Parlamentdə Lamiyə Quliyeva hadisəsi gündəmə gəldi

Deputatlar deyib ki, Penitensiar Xidmətin fəaliyyətinə ciddi kölgə düşüb



Ötən gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Parlamentin sədri Oqtay Əsədov bildirib ki, Milli Məclis Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu olması üçün öz öhdəliyinə düşən qanunvericilik prosesini layiqincə yerinə yetirir: "Bilirsiniz ki, bu çağırış parlamentin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz gərgin olacaq. Bu sessiyada hökumətin hesabatı dinləniləcək, büdcənin icrası haqqında qanun layihəsinə baxılacaq, həmçinin ombudsmanın hesabatı dinləniləcək”.
Bundan sonra iclasın gündəliyinə daxil olan məsələlərin müzəkirəsi keçirilib.
Deputat Zahid Oruc təklif edib ki, Tarif Şurasının statusu qanunla müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır.
Zahid Oruc yanvarın 12-də Tarif Şurasının benzin və dizel yanacağının qiymətini qanunsuz olaraq qaldırması məsələsini xatırladaraq, bu hadisədən sonra bir sıra sualların açıq qaldığını bildirib: "Digər sahədə qiymətlərdə nisbi dəyişikliklər baş verdi. O addım əsassız olaraq niyə atılmalı idi ki? Haqlı olaraq belə suallar qaldırılır. Şuranın statusu nədir, onlar iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi prinsipinə nə dərəcədə əməl edirlər? Sübut olundu ki, Tarif Şurası Aİ 92 və Aİ 95 qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edib”. Zahid Oruc hesab edir ki, bu hadisədən sonra qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin siyahısına yendən baxılmasına ehtiyac var.

"Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər?”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə qondarma erməni soyqırımından, bu "soyqırım”ın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qarşı Azərbaycan xalqının reaksiyasının yetərincə olmamasından danışıb. Deputat qeyd edib ki, bu məsələ təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönələn hadisədir: "Ona görə də bu yalanın sındırılması Azərbaycanın da xeyrinədir. Bu yaxınlarda Fransa prezidenti Fransua Olland bəyan edib ki, aprelin 24-də saxta soyqırım ilə bağlı Yerevana səfər edəcək və erməni xalqına həmrəyliyini nümayiş etdirəcək. Qarşıdan Xocalı soyqırımının 23-cü illiyi gəlir. Bəlkə biz də bu gündən başlayaraq təbliğat işlərinə başlayaq. Olland da daxil olmaqla, digər ermənipərəst, bu kimi hallara həssas yanaşan deputatlara, siyasətçilərə müraciət ünvanlayıb onları Bakıya dəvət edək. Bununla da onlar tarixdən soyqırımı axtarmaq əvəzində, sivil dünyada baş verən gerçək soyqırımlarını görə bilərlər”.

Spiker isə deputatın təklifinə cavab olaraq deyib ki, heç kim faciələrimizlə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmağa mane olmur: "Xocalı soyqırımı haqqında biz də öz sözümüzü deyirik, mətbuat da yazır. Bu yaxınlarda İstanbulda İslam Ölkələri Parlament sədrlərinin konfransında bu məsələ qaldırıldı. Demək olmaz ki, bu istiqamətdə iş aparılmır. Biz bütün beynəlxalq tədbirlərdə soyqırımla bağlı məsələni qaldırırıq. Ancaq dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar həqiqətən bütün məsələlərə birtərəfli baxırlar. Beynəlxalq təşkilatların nümayəndələri Ermənistana gedir. Əmin ola bilərsiniz ki, onlar Azərbaycana gəlməyəcək. Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər? Biz özümüz öz məsələmizi həll etməliyik. Heç bir beynəlxalq təşkilat Azərbaycan məsələlərinə biganəlikdən əl çəkməyəcək. Mən buna əmin olmuşam”.

