Oqtay Əsədov televiziyalardan narazıdır

“Bu, həqiqətən də biabırçılıqdır. Cəmiyyətə lazım olmayan şeyləri reklam edirlər





Parlamentin yaz sessiyasının dünən keçirilən ilk iclasında bir sıra qanun layihələrinə əlavə və düzəlişlər müzakirə edilib. "Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkilləri maraqlı təkliflər səsləndiriblər. Millət vəkili Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarından narazılığını bildirib. Deputat vurğulayıb ki, bəzi hallarda yol polisləri hazırlıqsız, savadsızlıq nümayiş etdirirlər. O deyib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

"Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Ona görə də düşünürəm ki, polis işçilərini, xüsusən də yol polislərini işə götürəndə onlara təbliğat işi aparılmalıdır. Əvvəlcə vətəndaşlarla davranış qaydaları öyrədilməlidir. Mənə yol polisləri ilə bağlı çox gileylər olub. Hətta özümün də başıma gələn hadisələr olub ki, bunu deyəcəm. Məni də yolda saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, "bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Mən hər kəsdən üzr istəyirəm, amma maraqlıdır bu "dana” hardan gəlib? Bunları işə götürəndə mütləq təbliğat işi də aparılmalıdır. Aidiyyəti qurumlar işə götürdükləri zaman bunlara bir başa salsın ki, deputat, Prezident, Baş nazir kimdir. Hüquq, məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın”.

"Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatıyam”

E.İbrahimov üzünü Daxili İşlər Nazirliyinin nümayəndəsinə tutaraq əlavə edib: "Serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi harda başlayır, harda qurtarır? Prezident Aparatının nömrələri harda başlayır, harda qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimovdur. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, "keçin”. Əvəzində deyirlər ki, "məsələ araşdırılıb sizə deyiləcək”.

Bizim polislərdə mədəniyyət çatmır”. Millət vəkili bununla yanaşı, dövlət məmurlarının və həmkarlarının qanuna tabe olmasının vacibliyini vurğulayıb: "Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Söhbət vətəndaşla davranış qaydasından gedir. Başa salınsın ki insanlarla, xüsusən vəzifə sahibləri ilə küçədə qanunsuzluq edən insanlar kimi davranmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır. DYP əməkdaşları nəzakətli olmalı, qanuna uyğun davranmalıdırlar. Mən belə halların tezliklə aradan qaldırılmasını arzu edirəm”.

"...elə danışdın ki, məni lap ağlamaq tutdu”

Deputat Etibar Hüseynov isə polisin hüquq və səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib. Millət vəkili deyib ki, mətbuatda hər gün polisə qarşı zorakılıq, üstünə maşın sürmək, poqonunun sökülməsi halları ilə bağlı informasiyalar verilir. Amma polisə qarşı edilən bu cür hərəkət, dövlət məmuruna qarşı edilən hörmətsizlikdir:
"Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı, yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədəki polislər öz işlərini lazımi səviyyədə görürlər: "Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa, ölkədə vəziyyət necə olardı”.

"Məcəlləni yox, qanunları

yenidən çap etməliyik”

Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki, İnzibati Xətalar Məcəlləsi yenidən çap edilməlidir. Deputat bildirib ki, bu günə qədər məcəllədə 1000-dən çox dəyişiklik olub: "Bu da məhkəmə və hüquq-mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə, köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Bu baxımdan təklif edərdim ki, Milli Məclisin yaz sessiyası ərəfəsində İnzibati Xətalar Məcəlləsi yenidən nəşr edərək cəmiyyətə yeni formada təqdim edək”.
Spiker deputatın təklifinə cavab olaraq deyib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik verənlərin əksəriyyəti məhz hüquq-mühafizə orqanlarıdır: "Odur ki, bu məcəllənin yeni formada nəşrinə ehtiyac yoxdur. Məcəlləni yox, qanunları yenidən çap etməliyik”.
Müzakirələrdən sonra qanuna edilən dəyişiklik qəbul olunub.

"Reklamlar valideynləri, qəyyumları, tərbiyəçiləri və başqa şəxsləri uşaqların yanında nüfuzdan salmamalıdır”

Daha sonra millət vəkilləri "Reklam haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyi müzakirə ediblər. Dəyişikliyə əsasən bundan sonra Azərbaycan şirkətləri öz məhsullarını reklam edərkən yetkinlik yaşına çatmayanları nəzərə almalı olacaqlar. Qanunda həmçinin uşaqlarla bağlı bir sıra qadağalar nəzərdə tutulub. Belə ki, sənədə əsasən reklamlar valideynləri, qəyyumları, tərbiyəçiləri və başqa şəxsləri uşaqların yanında nüfuzdan salmamalıdır. Eləcə də, reklamlar uşaqlarda kobudluq, nifrət hissi, aqressivlik, zərərli vərdişlər aşılamamalıdır. Ən əsası, reklamlar elə olmalıdır ki, uşaqlar həmin məhsulu almağa valideynlərini məcbur etməsin. Yəni, elə fikir yaranmasın ki, reklam olunan məhsulu istənilən adamın maddi imkanı çatar.

Həmçinin reklamlar elə hazırlanmalıdır ki, ona baxan uşaqlar öz həyat və sağlamlıqları üçün təhlükəli hərəkətlər etməsinlər. Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanlara aid olmayan reklamın onlara göstərilməsi qadağandır. Eləcə də, uşaqların mobil telefonlarına belə reklamların göndərilməsi də qadağan olunub. Bundan başqa, bağça və məktəblərin yaxınlığında uşaqlara təsir göstərə bilən reklam lövhələri olmamalıdır.

Qanunun müzakirəsinə qoşulan spiker Oqtay Əsədov ölkədə fəaliyyət göstərən televiziyalardan narazılığını ifadə edib. Milli Məclis sədri televiziyalarda sosial reklamların yox səviyyəsində olduğunu bildirib: "Bu, həqiqətən də biabırçılıqdır. Bilmirəm, ya bunu sifariş verən təşkilatlar yoxdur, ya da ki televiziyalar üçün maraqlı deyil. Əvəzində cəmiyyətə lazım olmayan şeyləri reklam edirlər. Hesab edirəm ki, sosial reklamlara normal səviyyədə yer verilməlidir”.

Anar Bayramoğlu