"Peşə məktəblərində xırdaçılıq və sistemsizlik hökm sürür"- EKSPERT




"Peşə-ixtisas təhsili müəssisələrinin birləşdirilməsi yaxşı nəticə verəcək".

BunuSherg.az-a Azərbaycanda bəzi peşə təhsili müəssisələrinin birləşdirilməsi haqqında danışarkən, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib. 

Onun sözlərinə görə, bu məsələ artıq neçə ildir ki, müzakirə olunur: 

"Peşə məktəbləri rayonlarda və paytaxtda əlaqəli şəkildə fəaliyyət göstərib. Hazırda isə bir qədər xırdaçılıq hökm sürür və sistemsiz formada təşkil edilib. Azərbaycanda iqtisadi inkişaf strategiyası gündəmdə olduğundan, müxtəlif bölgələrə uyğun ixtisaslı kadrların yetişdirilməsinə daha çox xidmət edilməlidir. Regionların inkişafında yüksək ixtisaslı ali təhsilli şəxslərlə yanaşı, çevik, bir qədər aşağı xidmət sahəsində çalışan kadrlara da ehtiyac yaranır. İndiki zamanda bütün xidmət sahələrində hər kəsin müasir tələblərə cavab verən texnologiyaya bələd olması zəruridir. Buna görə, peşə məktəblərinin birləşdirilməsi vacib amildir.

Mərkəzləşdirilmə aparılan zaman bu daha səmərəli effekt verəcək. Məsələn, Cənub regionunda subtropik bitkilərin yetişdirilməsi, onunla bağlı olan sahələr daha çox inkişaf etdirilməlidir. Digər zonalarda da, həmçinin, uyğun sahələrə diqqət artırılmalıdır. Bu səbəbdən müxtəlif bölgələrdə olan peşə ixtisas məktəbləri mərkəzləşdirilib, həmin zonada onun inkişafına potensial dəstək göstərməlidir. Düşünürəm ki, layihələr həyata keçirildikcə, şirkətlər, ayrı-ayrı şəxslər də bundan istifadə edərsə, iqtisadi inkişafa müsbət təsir göstərə bilər”.

Qeyd edək ki, Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq, Azərbaycanda bəzi peşə təhsili müəssisələri birləşdirilməsi nəzərdə tutulur.

Aysel Aslan