"Minsk Qrupunun tərkibi dəyişdirilməlidir”

"20 ildir ki, ATƏT-in Minsk Qrupunun tərkibi dəyişmir. Halbuki, bu tərkibdə qrup heç bir məsələnin həllinə nail ola bilməz”. Bu fikirləri isə millət vəkili Azay Quliyev səsləndirib. Deputat qeyd edib ki, Azərbaycan tərəfi rəsmi şəkildə ATƏT-in Minsk Qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi məsələsini qaldırmalıdır:
"Artıq bunun vaxtı çatıb. Almaniyanın bu qrupa gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr - ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm”. A.Quliyev həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını qeyd edərək bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırıb: "100 min imza lazımdır və ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik”.

"Avropa Oyunları yaxınlaşdıqca, bu cür insanlar fəallaşacaq”

"Ümid” Partiyasının sədri, deputat İqbal Ağazadə 2 Fevral Gənclər Günündən danışaraq deyib ki, hazırda bir neçə gənc həbsxanadadır: "Bu il Bakıda Avropa Oyunları keçiriləcək. Eyni zamanda payızda növbəti parlament seçkiləridir. Hesab edirəm ki, həbsdə olan gənc insanların, siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması vacibdir. Bununla Azərbaycan Qərbin tənqid obyektinə çevrilirsə, onların həbsdə saxlanmasının mənası yoxdur. Bakıda böyük tədbirlərin keçirilməsi insanları ruhlandırır. Yaxşı olar ki, həbsdəkilər də azadlığa çıxıb bu ruh yüksəkliyini yaşasınlar”.

Milli Məclisin sədri O.Əsədov deputatın cavabını verərək bildirib ki, bəzi qüvvələr Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinin qarşısını almağa cəhd edirlər: "İqbal müəllim, düz dediz ki, Avropanın möhtəşəm turniri ilk dəfə Bakıda baş tutacaq. Bundan insanlar ruh, zövq aldığı təqdirdə, bəzi qüvvələr var ki, qıcıqlanır və buna qarşı tədbirlər aparırlar”. Həmin qüvvələrin adını açıqlamayan spiker qeyd edib ki, Avropa Oyunları yaxınlaşdıqca, bu cür insanlar fəallaşacaq.

"Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir”

"Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı da yüksək qiymətləndirib”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır: "Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif fikirlər deyirlər, primitiv formada şərh verirlər. Məlum olduğu kimi, məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsi, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Bu məsələlərə qarayaxma edirlər. Avropa Oyunları yaxınlaşdıqca, böhtanların sayı artmaqdadır. Azərbaycan öz haqq yolundadır. Bu yolu davam etdirmək lazımdır”.

"Rəsulzadənin abidəsinin başına çuval keçiriblər”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Sabir Rüstəmxanlı isə iki məsələ ilə bağlı narahatlığını dilə gətirib. Bu ilin "kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan deputat bildirib ki, bir sıra rayonlarda idarələri birləşdirib regional idarə yaradırlar: "Əgər rayonlar üzrə regionlaşma aparılmayıbsa, necə regional idarə yaradıla bilər? Məncə, bu məsələyə baxmaq lazımdır. İkincisi, bizim ofisimiz Ağ Şəhərdədir. Burada Paris evləri tikilir. Bütün evlərin üzünə qara keramit vururlar. Yuxarıdan baxanda qara şəhərə oxşayır. Məncə, bu məsələyə də baxılmalıdır”.

Millət vəkili onu da deyib ki, ona xəbər veriblər ki, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin heykəlinə hörmətsizlik edilib: "Mənə zəng edib Gəncədən olan vətəndaşlar dedilər ki, artıq 3 ildir, şəhərdə hansısa qurumlar Rəsulzadənin abidəsinin başına çuval keçirib, təmir işi aparırlar. Son zamanlar biz görürük ki, xarici ölkələrdə əsgərlərin başına çuval keçirirlər. Rəsulzadə bu dövlətin qurucusu, quruculardan biridir. Ona qarşı belə münasibət olmamalıdır. Bu dövləti quran şəxslərdən birinə qarşı belə hörmətsizlik olar?! Mən xahiş edirəm ki, parlament rəhbərliyi tərəfindən bu araşdırılsın, lazımi qiymət verilsin”.

