Paşinyanla Saakyan arasında gərginlik səngimir

Ermənistanın yeni hökuməti ilə Qarabağ separatçıları arasında qarşıdurma daha da güclənəcək



"Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi və daha sonra 9 dekabr seçkilərini "qalib” olaraq başa vurması, "Qarabağ klanı”nın mövqeyinin zəifləməsindən xəbər verir”. Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Ekspert bildirib ki, son seçkilərdə köhnə iqtidarın parlamentdən kənarda qalması klanın zəiflədiyinin bariz nümunəsidir: "Paşinyan inqilab yolu ilə hakimiyyətə gəldikdən sonra erməni KİV-də qondarma rejimin başçısı Bako Saakyanın və oradakı bəzi quldurların eynilə Ermənistanda olduğu kimi inqilab və ya növbədənkənar seçkilərin keçirilməsi yolu ilə göndərilməsini nəzərdə tutan yazılar dərc olunmağa başladı. İlk vaxtlar Paşinyan və Bako Saakyan tez-tez görüşüb müzakirələr aparsalar da, Saakyanı və onun klanını narahat edən amillər heç zaman ortadan qalxmadı. 

Məhz bu səbəbdən seçkilərə az qalmış Saakyan ATƏT-in həmsədr ölkələrinə səfərlər təşkil edərək həm maliyyə dəstəyi, həm də qondarma rejimin tanınmasına nail olmağa çalışırdı. Digər tərəfdən "Qarabağ klanı”nın tapşırıqlarını erməni lobbilərinə çatdırdığını da qeyd edə bilərik. Əsasən, seçki öncəsi Paşinyana qarşı maliyyə dəstəyinin erməni lobbisindən və onların təyziqi ilə Qərbdən kəsilməsi kimi amillər də ola bilər. 

Beləcə, Paşinyanla Saakyan arasındakı biri-birlərinə olan nifrət hissi özünü büruzə verdi. Son bir neçə gündür erməni mətbuatında çıxan xəbərlərə əsasən deyə bilərik ki, artıq Ermənistanda Saakyanın rejimin sabiq "baş naziri" Arayik Harutyunyanla əvəzlənməsi müzakirə olunur. Arayik Harutyunyan Rusiyanın Moskva şəhərindədir. 

Böyük ehtimal, bu məsələni müzakirə etmək və dəstək almaq üçün erməni lobbisinin nümayəndələri ilə görüşlər təşkil edir. Deməli, yeni formalaşacaq qondarma rejimin tərkibinin müəyyənləşməsində Moskvada fəaliyyət göstərən erməni lobbisinin əli olacağını ifadə etmək olar. Bununla da belə qənaətə gələ bilərik ki, heç də Rusiya Ermənistandakı proseslərə qıraqdan müşahidəçi qismində çıxış etmir”.

Politoloqa görə, digər mühüm amil Ermənistanın Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsinin "rəhbəri" general-leytenant Levon Mnatsakanyanın tutduğu vəzifədən uzaqlaşdırılmasıdır:

"Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşmələrin tərkibində əsgərlərə qarşı zorakılıq, təcavüzkarlıq, intihar hallarının artması, qanunsuz hərbi birləşmələrin tərkibində hərbi qulluqçuların özbaşınalığı və digər amillər artıq Levon Mnatsakanyanın tutduğu vəzifədən göndəriləcəyinə dair erməni mətbuatında xəbərlər yayılmağa başlamışdı. 

Erməni KİV-lərində çıxan xəbərlərə istinadən əsas namizəd qanunsuz hərbi birləşmənin "baş qərargah rəisi" general-mayor Karen Abrahamyandır. O, Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının keçmiş komandanı Armen Abrahamyanın qardaşıdır. "Hraparak” qəzeti qeyd edir ki, "artıq o, Müdafiə Ordusu binasının zabitləri ilə görüşüb”. Serj Sarkisyanın Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmələrin "rəhbərləri" və komandirləri üzərində böyük təsirinin olması Paşinyanı vadar edir ki, onları tutduqları vəzifədən uzaqlaşdırsın. 

Çünki Paşinyan Sarkisyanın göstərişi ilə ona qarşı təxribat xarakterli addımların ola biləcəyini düşünür. İlk ağla gələn addım isə cəbhədə vəziyyətin gərginləşdirilməsi məsələsidir. Bir sözlə, Paşinyan qondarma rejimə nəzarət edə bilmək və öz istədiyi kimi idarə etmək üçün öz adamlarını yerləşdirməyə başlayıb. Bu baxımdan əsas iki yerdən, qondarma rejimin başçısı vəzifəsindən və qanunsuz hərbi hissə biləşmələri rəhbərindən başladığını ifadə edə bilərik. Bununla da Paşinyan gələcəkdə qondarma rejim tərəfindən özünə qarşı çevriliş cəhdlərnin qarşısını almış olacaq”.

İsmayıl