclü elm potensialı var: "Azərbaycan elmindəki mövcud problemləri aradan qaldırmaq üçün ilk növbədə alimin statusu və maaşını artırmaq lazımdır. Ən azından bununla da Sovet sistemindən qalma prinsipdən mütərəqqi üsullara keçmək mümkün olar. Həmçinin, özəl sektorun bu sahəyə marağını artırmaqla da problemin həllində müəyyən irəliləyişə nail olmaq olar”.
Ə.Məsimli onu da qeyd edib ki, alimlərin az miqdarda aldığı məvacibə baxanda onları sadəcə fədakar adlandırmaq olar: "Ona görə də təklif edirəm ki, alimlərin maaşı artırılsın. Digər təklifim isə alimlərin məzuniyyətə getdiyi zaman onlara maaşları qədər məvacibin verilməsidir”.
"Qanunun olması, qanunsuzluqdan yaxşıdır”
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov sözügedən qanun layihəsinin adının dəyişdirilməsini təklif edib. Deputat deyib ki, qanunun adı "Elm və təhsil haqqında” olsaydı, daha məqsədəuyğun idi: "Təhsilin ən yüksək nöqtəsi elmdir. Yəni təhsillə elm bir-birinin davamıdır. Ona görə də gələcəkdə qanunun adı və tərkibi qeyd etdiyim şəkildə dəyişdirilsə, daha çox xeyir verə bilər, nəinki hər sahə üçün ayrı-ayrılıqda qanun hazırlansa. Buna misal kimi Seçki Məcəlləsini göstərə bilərəm. Çünki məcəllədə hər bir seçki üçün ümumi və xüsusi müddəalar var. Yəni "Təhsil haqqında” və "Elm haqqında” qanunların ümumi müddəalarını birləşdirərək, xüsusi müddəalarda ayrı-ayrılıqda göstərməklə bu məsələni həll etmək olar. Ümumiyyətlə isə qanunun olması, qanunsuzluqdan yaxşıdır”. S.Novruzov bildirib ki, qanunda hərbi xidmətdən möhlət hüququ ilə bağlı müddəa qanunun konfidensiallığına uyğun gəlmir: "Bu müddəanın salınması ilə qanun başqa bir qanuna müdaxilə edir. Bu müddəa "Hərbi çağırışın əsasları haqqında” qanuna aiddir. Orada göstərilir ki, kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bu müddəa tamamilə başqa bir qanuna aiddir və hesab edirəm ki, ikinci oxunuşda buradan çıxarılmalıdır”.
Çoxdan gözlənilən qanun I oxunuşda qəbul olundu
Müzakirələrdən sonra "Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.
Qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Bu qanun həmçinin vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb.
Anar Bayramoğlu