Səidə Qocamanlı: “O cür ağır və qapalı şəraitdə Qobustanda saxlanması, onun xəstəliyinin ağırlaşmasına rəvac verə bilər”
Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan, 90-cı illərdə meydan hərəkatının qəhrəmanı kimi tanınan Nemət Pənahlının durumundan ailəsi narahatdır. Qobustan həbsxanasında cəza çəkən siyasətçiyə ailəsi ilə uzunmüddətli görüş verilib.
Üç gün cəzaçəkmə müəssisəsində qaldığını deyən məhbusun həyat yoldaşı Həcər Pənahlı Neməti heç yaxşı görmədiyini deyib: "Yarımcan olub, oranın şəraiti də bərbad gündədir, üstəlik, özüm də xəstələnmişəm. Nemətin səhhəti heç yaxşı deyil, şəkər xəstəliyi ona çox əziyyət verir. Həkimə müraciət etməyin mənası yoxdur. Gündəlik şəkər dərmanı qəbul edir, vəssalam. Onun səhhətinə saxlanma şəraiti təsir edir. Əfv sərəncamının ona şamil olunmayacağını əvvəlcədən bilirdi. Mənə də deyirdi ki, "gözləmə, məni əfvə salmayacaqlar”.
Hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, Nemət Pənahlının azadlığa çıxarılması ilə bağlı Əfv Komissiyasına müraciət olunub: "Nemət Pənahlının həbsdən azad olunması ilə bağlı biz hüquq müdafiəçiləri olaraq, lazımi işləri görürük. Onun əfvi ilə bağlı müraciətlərimiz də olub. İşçi qrupu tərəfindən onun durumu müzakirəyə də çaxırılıb. Yəqin ki, görülən işlərimiz tez bir zamanda öz faydasını verəcək və Nemət Pənahlının adı da növbəti əfv sərəncamlarının birində öz əksini tapacaq.
Məhkəmənin qərarı ilə 3 illiyə Qobustan həbsxanasına göndərilən Nemət Pənahlının yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmasının mümkün olduğunu deyən hüquq müdafiəçisi bu istiqamətdə lazımi addımları atacaqlarını da bildirib: "Nemət Pənahlını Qobustandan köçürmək mümkündür. Çünki onun həbs müddətini sona qədər Qobustanda keçirməsi ilə bağlı qərar yoxdur.
Məhkəmə onu cəzalandıraraq müəyyən müddətə ora göndərib. Onsuz da ki, cəzanın müddəti bitəndən sonra Nemət Pənahlını yenidən cəzaçəkmə müəssisəsinə qaytaracaqlar. Bizi daha çox narahat edən onun sağlıq durumudur. Nemət çox ağır şəkər xəstəsi olduğu üçün Qobustan həbsxanası onun üçün məsləhətli deyil. Çünki məhbusların orada hansı şəraitdə saxlanması heç kəs üçün sirr deyil. Orada saxlanma şəraiti çox ağırdır. Nemət kimi şəkər xəstəsinin isə o cür ağır və qapalı şəraitdə Qobustanda saxlanması onun xəstəliyinin ağırlaşmasına rəvac verə bilər. Bu da hüquq müdafiəçisi olaraq bizi narahat etdiyi üçün tezliklə Nemət Pənahlının əfvinə nail olmağa çalışırıq. Onun Qobustandan köçürülməsi isə Penitensiar Xidmətin qərarından asılıdır”.
Şəymən