İndiki situasiyada cəbhə xətti ərazilərdə patrul dəstələrinin formalaşdırılmasına doğrudan da ehtiyac var
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən hərbi sirrə nəzarət gücləndiriləcək, "Hərbi vəziyyət haqqında” qanun dəyişir, cəbhə boyu patrul dəstələri yaradılacaq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görüləcək.
Prezidentin sərəncamının təqdirəlayiq olduğunu deyən hərbi ekspert Azad İsazadə hesab edir ki, indiki situasiyada cəbhə xətti ərazilərdə patrul dəstələrinin formalaşdırılmasına doğrudan da ehtiyac var.
"Cəbhə zonasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Çox uzağa getmirəm, elə bu yay ərzində bir neçə dəfə ermənilərin sərhədi keçməsinin şahidi olduq. Cəbhədə yaxalanan erməni diversantını da, kəndə girən çobanı da məhz yerli əhali tutub, hərbi hissəyə təhvil vermişdi. Bütün bunlar isə göstərir ki, cəbhə xəttində könüllü patrul dəstələrinin köməyinə ehtiyac var. Amma bu dəstək kor-təbii də olmamalıdır. İki diversant yerli əhali tərəfindən yaxalanıbsa, sərhədi 10 diversantın keçməsi istisna deyil. Ola bilsin ki, onların gəlişindən heç kim xəbərdar olmayıb, işlərini görüb qayıdıblar. Prezidentin sərəncamı da məhz bu problemin aradan qaldırılmasına hesablanıb. Əslində cəbhəyanı ərazilərdə yerli sakinlərdən ibarət patrul dəstələrinin formalaşdırılması müsbət haldır. Çünki kənd sakinləri bir-birini yaxşı tanıyır və kənddə nabələd adam görən kimi şübhələnirlər. Ola bilsin ki, səhv eləsinlər. İstisna deyil ki, hansısa kəndə yaxınlarını, dostlarını ziyarətə gedən insanlardan, yaxud da jurnalistlərdən şübhələnib, hərbi hissəyə xəbər göndərsinlər. Burada isə ciddi problem yoxdu. Uzaqbaşı, həmin adamın sənədlərini yoxlayıb, buraxacaqlar. Xatırladım ki, sərhədyanı bölgə olduğu üçün sovet vaxtında Lənkəran-Astara zonasında patrula oxşar dəstələr fəaliyyət göstərirdi. Yəni həmin ərazilər bağlı zona idi. Sərhədçilərin yerli sakin olan köməkçiləri vardı. Rayona girən adamın sənədləri düz olmadıqda həmin adamı saxlayıb, ifadəsini alırdılar”.
Ekspertin sözlərinə görə, yaradılacağı təqdirdə həmin patrul dəstələri ilə çox ciddi işləmək lazımdır: "Heç bir könüllü patrulun şübhələndiyi şəxsə güc tətbiq etmək səlahiyyəti olmamalıdır. Çünki onun yanılması istisna deyil. Odur ki, patrul olacaq yerli sakinlərə hərbiçilər təlim keçməlidir. Nəzərə almalıyıq ki, sərhədi keçən erməni diversantı peşəkardır və o, silahlı da ola bilər. İstənilən halda mülki əhalinin onunla bacarması mümkünsüzdür. Ona görə də, güc tətbiq edərək onu saxlamaqdansa, patrulun funksiyası məlumatı hərbi hissə komandanlığına vaxtında çatdırmaqdan ibarət olmalıdır. Unutmayaq ki, sərhədi pozanları saxlayıb, zərərsizləşdirmək hərbiçilərin işidir. Ov tüfəngi ilə, avtomatla gələn düşmənin qabağını kəsmək təhlükəlidir”.
Şəymən