"Paşinyan həqiqətən də humanist, demokratdırsa, o, bunu sübut etməli və Ermənistanda girovluqda, əsirlikdə olan insanları dərhal azad etməlidir. Çünki demokratiyada insanın söz və fikir azadlığı kimi, insan həyatı da toxunulmazdır, müqəddəsdir. Bu, həm də Paşinyan üçün dünyada öz müsbət imicinin formalaşması üçün yaxşı fürsət olardı. Əsl demokratik düşüncəli şəxs milliyyətindən, dinindən asılı olamayaraq günahsız insanların azad olması uğrunda mübarizə aparmalıdır”.
Bu sözləri Sherg.az açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Politoloqun sözlərinə görə, bu gün Paşinyan Köçəryan, Xaçaturov, Manvel Qriqoryan və başqa müharibə canilərini cəzalandırırsa, onları təkcə Ermənistanda dinc etirazçılara atəş açdıqları üçün yox, həm də günahsız dinc azərbaycanlı əhalini öldürdükləri, əsir götürdükləri üçün mühakimə etməlidir:
"O zaman Paşinyan onlardan qisas alan siyasətçi kimi yox, humanist və demokrat bir baş nazir kimi tərəqqipərvər bəşəriyyətin gözündə yaxşı imic qazana bilər.
Bununla bərabərq, dərhal, qeyd-şərtsiz, hamının-hamıya prinsipi əsasında əsirlər və girovlar dəyişdirilməlidir. Düşünürəm ki, bu məsələnin şəxsən prezident İlham Əliyev tərəfindən Paşinyana bildirilməsi çox təqdirəlayiq, gözəl addımdır. Bu onu göstərir ki, İlham Əliyev özünün dediyi kimi hər bir azərbaycanlının prezidentidir, o cümlədən darda qalan vətəndaşlarımızın. Lakin bu məsələdə ictimai təşkilatlar da fəal olmalı, beynəlxalq humanitar insan haqları təşkilatları ilə iş aparmalıdırlar. Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası prezidentin təşəbbüsünə dəstək məqsədilə öz fəaliyyətini gücləndirməlidir.
Bunlardan başqa, din xadimləri də erməni din xadimləri ilə bu məsələni müzakirə etməli, əsirlikdə olan zavallı insanların vətənə geri qaytarılması üçün çalışmalıdırlar”.
N. Məmmədova deyib ki, o insanların bir qismi torpaqlarımız uğrunda vuruşan zaman, digərləri isə mülki əhali qismində əsir və girov götürülüblər. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı Ermənistana təzyiqlərini artırmalı, ondan dərhal sağ qalmış minlərlə azərabaycanlı qadın, uşaq, qocaları azad etmək tələb olunmalıdır:
"Beynəlxalq Atom Enerjisi Təşkilatı nüvə silahı, yaxud digər kütləvi qırğın silahı düzəltməkdə şübhəli bildiyi ölkədə istədiyi yerə baş çəkə bilir. İran kimi böyük dövlətin hər künc-bucağına ildə bir neçə dəfə baş çəkilirdi və s.
Lakin insan həyatı daha önəmlidir, üstündür, müqəddəsdir. Nə üçün kiçk bir Ermənistanda, yaxud Dağlıq Qarabağda əsirləri tapmaq müşkül bir işə çevrilib?!
Bu işlə məşğul olan Qırmızı Xaç Cəmiyyəti fəaliyyətini bu istiqamətlərə yönəltməlidir. Qəribədir ki, Köçəryan, Sarkisyan, Qriqoryan və başqa cinayətkarlar öyünərək azərbaycanlıları öldürdüklərini, əsirlərimizi öz evlərində, yaxud ağır zəhmət tələb edilən işlərdə qul kimi işlətdiklərini deyiblər. Bəs o insanların azad olunması üçün niyə iş görülmür?!
İlham Əliyev vaxtilə ermənilərin ömürlük həbs etdirdikləri Ramil Səfərovu vətənə gətirdi və sübut etdi ki, o, hər bir vətəndaşını düşünür. Ermənilərin bütün səyləri nəticəsiz qaldı. Lakin prezident təkdir, ona bu işdə dediyim kimi müvafiq dövlət təşkilatları, ruhanilər, qeyri-hökumət təşkilatları dəstək verməlidir.
Bu məqsədlə Ermənistana gediş-gəlişi olan İran, Rusiya, Gürcüstan, Orta Asiya və s. ölkə vətəndaşlarından mümkün olduğu qədər məlumat toplanmalıdır. Habelə, əsirlərimiz barədə məlumatı olan ermənilərdən onların saxlandığı yerlər barədə soraqlaşmaq imkanı olan digər şəxslərdən istifadə edilməlidir. Bu sahədə ardıcıl, məqsədyönlü iş aparılmalıdır”.
"Biz burada rahat, əmin-amanlıq içərisində yaşadığımız bir zamanda o insanlar gözü yolda bizdən kömək gözləyirlər. Biz 10 milyon insan onları xilas edə bilmiriksə, demək öz gücsüzlüyümüzü də etiraf etmiş oluruq. Bir ovuc erməni gəlib Azərbaycanın ortasından bizim insanları aparıb Ermənistanda qul kimi işlədirsə, bu, doğurdan bizim faciəmizdir. Həmin əsirlərin yerində bizim hər birimiz ola bilərdik. Canı canımızdan, qanı qanımızdan olan o insanlara köməklik etmək, onları vəhşi ermənilərin cəngindən xilas etmək hər birimizin insanlıq borcumuzdur. Ermənistan sülh istəyirsə, ilk növbədə əsirləri azad etməlidir. Bu, beynəlxalq humanitar hüququn tələbidir. Əks halda nə Paşinyanın demokratiyadan dəm vurmaq haqqı yoxdur, nə də Ermənistanın sivilizasiyalı dünyada yeri yoxdur” –deyə, politoloq əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbət edib. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. ATƏT Parlament Assambleyasının dekabrın 5-də Milanda keçirilən Büro iclası zamanı PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.
Hansı ki, Ermənistan tərəfi hər zaman əsir və girovların dəyişdirilməsi məsələsində qeyri-konstruktiv mövqe tutub. Paşinyan erməni cəmiyyətinin etirazlarına laqeyd yanaşmaqla, təklif olunan "hamının hamıya” prinsipi ilə əsir və girovların qaytarılmasının mümkünsüzlüyünü dilə gətirib.
Şəymən