Parkinq aparatlarına qəsdən taxta salınır

Vaqif Əsədov: “Bəlkə aparata taxtanı salanlar azyaşlı uşaqlardı?”
Ərşad Hüseynov: “Ödəniş etmədən dayanmaya görə heç bir sürücü cərimələnə bilməz”

Bakı sakini Rüfət Qurbanov Bakıdakı parkinq aparatlarına qəsdən taxta salındığını bildirib. Onun sözlərinə görə, aparatların ödəmə hissəsində taxtalar var. Buna görə də ödəniş etmək mümkün olmur və yol polisləri gəlib avtomobilləri cərimələyirlər.

"Artıq neçə gündür qarşılaşdığım bir problemdir. İnsanlar əziyyət çəkirlər. Deməli, parkinq aparatına qəsdən taxta salıblar ki, qəpik atmaq mümkün olmasın. Nəticədə də polislər "çeksiz” maşınların şəkillərini çəkib cərimələyir, protokol qoyub gedirlər. Rəşid Behbudov - Şamil Əzizbəyli 148 ünvanındakı iki aparatın ikisi də belədir”.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov "Şərq”ə danışıb. O bildirib ki, aparatlara nəzarət üçün müvafiq qurumlar var. Məhz bu qurumlar bilavasitə fəaliyyətləri ilə rəhbərlik qarşısında hesabat verirlər: 

"Yadımdadır ki, ölkəyə ikimərtəbəli yeni vaqon gətirmişdilər. Yollarda azyaşlı uşaqlar onlara daş atıb şüşələrini sındırırdı. Təbii ki, o uşaqlar və valideynləri aşkarlandı, məsuliyyətə cəlb olundu. Bəlkə aparata taxtanı salanlar azyaşlı uşaqlardı? Bu o demək deyil ki, kimsə həmin taxtanı qəsdlə salıb”.
Aparatlara taxtanı kimlərin saldığı sual altında olsa da, əsas məsələ əbəs yerə cərimələnən sürücülərin aqibətidir. 

"Digesta” hüquq firmasının direktrou, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, ödəniş etmədən dayanmaya görə heç bir sürücü cərimələnə bilməz. Onun sözlərinə görə, hər bir parklanmaya nəzarət olunmalı və aparatlar saz vəziyyətə gətirilməlidir: 

"Söhbət ödənişi ödəyə bilməməkdən gedir. Parklanma yerlərinin hansısa sahibi olur. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində xüsusi təyinatlı avtonəqliyyat idarəsi var. Onlar nəzarət etməlidir və mövcud problem aradan qaldırılmalıdır”.

Yeganə Bayramova