Tikinti şirkətlərinin fırıldağının qarşısı alına bilər

İnsan Haqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik təklif edib. Deputat bildirib ki, hazırda minlərlə insan Mənzil Tikinti Kooperativlərinin (MTK) fırıldaqçı əməllərindən əziyyət çəkir: "Tikinti şirkətləri hələ tikib bitirmədikləri mənzilləri eyni zamanda bir neçə adama satırlar. Bu məsələlərlə bağlı cinayət işləri qaldırılsa da, əhalinin problemi həll olunmur. Mən bunun hüquqi yolla həlli istiqamətində araşdırma apardım. Hesab edirəm ki, qanuna dəyişiklikdən sonra hətta tikintisi başa çatmamış əmlakı belə qeydiyyatdan keçirmək mümkün olacaq. Yəni MTK rəhbəri həmin mənzili digər adama satmaq istəsə, artıq bu əmlakın başqa adam tərəfindən qeydiyyata salındığı bəlli olacaq. Bir çox ölkələrdə belə qanun qüvvədədir. Bir-iki maddənin çıxarılması ilə bu qanun işləyə bilər”.

Deputat həmçinin Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə bağlı fikir bildirib: "Bu gün gənclərimiz soyuq silah gəzdirib bir-birlərinin başını kəsirlər. Ancaq sözügedən maddənin 4-cü bəndində soyuq silahla bağlı xüsusi qadağa var. Hesab edirəm ki, bu maddəyə yenidən baxmaq və qanuna daha sərt dəyişiklik etmək lazımdır”.
Spiker millət vəkilinin bu fikirlərinə münasibət bildirib: "Siz aidiyyəti komitədə təmsil olunursuz. Bu təkliflərinizi komitədə müzəkirə edib, məsələni təklif edin gündəliyə. Qarşınızı kimsə almır ki”.

"Bu məsələyə aydınlıq gətirilməlidir”

Dünənki iclasda həmçinin Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham olunaraq azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın son günlər mətbuatda davamlı işıqlandırılan olayı ilə bağlı məsələ qaldırılıb. Deputat Zahid Oruc bildirib ki, sözügedən məsələ ictimaiyyətin və medianın əsas müzakirə mövzusuna çevrilib: "O məhbus qadının həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır. Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır. Buna birdəfəlik hüquqi qiymət verilməlidir. Nəzərə alaq ki, bu məsələ dövlətə xəyanətdə ittiham olunan bəzi QHT rəhbərlərinin həbsi ərəfəsində gündəmə gətirilib. Bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır. Bu qadının ətrafında baş verən məhkəmə qərarı olayları kompleks olaraq bizim ədliyyə sisteminə ləkə gətirir”.

"... nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib”

Millət vəkili İqbal Ağazadə isə qeyd edib ki, bütün hallarda həbsxanada cinayət baş verib və bir qadının üzərində qaranlıq oyun getdiyi ortadadır: "Penitensiar Xidmətlə bağlı qanunvericiliyə əsasən rəsmi nikahı olmayan istənilən məhkum içəridə yaxın münasibətdə ola bilməz. Artıq burada nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib. O qadının dilindən hələ bir müraciət də yayırlar. İndi bir ana və körpənin üzərində oyun gedir. Üstəlik, o qadının cəzası hansısa nəzarətçiyə qarşı kobudluq etməsi faktına görə 6 il uzadılıb. Bu, nə dərəcədə ədalətli məhkəmə qərarıdır? Mən xahiş edirəm ki, Milli Məclis, xüsusilə qadın həmkarlarım o qadının hüquqlarının müdafiəsi istiqamətində fəal olsunlar və müvafiq qurumlar bu oyunun qarşısını alsın. Bütün hallarda bu məsələyə aydınlıq gətirilməlidir”.

Milli Məclisin sədr müavini Bahar Muradova Z.Orucun fikirlərinə şərik çıxdığını vurğulayıb: "On il əvvəl olmuş məsələnin indi bu şəkildə gündəmə gəlməsi Azərbaycanın məhkəmə sistemi ilə bağlı arzuolunmaz fikir yaratmaq istəyidir. Bu baxımdan məsələ araşdırılmalı, kim günahkardırsa, haqqında qərar verilməlidir. Çünki Azərbaycan məhkəməsi obyektiv və ədalətlidir. Ona ləkə gətirmək olmaz”.

Anar Bayramoğlu